“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik ediləcəyi barədə xəbərlər və bu ətrafda müzakirələr səngiyib. Əslində, 2008-ci il prezident seçkilərindən sonrakı fəal müzakirələr parlamentin bu məsələni tezliklə həll edəcəyini göstərirdi. Amma kifayət qədər zaman keçsə də, hələlik bu istiqamətdə heç bir hərəkət yoxdur. Qanuna ediləcək mühüm dəyişikliklərdən biri də siyasi partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasıdır.
Bu dəyişikliyin tərəfdarı olanlar hesab edirlər ki, partiyaların büdcədən maliyyələşməsi hazırkı siyasi mühitdə mövcud olan bir çox problemləri həll edəcək. Məsələn, siyasi qurumlar ayrı-ayrı beynəlxalq təşkilatlardan, iş adamlarından, yaxud, ən pis halda qaranlıq mənbələrin dəstəyindən asılı qalmazlar. Bu o deməkdir ki, həmin beynəlxalq təşkilatlar, iş adamları, yaxud hansısa maraqlı dairələr öz istəklərinə cəmiyyət içində dayaq tapa bilməyəcəklər.
Başqa tərəfdən, dövlətin maliyyələşdirdiyi siyasi fəaliyyət qanunlara daha dəqiq əməl olunmasına, partiya funksionerlərinin və siyasi liderlərin təşkilatlanma işinə daha sərbəst yanaşmasına imkan yaradar və işə sağlam marağı artırar. Bunlar hamısı yaxşı arzulardır, amma bu arzuların həyata keçməsi üçün ortada ciddi miqdar olmalıdır. Bəs bu işə maliyyə hansı meyarlar əsasında ayrılacaq?
Müzakirə tərəflərindən biri hesab edir ki, maliyyə dövlət qeydiyyatı olan partiyaların hamısına ayrılmalıdır. Başqa bir təklifə görə, partiyalara bələdiyyə, parlament, prezident seçkilərindəki iştirakına əsasən maliyyə ayrılmalıdır. Hakimiyyət təmsilçiləri ən çox parlamentdə təmsil olunan partiyaların dövlətdən maliyyə ala biləcəyini vurğulayırlar. Bu təklif qəbul edilsə, son parlament seçkilərində məclisdə təmsilçilik hüququ qazana bilməyən KXCP, AXCP, ALP, AVİP, AMİP və digər partiyalar maliyyə yardımı ala bilməyəcəklər. Müsavat, BQP, BAXCP, VHP, Ümid və digər mandatlı partiyalar isə deputat yerlərinin sayına görə maliyyə yardımı alacaqlar.
Hər bir halda, vəziyyət o qədər də sadə deyil. Ona görə də mövzunu siyasətçilərin özləri ilə müzakirə etdik.
Hamı lehinə...
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Lent.az-a açıqlamasında deyir ki, fasilə yaransa da, bu məsələ ətrafında müzakirələr davam edir. Onun sözünə əsasən, bu məsələ ilə bağlı maraqlı tərəflər daim öz münasibətlərini açıqlayıblar. YAP yetkilisi deyir ki, bu məsələnin vaxtaşırı mətbuata çıxarılması da onu göstərir ki, bu çox aktualdır: “Məsələnin rəsmi şəkildə nə vaxt həll ediləcəyini deyə bilmərəm, amma bu, hər zaman ola bilər”.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər olunmasını vacib sayır. Onun sözlərinə görə, dəyişikliyi zəruri edən səbəblərdən biri də odur ki, qanun çox köhnəlib. Ümid sədri xatırlatdı ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi Avropa Şurasının üzvü olan bütün ölkələrdə qanun halına salınıb, yalnız Azərbaycanla Ermənistandan başqa.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da deyir ki, bütün sivil ölkələrdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi çoxdan həll olunub. Müsavat funksioneri hesab edir ki, hakimiyyət ölkədə çoxpartiyalı sistemin möhkəmlənməsini istəmir: “Partiyalara büdcədən maliyyə ayrılması onların güclənməsinə gətirib çıxaracaq. Bəs hakimiyyət bunda nə qədər maraqlıdır?”
Kim hansı meyarı əsas götürür?
A.Mirzazadənin fikrincə, partiyalara seçkilərdə iştirakına görə maliyyə ayrılacaq: “Yəni belə bir mexanizm əsas götürülə bilər ki, parlamentdə qazanılan səslərə görə partiyalara maliyyə ayrılsın. Bu, bir variantdır. Yaxud, ayrılacaq maliyyənin məbləğini bələdiyyə seçkilərində qazanılan yerlərə və prezident seçkilərində namizədin topladığı səslərə görə də müəyyənləşdirmək mümkündür. Sözüm ondadır ki, bir partiya üç kanaldan dəstək ala bilər. Bir partiyanın parlamentdə bir neçə nümayəndəsi varsa, bələdiyyədə 100-200 namizəd keçibsə, prezident seçkilərində nəzərdə tutulan faizdə səs toplayıbsa, həmin partiyalara maliyyə ayrıla bilər. Amma heç bir seçkidə iştirak etməyən partiyaya dövlət dəstəyindən söhbət gedə bilməz. Düzdür, sual oluna bilər ki, parlamentlə bələdiyyə məlumdur, bəs prezident seçkisində qalib gələn bir nəfərdir, burada vəziyyət necə olsun? Burada da minimal hədd müəyyənləşməlidir”.
İ.Ağazadə isə deyir ki, maliyyə 4 meyar əsasında ayrılmalıdır: “Partiyanın dövlət qeydiyyatına alınması, parlament seçkilərində iştirakı, prezident seçkilərində iştirakı və regionlarda nə qədər strukturlarının olması əsas götürülməlidir. Buna görə də elə partiya olacaq ki, 4 kateqoriyanın hamısı üzrə, eləsi də olacaq ki, 1 və ya iki kateqoriyaya əsasən maliyyə alacaq”.
A.Hacılının təklif etdiyi meyarlar partiyaların siyasi əhəmiyyəti və fəaliyyətinin nəzərə alınmasıdır. Onun fikrincə, eyni zamanda, təşkilatın seçkilərdə topladığı səslərin də önə çəkilməsi vacibdir.
Maraqlıdır, hakimiyyət məhz bunu əsas gətirib, son prezident seçkilərində iştirak etməyən Müsavat Partiyasına maliyyə ayırmaqdan imtina edə bilərmi? A.Hacılı deyir ki, ölkədə hamını qane edən demokratik seçkilər keçirilməyincə, seçkilərdə iştirak maliyyənin ayrılmasında əsas meyar kimi nəzərdə tutula bilməz: “Bu, yalnız meyarlardan biri ola bilər, amma birincisi yox”.
Sonda Aydın Mirzəzadə bu məsələ ilə bağlı siyasi partiyaların bir araya gəlib müzakirələr keçirməsini faydalı saydığını dedi.
İqbal Ağazadə isə deyir ki, məsələnin parlamentdə müzakirəyə çıxarılması üçün verdikləri təkliflər nəzərə alınmır.
Səbinə ƏVƏZQIZI
Dövlət partiyalara pul verəcəkmi? - SORĞU
1370