Böyüklər “Uşaq ili”nə hazırlaşır
07 yanvar 2009 13:00 (UTC +04:00)

Böyüklər “Uşaq ili”nə hazırlaşır

Azərbaycanda 2009-cu il “Uşaq İli” elan edildi. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzaladı. Bu, Azərbaycan üçün yenilikdir. İndiyə qədər uşaq problemlərinin həllinə dair bu şəkildə - dövlət səviyyəsində rəsmi qərar verilməyib. Amma dünyada belə təcrübə çoxdur. Elə təkcə MDB səviyyəsində Rusiya, Ukrayna və Belarusda dövlət analoji addımlar atıb. Hətta Rusiyada 2007-ci ildə üç il müddətinə “uşaq ili” elan edilib. Bəs bizdə “uşaq ili” nə ilə əlamətdar olacaq, hansı işlər görülməlidir?

Əvvəl sərəncamdan başlayaq. Sənəddə göstərilib ki, respublikada uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilsin. Sənədə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil, Səhiyyə, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Statistika Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı tədbirlər planını bir ay ərzində hazırlayıb təsdiq etmək üçün Azərbaycan prezidentinə təqdim edəcək. Qeyd edək ki, sərəncam ötən il dekabrın 22-də imzalanıb.

Bu il Uşaq Hüquqları Konvensiyasının 20 illiyidir. Azərbaycan hökuməti bu il BMT-nin uşaq hüquqları komitəsinə uşaqların vəziyyətinə dair 3-cü dövrü hesabatını təqdim etməlidir. Unutmayaq ki, uşaq problemləri ilə bağlı ölkəmizdə hələ də həllini tapmayan problemlər var. Məsələn, BMT-nin uşaq təşkilatı YUNİSEF-in hesabatlarında körpə və ana ölümünün göstəricisi, zəif qidalanma kimi problemlər sadalanır. Hətta uşaqların 52 faizinin yoxsulluq səviyyəsində yaşadığı da qeyd olunur.

Prezidentin sərəncamından sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, “Uşaq ili” müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsində yeni mərhələ olacaq.

Uşaqların müdafiə mexanizmi yaradılmalıdır

Uşaq hüquqları üzrə QHT-lərin alyansının üzvü olan Uşaq Hüquqları Klinikası tədbirlər planının hazırlanmasında iştirak edir.

Klinikanın rəhbəri Nazir Quliyev deyir ki, BMT, Avropa Şurası səviyyəsində konkret problemə diqqəti artırmaq istəyəndə bütöv bir ili həmin problemə həsr etmək təcrübəsi var. Problemə diqqət yönələndə onun həlli yolları axtarılır. Təşkilat rəhbəri ümid edir ki, bu il Azərbaycanda da uşaqların problemləri ilə bağlı çıxış yolları axtarılacaq və bunların həlli istiqamətində müəyyən addımlar atılacaq.

Müsahibimiz ilk iş kimi uşaq müdafiə mexanizminin gücləndirilməsindən söhbət açdı. Onun sözlərinə görə, bizdə uşaqların müdafiəsi ilə məşğul olan dövlət qurumları əsasən sovet dövründən qalanlardır: “Bu qurumlar bu günün tələblərinə cavab vermir, problemləri araşdırıb aradan qaldıra bilmirlər. Ona görə də uşaqların müdafiəsi sistemli şəkildə həyata keçirilməlidir. İcra hakimiyyətlərinin nəzdində olan komissiyalarda islahatlar aparılmalıdır. Ümid edirik ki, uşaqların problemi ilə bağlı Ombudsmanın elan edilməsi də öz həllini tapacaq. Ombudsmanın yaradılmasına böyük ehtiyac var. Bu, səlahiyyətli bir ombudsman olmalıdır ki, prezidentə hesabat verə bilsin”.

N.Quliyev bu il eyni zamanda “Yuvenal ədliyyə haqqında” qanunun qəbul olunacağına ümid edir. Bu qanun yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi haqqındadır. Qanun qəbul edilərsə, hüquq pozuntuları törədən uşaqlara həbsdən başqa, alternativ cəzalar verilməsi mümkün olacaq. Hazırda isə bizdə bu məsələlərdə müəyyən çətinliklər mövcuddur.

Növbəti problemlərdən biri də uşaqların asudə vaxtının təşkilidir. N.Quliyevin dediyinə görə, uşaqların cinayət törətmələrinin başlıca səbəbi onların asudə vaxtlarının düzgün təşkil olunmaması ilə bağlıdır. Həmsöhbətimin fikrincə, hazırda ölkəmizdə xeyli sayda Olimpiya İdman Kompleksləri mövcud olsa da, onların hamısı uşaqlara xidmət göstərmir.

Uşaqların “qaynar xətt”i olacaq

N.Quliyev maraqlı bir təkliflə çıxış edir: uşaqlar üçün “qaynar xətt” yaradılması. Cinsi və fiziki zorakılığa məruz qalan, hüquqları pozulan, psixoloji problemlərlə üzləşən uşaqlar və ya bu hadisələr barədə məlumatlı şəxslər birbaşa bu xəttə müraciət edə biləcəklər. Klinika rəhbərinin sözlərinə görə, “qaynar xətt” sistemi bir çox ölkələrdə uğurla tətbiq olunub. 24 saat ərzində problemlərlə bağlı müraciət etmək imkanı yaranır. “Qaynar xətt”in hansı qurumun daxilində yaradılması məsələsinə gəldikdə isə N.Quliyev bildirir ki, bunun dövlət orqanında olması doğru olmazdı, yaxşı olar ki, bu işə hər hansı QHT nəzarət etsin. Amma konkret məkan kimi Ombudsman Aparatında və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, Təhsil Nazirliyində yerləşməsini də mümkün sayır.

QHT alyansı 2009-cu ildən həm də internatdakı uşaqların ailələrə verilməsi istiqamətində ciddi addımlar atılacağını gözləyir. Bu prosesin arxasında kifayət qədər iş olduğunu vurğulayan N.Quliyev məsələnin həllinin heç də asan olmadığını da bildirir.

Növbəti təklif isə nikah yaşının həm oğlanlar, həm də qızlar üçün 18 yaşa qaldırılması ilə bağlıdır. Təşkilat rəhbərinin fikrincə, bununla da erkən nikahların qarşısını almaq mümkünləşər. Boşanmalar zamanı uşaqlar üçün alimentlərin ayrılması məsələsi də gündəliyə gətirilir. Hazırda bu istiqamətdə bəzi boşluqlar mövcuddur.

N.Quliyev onu da deyir ki, 2009-cu ili yalnız bir neçə dəyirmi masa, seminarlar keçirməklə məsələni həll etmək olmaz, real işlər görülməlidir. Bu istiqamətdə görüləcək işlərdən biri də küçə uşaqları üçün reabilitasiya mərkəzlərinin yaradılmasıdır. Eyni zamanda, uşaq evlərini, internatları tərk edən uşaqların da ciddi problemləri var – yaşayış yeri, əmlak, iş yeri və s.

QHT alyansının bu ildən gözləntiləri çoxdur. N.Quliyev sonda bunları da söylədi: “2007-ci il gənclər ili elan olunmuşdu. Ümid edək ki, bu ilin sonundakı nəticələr 2007-ci ildəkindən daha çox olsun”.

Komitədə qızğın iş gedir

İndi əsas iş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə düşür. Yuxarıda sadaladığımız və digər təkliflər bu komitədə cəmləşib, prezidentə təqdim olunmalıdır. Bu məqsədlə də Komitə ilə əlaqə saxlayıb, işlərin necə getməsi ilə maraqlandıq.

Uşaq problemləri şöbəsinin müdir müavini Ceyran Rəhmətullayeva dedi ki, Komitədə bu məsələlər üzərində fəal iş gedir. Tədbirlər planının layihəsi artıq hazırlanıb. Amma aidiyyəti orqanlardan və QHT-lərdən təkliflərin gələcəyi gözlənilir. Onlardan bir qismi də artıq təqdim olunub. Ceyran xanımın dediyinə görə, hazırladıqları layihədə uşaq problemlərinin həllinə dair demək olar, hər şey nəzərdə tutulub. Amma bu, hələ son deyil. Dekabrın 29-da sərəncamda adı göstərilən nazirliklərin, beynəlxalq qurumların və QHT-lərin iştirakı ilə işçi qrupunun iclası da keçirilib. Təkliflərin hamısı toplandıqdan sonra ümumi bir plan hazırlanaraq, Prezident Aparatına təqdim olunacaq.

C.Rəhmətullayeva bildirir ki, əsas məsələlərdən biri də uşaqlarla bağlı qanunvericiliyin tətbiqi, o qanunlarda islahat aparılması, əlavə və dəyişiklik edilməsidir. Bundan başqa, uşaqlarla bağlı infrastrukturun yaradılması siyahıda önəmli yeri tutur. Bir sözlə, milli uşaq strategiyasının yaradılması nəzərdə tutulur. Müdir müavini deyir ki, bu məsələlərin həllində təkcə Komitə yox, bütün təşkilatlar sıx əməkdaşlıq şəklində çıxış etməlidirlər.

Ceyran xanım bəzi çətinliklərlə qarşılaşdıqlarını da bildirdi. Hətta bir sıra qurumlar və məmurlar tərəfindən də çətinliklərin yaradıldığı vurğulandı. Onun sözlərinə görə, hər kəs öz üzərinə düşən işləri zamanında və layiqincə yerinə yetirsə, problemlər də şişməz. Çətinliklərə gətirən səbəblərdən biri də əhalinin bu sahədə həddən artıq informasiyasız olmasıdır. Ona görə də əsas işlərdən biri əhalinin maarifləndirilməsi ilə bağlı olacaq.

Yanvar ayının 20-dək təkliflər paketi Prezident Aparatına təqdim olunacaq. Bundan sonra əsas iş Nazirlər Kabinetinin üzərinə düşür. Bu təkliflər üçün nə qədər büdcə ayrılacağı barədə Komitədə məlumat yoxdur.

Ceyran Rəhmətullayeva onu da qeyd edir ki, bu sahədə dünya təcrübəsinə də müraciət edirlər, lakin hər hansı bir ölkənin təcrübəsini tam olduğu şəkildə tətbiq etmək mümkün deyil, çünki yerli şəraitin məsələnin həllində rolu böyükdür.

Komitədən də ümidlidirlər ki, bu il uşaqlar problemlərinin əksəriyyətini həll edə biləcəklər. Təbii ki, bu məsələdə iş əsasən böyüklərin üzərinə düşür...

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1766
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar