ABŞ-ın respublikaçı senatoru Tom Tillis bildirib ki, Rusiya prezidenti Vladimir Putin bütün dünyaya yayılacaq xərçəngdir.
Lent.az bildirir ki, bu barədə CNN məlumat yayıb.
“Bu adam xərçəngdir və həyatım boyu rastlaşdığım demokratiya üçün ən böyük təhlükədir. Cənubi Çin dənizinə, Tayvana yayılacaq və bütün dünyaya metastaz verəcək. Mən Putinin yalançı olduğunu və mülki şəxslərin sistematik işgəncələrinin, oğurlanmasının və zorlanmasının əmrinə görə məsuliyyət daşıdığını desəm, inanın ki, bunu dəstəkləyən çoxlu dəlil var”, - Tillis bildirib.
O, həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik siyasətini dəstəkləyir.
Qeyd edək ki, həftənin ən rezonans doğuran hadisəsi ABŞ və Rusiya arasında fevralın 18-də Ər-Riyadda 4,5 saat davam edən danışıqlar olub. Hər iki tərəf müzakirələrin müsbət keçdiyini və gələcək əməkdaşlıq haqqında razılıqların əldə olunduğunu bildirib.
Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Moskvanın ultimatumları ilə razılaşmayacağını və onun iştirakı olmadan aparılan danışıqların nəticələrini qəbul etməyəcəyini vurğulayıb.
Bu arada Tramp bir sıra açıqlamalar verib. O, Ukraynanın danışıqlarda iştirak etməməsi ilə bağlı etirazlarını rədd edir və Rusiyanın işğalına görə məsuliyyəti Kiyevin üzərinə atıb. Tramp həmçinin iddia edib ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun məlumatına görə, Ukrayna prezidentinə etimad səviyyəsi 50 faizdən çox olmasına baxmayaraq, Zelenskinin reytinqi guya 4 faizə düşüb.
Tramp həmçinin Ukraynanı Amerika yardımının 350 milyard dollarını israf etməkdə ittiham edib və Rusiyanın Kiyev də daxil olmaqla Ukrayna şəhərlərini məhv edə biləcəyini, lakin “raketlərə qənaət etdiyini” deyib.