"Müsəlman Şərqinin ilk Parlamenti olan Azərbaycan Parlamenti 106 yaşını qeyd edir. Azərbaycanda parlamentarizm ənənələri ölkənin siyasi tarixində xüsusi əhəmiyyətə malikdir".
Lent.az xəbər verir ki, bu fikirləri Milli Məclisin 106 illiyinə həsr olunan məqaləsində deputat Nigar Məmmədova bildirib.
Deputat qeyd edib ki, ölkəmizin parlamentarizm ənənələri 106 il əvvəl - 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması ilə formalaşmağa başlayıb:
"Azərbaycan Xalq Cümhuriyyəti kimi onun Parlamenti də çox mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Təsadüfi deyil ki, ADR parlamenti, dövrün ən demokratik qanunverici orqanlarından biri kimi qəbul edilirdi.
Müasir dövrdə Azərbaycanın müstəqilliyinin bərpası ilə parlamentarizm ənənələri daha da inkişaf etdirildi. Parlament tariximizin Heydər Əliyev dövrü bu sahədəki ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi, milli maraqlara cavab verən parlament diplomatiyasının daha da gücləndirilməsi ilə səciyyələnir. Azərbaycan dövlətçiliyinin qorunması üçün Heydər Əliyev ideyalarından bəhrələnir. Müstəqillik dövründə ali qanunverici orqan kimi fəaliyyətə başlayan Milli Məclis ölkənin qanunvericilik bazasının formalaşdırılmasında əsas rol oynadı.Bu gün Azərbaycan Parlamenti ölkənin müasir siyasi sisteminin əsas sütunlarından biridir. Parlamentin fəaliyyəti, ölkədə hüquqi dövlət prinsiplərinin inkişafına, qəbul olunan qanunlar və qərarlar, ölkədə hüquqi nizamın və ədalətin təmin olunmasına xidmət edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra isə ərazi bütövlüyü və suverenliyini bərpa etmiş müzəffər dövlətin ali qanunverici orqanı kimi Azərbaycan Parlamentinin nüfuzu daha da artıb. İkitərəfli və çoxtərəfli, beynəlxalq və regional səviyyədə əməkdaşlıq daha da genişləndirilib".
Nigar Məmmədovanın sözlərinə görə, cari ilin sentyabrın 1-də keçirilən parlament seçkiləri də yeni dövrün seçkiləri kimi Azərbaycanın demokratik inkişafında mühüm mərhələ kimi tarixə düşdü. Bu seçkilər ölkədə demokratik idarəçiliyin və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə yeni təkan verdi:
"Yeni dövrün seçkiləri cəmiyyətin siyasi proseslərdə iştirakını və dövlət idarəçiliyinə təsirini gücləndirməklə yanaşı, Azərbaycanın parlamentarizm ənənələrinin daha da möhkəmlənməsini şərtləndirdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, “bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir. Azərbaycan parlamentinin bu prosesdə önəmli rolu var.
Azərbaycan Parlamenti eyni zamanda ölkəmizin ev sahibliyi etdiyi BMT-nin ən nüfuzlu tədbiri olan COP29 -a da öz töhfəsini verdi. Belə ki, qlobal iqlim konfransı çəçivəsində Milli Məclisin beynəlxalq tərəfdaşlarla birlikdə təşkil etdiyi müzakirələrdə bütün bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin də roluna diqqət çəkildi. Parlamentlər üçün yol xəritəsi rolunu oynayan tarixi sənədlər qəbul olundu. Məlumdur ki, parlament diplomatiyası siyasi dialoqu və vasitəçiliyi dəstəkləməklə münaqişələrin qarşısının alınmasında, böhranların idarə edilməsində əhəmiyyətli rol oynayır. Parlamentlərin fəaliyyəti beynəlxalq, regional və milli səviyyədə siyasi çağırışların həlli yollarının tapılmasına töhfə verir, ölkələr arasında dialoqun güclənməsinə təkan verir. Bu mənada Xalq Cümhuriyyəti Parlamentinin varisi olan, ulu öndər Heydər Əliyevin ideyalarından bəhrələnən Azərbaycan Respublikası Milli Məclisi çox effektiv nümunə sərgiləyir. Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi, “Azərbaycanın bugünkü Milli Məclisi varislik adını şərəflə daşıyır”.