Güney Azərbaycanda Milli Hökumət necə yarandı? - ARAŞDIRMA
11 dekabr 2024 12:50 (UTC +04:00)

Güney Azərbaycanda Milli Hökumət necə yarandı? - ARAŞDIRMA

Lent.az APA-nın “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Milli Hökumətə gedən yol” adlı yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Giriş

1945-ci il dekabrın 12-də Təbriz şəhərində yarandığını rəsmən elan edən Azərbaycan Milli Hökuməti cəmi bir il ayaqda dura bilsə də, həm tərəfdarları, həm də əleyhdarları üçün çox ciddi tarixi əhəmiyyətə malik olub. Belə ki, təkcə tarix sahəsində yazılmış kitablar və məqalələrdə deyil, həm də İran və Güney Azərbaycanın aktual problemlərinin təhlilində bu hakimiyyətə həm müxalifləri, həm də tərəfdarları tərəfindən çoxlu istinadlar edilir. Bu hökumətin əleyhdarları belə bir hərəkatın formalaşmasının sosial kontekstini və toplumsal köklərini göz ardı edərək, məsələni sadələşdirir, onun SSRİ tərəfindən qurulduğunu sübut etməyə çalışırlar. Guya Sovet İttifaqının bu işdə əli olduğunu sübut edə bilsələr, hər şeyə cavab tapmış olacaqlar. Bunlar bilərəkdən, bu hökumətin Güney Azərbaycan türkləri arasında nə qədər qəbul edildiyini və hətta sevildiyini gizlətməyə çalışaraq, hər şeyi Sovet İttifaqına bağlamaq istəyirlər. Halbuki tarixi sənədlərə istinadən bu hökumət Güney Azərbaycan türklərinin milli iradəsinin nəticəsi olub, xalq tərəfindən ciddi dəstək görüb.

Azərbaycan Demokrat Firqəsinin sədri Seyid Cəfər Pişəvəri ana dilimizdə buraxılmış “Azərbaycan” qəzetini oxuyur

Digər tərəfdən, öz tələblərinin reallaşması üçün səy göstərən və mübarizə aparan Güney Azərbaycan türkləri, xüsusilə də gənc nəsil, Azərbaycan Milli Hökumətinin bu bir illik dövrünü Güney Azərbaycan türklərinin bir çox istəklərinin müəyyən dərəcədə, məsələn, öz ana dilində təhsil ala bilmək istəyinin, həyata keçə bildiyi yeganə dövr olaraq görür.

Bu tarixi hadisənin ildönümü ərəfəsində bu hökumətin quruluşu, sosial kökləri və Azərbaycan xalqının tərəfindən gördüyü dəstəyi qısaca da olsa, açıqlamaq istəyirik.

Azərbaycan Milli Hökumətinə gedən yol

Əsrlər boyu Azərbaycan bölgəsi müxtəlif türk hökumətlərinin paytaxtı olmaqla yanaşı, həmişə xüsusi maraq mərkəzi olub. Bu imtiyazlı vəziyyət iqtisadi tərəqqi ilə yanaşı, Azərbaycan mərkəzli təfəkkürün də formalaşmasına şərait yaradıb. 19-cu əsrdə Azərbaycan tədricən öz mərkəzliyini və nisbi rifahını itirdikcə, desentralizm meylləri gücləndi və Tehrana qarşı “Məşrutə”, Şeyx Məhəmməd Xiyabaninin başlatdığı “Azadıstan” kimi müxtəlif hərəkatlar görünməyə başladı.

1921-ci ildə ingilislərin Qacarlar sülaləsinə qarşı dəstəklədiyi çevriliş nəticəsində Rza xan İranda siyasi hakimiyyət piramidasına daxil olur və 1925-ci ildə bu sülaləni devirərək rəsmi olaraq taxta oturur. Rza şah Qacarların türk olmaqlarının acığını sanki Güney Azərbaycan türklərindən çıxmaq istəyirdi. Onun dövründə həyata keçirilən mərkəzçi siyasətlər, Azərbaycan türk dilinin qadağan edilməsi, Güney Azərbaycan türklərinə qarşı davam edən ayrı-seçkilik və haqsızlıqlar Güney Azərbaycan türkləri arasında narazılığın artmasına və onların Tehrandan uzaqlaşma meylinin güclənməsinə səbəb oldu.

Elə həmin illərdə Təbrizə səfər edən amerikalı bir diplomat ABŞ Dövlət Departamentinə verdiyi hesabatda Təbrizin acınacaqlı iqtisadi və dolanışıq vəziyyətini və belə bir vəziyyətin yaranmasında Rza şah hökumətinin rolunu izah edərək Azərbaycan xalqının Rza şaha qarşı nifrətini dilə gətirib. O yazır ki, Rza şah hökumətini hər hansı təhlükə təhdid edərsə, Azərbaycan xalqı heç vaxt onu dəstəkləməyəcək.

Amerikalı diplomatın proqnozu yalnız bir neçə ildən sonra özünü doğrultdu. Beləliklə, İkinci Dünya müharibəsi zamanı sovet və ingilis qoşunları İranı işğal edərkən Azərbaycan türkləri nəinki Rza şahı dəstəkləmədilər, əksinə onun müttəfiqlər tərəfindən sürgün edilməsi xəbərini sevinclə qarşıladılar. Rza şahın sürgün edilməsindən cəmi bir neçə gün sonra “Azərbaycan Cəmiyyəti” Təbrizdə varlığını elan edərək “Azərbaycan” qəzetini nəşr etməyə başladı. Azərbaycan türkcəsində və fars dilində yazılan xəbərlərə və şeirlərə yer verən bu qəzet 6 aydan çox davam edə bilməsə də, onun bağlanması və “Azərbaycan Cəmiyyəti”nin dağıdılması ilə Azərbaycanda etiraz səsi kəsilmədi.

Azərbaycanın müxtəlif yerlərində pəhləvi diktaturasının geri qaytarılmasına qarşı geniş və hətta radikal fəaliyyətlər aparılmaqdaydı. Bəylər (torpaq sahibləri) və jandarmları Tehran hökumətinin Azərbaycandakı nümayəndələri və simvolları kimi görən Azərbaycan kəndliləri yerli müqavimət qrupları yaratmağa başladılar və onlarla toqquşdular. Əslində, bu xalq müqavimət qrupları daha sonralar Azərbaycan Milli Hökumətinin əsas hərbi qüvvəsinə çevrilən fədai dəstələrinin ilkin özəyini təşkil edirdi. Yəni, əslində, fədai dəstələri Azərbaycan Milli Hökuməti qurulmamışdan əvvəl yaranmış və hətta Azərbaycanın bəzi şəhər və kəndlərini nəzarətə götürmüşdü.

Fədai dəstələrinin komandiri, Qulam Yəhya Daneşyan (sağdan birinci)

Azərbaycanın şəhərlərindəki vəziyyət də Azərbaycanın kəndlərində olduğu kimi, gərgin idi. Rza şahın zülmündən və senzurasından qurtulan Azərbaycan ziyalıları, şair və yazıçıları öz yazıları, şeirləri, çıxışları ilə xalqı mərkəzi hakimiyyətə qarşı cəlb edirdilər. Bu arada ana dilində təhsil hüququ ciddi şəkildə tələb edilirdi. Bu tələb hətta o dövrün ən böyük və ən mütəşəkkil partiyası olan Tudənin də daxilində də qaldırılmış və partiya daxilində ciddi gərginliyə səbəb olmuşdu. Belə olan təqdirdə, Azərbaycan Demokrat Firqəsinin yaranmasına bir neçə gün qalmış Tudə partiyası ana dili təhsili tərəfdarlarını və Azərbaycançıları partiyadan çıxarmaq üçün xüsusi səlahiyyətlərə malik bir nəfəri Təbrizə müfəttiş göndərmişdi.

Burada çox qısa şəkildə qeyd olunanlara əsasən, Azərbaycan Demokrat Firqəsinin və Azərbaycan Milli Hökumətinin əslində Güney Azərbaycan türklərinin milli iradəsinin nəticəsi olduğunu cəsarətlə iddia etmək olar. Necə ki, istər Azərbaycan Demokrat Firqəsinin manifestində, istərsə də Azərbaycan Milli Hökumətinin elan etdiyi proqramlarda Azərbaycan millətinin ən zəruri tələblərini görmək olar. Məhz bu səbəblərdən 1945-ci il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsi yarandığını elan edəndə, qısa müddət ərzində Güney Azərbaycandan on minlərlə insan bu partiyaya qoşuldu. Partiyaya qoşulanların içində kəndli, şəhərli, din adamı, ziyalı, torpaq sahibi, əkinçi, işçi, tacir, əsgər kimi toplumun bütün təbəqələrindən insanlar var idi.

 

جمعی از فعالان و رهبران فرقه دمکرات آذربایجان، زیر عکس ستارخان، خیابانی، باقرخان و حیدرخان عمواوغلیجمعی از فعالان و رهبران فرقه دمکرات آذربایجان، زیر عکس ستارخان، خیابانی، باقرخان و حیدرخان عمواوغلی

Seyid Cəfər Pişəvəri Azərbaycan Demokrat Firqəsinin bir qrup üzvü və liderləri ilə

Azərbaycan Xalq Konqresi

Güney Azərbaycan Məşrutə hərəkatı da (1906-1911) təyinedici və həlledici rol oynamışdı. Açığı, əgər Səttarxanın (1868-1914) başçılıq etdiyi Azərbaycan türklərinin müqaviməti olmasaydı, bu qiyamın uğur qazanması bəlkə də imkansız olardı. Məşrutə Konstitusiyasına daxil olana qədər Güney Azərbaycanda Əyalət və Vilayət Şuraları (əncümənləri) yaradılmış və məşrutə hərəkatının uğurunda çox mühüm rol oynamışdı. Ancaq Məşrutə hərəkatının bu uğurundan dərhal sonra həmin şuralar bağlanmışdı.

Məşrutə qiyamından təxminən 40 il sonra bəzi azərbaycanlılar, o cümlədən eyni qiyama qatılan insanların bir qismi bu dəfə Təbrizdə toplaşaraq hökumətdən Əyalət və Vilayət Şuralarının yenidən açılmasını tələb edirdilər. Hətta Azərbaycan Xalq Konqresinin açılışı günündə də “Azərbaycan” qəzeti İranın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasını ön plana çıxararaq Əyalət və Vilayət Şuralarının bərpası tələbini irəli sürməkdəydi.

Lakin Azərbaycan Xalq Konqresi əsnasında yavaş-yavaş bu qırx illik yaralar açılmağa və yenidən qanamağa başladı. Konqresdə Pişəvərinin Güney Azərbaycan üçün təklif etdiyi milli muxtariyyət məsələsinin məzmun baxımdan İran Konstitusiyasının maddələri ilə uzlaşdığı görülməsə də, həm Seyid Cəfər Pişəvəri, həm də Əli Şəbistəri İran Konstitusiyası çərçivəsində Əyalət və Vilayət Şuralarının yaradılmasının zəruriliyini bir daha vurğulayan çıxışlar etdilər.

Ancaq konqresin üçüncü iclasında Meşkinşehir nümayəndəsi Fəttahi, çıxışında Milli Məclisin yaradılmasının Əyalət və Vilayət Şuralarının yaradılmasından daha yaxşı və zəruri olduğuna inandığını vurğuladı.

Növbəti çıxış edən kibrit fabrikinin nümayəndəsi Xorrəmdel Əyalət və Vilayət Şuralarının problemləri həll etmədiyini bildirdi və çıxışını “Yaşasın Azərbaycan Milli Məclisi” sözləri ilə tamamladı.

Həştrud (Sərəskənd) şəhərinin nümayəndəsi Zəmani isə Əyalət və Vilayət Şuraları əvəzinə Milli Məclisin yaradılmasının vacibliyini vurğuladı.

Digər nümayəndə Hilal Naseri isə Milli Məclisin yaradılmasının tərəfdarı olduğuna dair fikirlərini belə bildirdi: “Bu konqres Müəssislər Məclisi kimidir və siz beş milyon insanın nümayəndəsisiniz. Mən təklif edirəm ki, bu Müəssislər Məclisi Əyalət və Vilayət Şuraları əvəzinə Milli Məclisimizi formalaşdırsın”.

Beləcə, konqresdəki ilk çıxışlarda ehtiyatla dilə gətirilən Əyalət və Vilayət Şuraları tələbi get-gedə cəsarətlə səslənən Milli Məclis tələbi ilə əvəzlənmiş oldu.

Daha sonra Çeşmazer öz çıxışında bu tələbləri bir addım da qabağa ataraq, “Azərbaycanın muxtariyyətini tamamlamaq üçün bu parlamenti Milli Məclis adlandıraq və Azərbaycan Milli Silahlı Qüvvələri yaradılsın” deyərək muxtariyyət tələbini açıq şəkildə bildirdi.

Pişəvəri yekun nitqində qərarların hazırlanması və günortadan sonra Konqresə məruzə edilməsi üçün beş nəfərdən ibarət komissiya yaradılmasını təklif edib bunları dedi: “Bu, Müəssislər Məclisidir. Məncə Milli Məclisin və ya Əyalət Şuralarının seçilməsi vəzifəsi [Təsis Məclisinin] qərarlarında aydın şəkildə göstərilməlidir”.

Əyalət və Vilayət Şuralarının yenidən yaradılmasına üstünlük verən Azərbaycan Xalq Konqresi iki günlük uzun-uzadı çıxışlardan və qızğın müzakirələrdən sonra verdiyi bəyanatda yüz əlli min nəfərin imzası və yeddi yüz nümayəndənin iştirakı ilə keçirilən Milli Konqresin Azərbaycan xalqının iradəsi ilə özünü Qurucu Məclis elan etdiyini, Əyalət və Vilayət Şuralarının yaradılması əvəzinə Milli Məclisin yaradılması qərarının alındığını, bununla da kifayətlənməyərək, milli muxtariyyət prosesini başa çatdırmaq üçün ən qısa zamanda Milli Hökuməti qurmaq qərarına gəldiyini açıqladı.

Azərbaycan Xalq Konqresinin dərc etdiyi 14 maddəlik bəyannamədə Çeşmazerin Azərbaycan Milli Silahlı Qüvvələrinin yaradılması təklifindən başqa, konqresdə irəli sürülən bütün radikal təkliflər öz əksini tapdı. Ancaq görünən odur ki, sözügedən bəyannamədə sırf siyasi mülahizələrə görə, bu barədə açıq bir şəkildə danışılmayıb. Yoxsa milli ordu formalaşmadan milli hökuməti, onun qurumlarını və nailiyyətlərini qorumaq mümkün olmayacaqdı.

Əslində, yuxarıda da dilə gətirdiyimiz kimi, Azərbaycan Demokrat Firqəsinin yazılarında “Fədai” adlandırılan milli ordu Azərbaycan Xalq Konqresi işə başlamamışdan əvvəl xalq tərəfindən qurulmuşdu və konqresin qurulduğu günlərdə Azərbaycanın Sərab və Miyana kimi bəzi şəhərləri və bir çox kəndləri bu fədaiyi dəstələrinin kontrolu altındaydı. Qənaətimizcə, Azərbaycan Xalq Konqresində çıxışların və qərarların istiqamətinin dəyişməsini təmsilçilərin bu fədai dəstələrinin uğurları ilə bağlı aldıqları xəbərlər və bununla bağlı yaşadıqları özünəinam hissi ilə əlaqələndirmək olar. Çünki məhz o günlərdə, fədai dəstələri bir neçə cəbhədə böyük qələbələr əldə etmişdilər.

Azərbaycan Xalq Konqresinin fəaliyyətinə yekun vurulmasından cəmi bir neçə gün sonra İcraiyyə Komitəsi Milli Məclisə qatılanların xalq tərəfindən seçilməsi üçün seçkilərin keçirilməsini həyata keçirdi. 1945-ci il noyabrın 27-də Güney Azərbaycanın bütün şəhər və kəndlərində Azərbaycan Milli Məclisinə seçkilər keçirildi. Ölkədə böyük təsirə malik olan bu seçkinin yalnız Azərbaycan bölgəsində keçirilməsi və qadınların ilk dəfə bu seçkidə səs vermə hüququna malik olması çox əhəmiyyətli bir tarixi dəyərə malikdir.

1945-ci il dekabrın 6-da Azərbaycan Milli Məclisinə seçkilərin nəticələri elan olundu. 1945-ci il dekabrın 11-də fədai dəstələri Azərbaycanın bir çox şəhər və kəndlərini nəzarətə götürdülər. Lakin Marağa və Ərdəbil, Təbriz və Urmu şəhərlərində yerləşən İran orduları hələ də təslim olmaq istəmirdilər. Ancaq Azərbaycan Milli Hökumətinin rəsmi olaraq qurulmasından cəmi bir gün sonra Təbriz ordusunun sərkərdələri artıq müqavimətin faydalı olmadığını anladılar və silahlarını yerə qoymağa hazırlaşdılar.

Azərbaycan Milli Məclisi 1945-ci il dekabrın 12-də səhər saat 8:00-da böyük bir həyəcan içində açıldı. Bu sessiyada Güney Azərbaycan türkləri tərəfindən seçilmiş olan 101 nümayəndədən 75-i iştirak etmişdi. Açılışda iştirak etməyən bəzi nümayəndələr qızğın qarşıdurmaların davam etdiyi cəbhələrdə könüllü olaraq fədai dəstələrinə dəstək verməkdəydilər.

 

Güneydə Azərbaycan Milli Məclisinin ilk toplantısı

Deputatların andiçmə mərasimindən, parlamentin daxili reqlamentinin təsdiqindən və parlamentin sədri və sədr müavini seçildikdən sonra Azərbaycan Milli Hökumətinin yaradılması məsələsi parlamentin gündəliyinə salınıb və Pişəvəriyə etimad səsverməsi almaq üçün öz kabinetini parlamentə təqdim etmək tapşırığı verildi.

Beləcə, Güney Azərbaycan türkləri İranda Pəhləvi hökumətinin qurulmasından 20 il sonra öz hökumətini qurdular. Azərbaycan xalqı çox sevinirdi ki, nəhayət, Azərbaycan üzərində 20 illik Pəhləvi hakimiyyətinin qara və qaranlıq dövrü başa çatdı və o gündən etibarən öz müqəddəratını özü təyin edəcək, öz gəlirini özünə xərcləyəcək, öz ana dilində məktəbə gedəcək, öz musiqisini ifa edəcək…

Lakin bu sadəcə bir başlanğıc idi. Azərbaycan Milli Hökuməti hansı qərarları aldı? Nə işləri gördü? Hansı nailiyyətləri əldə edə bildi? Sonunda başına nələr gəldi? Bu kimi sorğuların cavabını oxumaq üçün ikinci yazımızı gözləyin...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193
avatar

Oxşar yazılar