Qarabağın qalib generalı - ARAŞDIRMA - FOTO
02 may 2011 14:16 (UTC +04:00)

Qarabağın qalib generalı - ARAŞDIRMA - FOTO

Zaman həminki zaman indi. Onda da Qarabağda erməni qiyamları baş qaldırmışdı, qan su yerinə axırdı, Azərbaycan dədə-baba torpaqlarının – Şuşanın, Xankəndinin erməni əlinə keçməməsi üçün mücadiləyə başlamışdı…

Ancaq zaman həm də həminki zaman deyildi. Çünki onda 1992-ci ildə olduğu kimi olmadı. Birinci Cümhuriyyətin Qarabağa general-qubernator təyin elədiyi bu adam daşnak və bolşevik qüvvələrinə qarşı qeyri-bərabər döyüşlərdə qalib oldu, erməniyə bir qarış torpaq belə vermədi. Həmin ilin yayında əlinə silah alıb Qarabağ havasına havalanan ermənilər diz çökdürüldü, hamısı bir nəfər kimi Azərbaycan Hökumətini tanımağa məcbur oldular. Onun qətiyyəti və hərbi şücaəti sayəsində Şuşadakı gizli daşnak komitəsinin üzvləri bir nəfər kimi qaçıb dağılmaqdan savayı yol görmədilər.
Ona görə də, əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhval-ruhiyyəli müsəlmanların köməyi ilə şayiə yaymışdılar ki, guya Cümhuriyyətin Hərbiyyə Naziri bu adamı general-qubernatorluqdan geri çağırır. Bu kimi xəbərlərə son qoymaq məqsədilə Üzeyir bəy Hacıbəyov «Azərbaycan» qəzetinin 1919-cu il 24 iyun tarixli sayında yazırdı: «Həqiqətən, o, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşina olan bu zat sağlam bir vücudə malik olan kimi sağlam və salamat politika yerindən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olması idi, burası - Azərbaycanın cənnəti hesab olunan bur yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital olmuşdu».

Unudulmaz Üzeyir bəyin barəsində yazdığı bu qəhrəman insan Qarabağın general-qubernatoru Xosrov bəy Paşa bəy oğlu Sultanov idi…

Dosye:
Sultanov Xosrov bəy Paşa bəy oğlu 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26 nəfərdən biridir. Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökuməti kabinetində Xosrov bəy Hərbi Nazir postunu tutub. Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub. 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunub. Daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa erməni zülmündən qurtulmuşdur.
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda, daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmış, 1947-ci ildə vəfat etmişdir.


Xosrov bəy adı və qəhrəmanlıqları dillərdə əzbər, Zəngəzurda erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşmuş, xalq arasında «laçınlı Sultan bəy» kimi çağırılan məşhur Sultan bəy Sultanovun kiçik qardaşıdır. Bu qardaşlar ümumi işin xeyrinə hətta illərlə qan düşməni olduqları bəylərin ayağına gedərək, onları bütün gücləri birləşdirməyə, birgə mübarizəyə səsləyiblər. Sultanovlar var-dövlətlərini Türkiyə və İrandan silah-sursat almağa sərf eləmiş, Zəngəzur qazısı Bəhlul Behcət tərəfindən yazılmış Cihad Bəyannaməsi ilə xalqı düşmənə qarşı cihada qaldırmışdılar. Ümumiyyətlə, onların Azərbaycan Xalq Cümhuriyyətinin qorunması yolunda müstəsna xidmətləri var.
Hazırda Bakı Metropolitenində baş mühəndis işləyən Soltan bəyin nəvəsi Elbrus Muradov bir müddət əvvəl “Lent.az”a verdiyi müsahibədə Xosrov bəy Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini bölüşüb.

Elbrus bəy bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.

Xosrov bəy Qarabağa general-qubernator təyin olunanda Cümhuriyyət üçün çox ağır dövrlər idi. Qarabağda erməni silahlı qüvvələri at oynadırdılar, quldur Dronun dəstələri Əsgəran qalasını tutmuşdu, Şuşanın ermənilər yaşayan hissəsi Azərbaycan hakimiyyətini qəbul etmirdi. Əslində, belə qarışıq dövrdə Qarabağa elə bir adam göndərilməliydi ki, orada həm nizam-intizam yarada bilsin, həm də erməni məsələsiylə bağlı gənc Cümhuriyyətə təzyiqlər göstərən xarici qüvvələri razı salsın. Üzeyirbəyin məqaləsindəki «Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan bu zat» ifadəsini xatırlayaq. Həqiqət naminə deyilməlidir ki, Xosrov bəy doğrudan da, Qarabağda həm müsəlman, həm də sadə erməni əhalisi arasında böyük nüfuza malik idi. Əksinə, o dövrün və indinin xəstə milliyyətçi erməniləri isə Xosrov bəyi nifrət və hikkəylə, ermənilərin ən qəvi düşməni kimi xatırlayırlar. Məsələn, 1919-cu ildə Şuşada erməni qoşununda döyüşmüş Zare Məlik-Şahnəzərov adlı bir erməni əsgərin «Şuşanın süqutu» adlı xatirəsindən oxuyuruq: «Şuşanın süqutundan əvvəl mənim yaddaşıma daha bir hadisə həkk olunub. Mən Musavatçı qubernatorla təsadüfən üz-üzə gəldim. Ermənilərə düşmən olan bu qəddar adam Xosrov bəy Sultanov idi. Məhz bu adam Qarabağda erməni qırğınları təşkil eləmişdi».

Ancaq həmişə olduğu kimi, təbii ki, ermənilər Xosrov bəyə münasibətdə də tarixi faktları təhrif edirlər.

Xosrov bəy Sultanov Qarabağa general qubernator təyin olunanda onun vəzifə borclarına “erməni hərəkatı ilə mübarizə və bu hərəkatın tamamilə məhv edilməsi, qayda-qanunun bərpa olunması, məcburi köçkünlər arasında gəzən epidemiyalarla mübarizə, onlara yardım” kimi məsələlər daxil idi. Sultanovun vətənpərvərliyindən və qətiyyətindən xəbərdar olan Qarabağın erməni milli yığıncağı Xosrov bəyin təyinatına etiraz olaraq tərtib elədikləri məktubda yazılmışdı: “Qarabağın erməni milli yığıncağı Azərbaycan hökuməti tərəfindən təyin olunan general qubernatorla bağlı bildirir ki, onlar heç vaxt bu faktla barışmayacaqlar”.

Ancaq Xosrov bəy Sultanov da qanuni hüquqlarını və vəzifə səlahiyyətlərini gözəl bilirdi. Ona görə də, o da öz növbəsində erməni milli yığıncağından tələb etmişdi ki, nəzarətində olan silahlı dəstələri buraxsın və Qarabağda əmin-amanlığın təmin olunmasına maneçilik törətməsin.

Çox maraqlıdır, həmin illərin arxiv materiallarını və mətbuatı izlədikcə ermənilərin eynən ötən əsrin 80-ci illərin sonlarında tətbiq elədikləri üsullara əl atdıqlarının şahidi oluruq. Məsələn, 1919-cu il fevralın 28-dən martın 4-ə qədər Qarabağ ermənilərinin 8-ci qurultayı adlandırılan qeyri-legitim bir qurum general qubernatoru Şuşada, Xankəndində və Əsgəranda “günahsız erməniləri” qırmaqda ittiham edirdi.

Gördüyünüz kimi, eyni üslub, eyni vasitə. Ermənilər bu yalançı bəyanatı əlləri çatdıqları yerlərə və dövlətlərə, həmçinin Azərbaycan hökumətinə göndərmişdilər. Həmin ilin martın 8-də isə Azərbaycanın güzəştə getdiyi torpaqlar hesabına dövlət qurmuş Ermənistan Cümhuriyyət rəhbərliyinə nota göndərir. Notada bildirilirdi: “Xankəndi və Ağdamda Azərbaycan hərbi hissələri tərəfindən 400-ə yaxın dinc əhali qətlə yetirilmişdir. Ağdam, Şuşa yolu erməni əhalisinin üzünə bağlıdır və bu əhali iqtisadi təcridə məruz qalıb”.
Ancaq Fətəli Xan Xoyskinin bu notaya cavabından görürük ki, ermənilər baş vermiş olayları özlərinin əbədi və əzəli xislətlərinə xas şəkildə şərh etmişlər.

Beləliklə, bütün imkanların əldən çıxdığını görən ermənilər mart ayının 23-də azərbaycanlıların Əsgəran və Xankəndində olan hərbi qarnizonlarına qarşı hücuma keçir. Ermənilər Novruz bayramı ərəfəsində xalqın əhval-ruhiyyəsindən istifadə eləyərək qələbə qazanmaq ümidində idilər. Ancaq general-qubernator Xosrov bəy Sultanovun qətiyyətli hərəkətləri sayəsində düşmən darmadağın edilir və Şuşa tamamilə erməni zülmündən qurtulur.

Xosrov bəy Sultanov həm də Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkil idi. «Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkillik» adlı bu təşkilatın baş müvəkkillik vəzifəsi isə general-mayor Tamamşevə tapşırılmışdı.

Bu təşkilatların müharibə dövründəki fəaliyyətləri barədə xeyli sənədlər, teleqram və məktublar mövcuddur. Məsələn, general Tamamşevin 4 iyun 1916-cı ildə Xosrov bəy Sultanovun adına göndərdiyi teleqramda deyilirdi: «Rəhbərlik etdiyiniz Cəmiyyətin nəzdində neçə yetimxananın mövcudluğu və onlara nə qədər kimsəsizin yerləşməsi, habelə onların hökumət tərəfindən tam təmin olunması və ya cəmiyyətinizin də köməyinə ehtiyacı olması haqqında mənə təcili məlumat verməyinizi xahiş edirəm».

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra general Xosrov bəy Sultanov əvvəlcə Türkiyədə, İranda, sonra Fransa və Almaniyada yaşayıb. O, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışıb. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşıb və 1947-ci ildə vəfat edib.

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865

Oxşar yazılar