Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın APA-ya müsahibəsi
Bakıda Estoniya səfirliyinin açılması ikitərəfli əlaqələrimizdə yeni bir mərhələ olacaq
- Cənab nazir, Azərbaycan Respublikasına səfərinizin əsas nəticələri və mühüm məqamları ilə bağlı təəssüratlarnızı bölüşməyinizi istərdik.
- Mənim Bakıya səfərim Estoniya–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm mərhələ oldu. Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər zamanı mən Estoniyanın Azərbaycanı həm Estoniya, həm də Avropa İttifaqı üçün Cənubi Qafqazda mühüm tərəfdaş kimi gördüyünü bir daha təsdiqlədim.
Bu səfərin əsas nəticələrindən biri Estoniya hökumətinə Bakıda Estoniyanın təmsilçiliyinin səfirlik səviyyəsinə qaldırılması barədə təklif vermək qərarımdır. Bu addım ikitərəfli əlaqələrimizdə yeni bir mərhələ olacaq, siyasi dialoqun dərinləşməsinə, iqtisadi əməkdaşlığın güclənməsinə və xalqlar arasında daha sıx təmasların qurulmasına imkan yaradacaq.
Mənimlə bərabər, rəqəmsal xidmətlər, nəqliyyat, logistika və təhsil sahələrini təmsil edən təxminən 20 Estoniya şirkətindən ibarət biznes nümayəndə heyəti də səfərdə iştirak etdi. Onların iştirakı iqtisadi əməkdaşlığın genişlənməsinə qarşılıqlı marağı əks etdirir. Bakıda keçirilən biznes forum yeni əlaqələrin qurulmasına kömək etdi və Estoniyanın elektron idarəetmə, yaşıl texnologiyalar və əlaqəlilik sahəsindəki güclü imkanlarını önə çıxardı.
Estoniya ilə Azərbaycan arasında münasibətlər möhkəm və dostyanadır
- Qeyd etdiyiniz kimi, Estoniya Azərbaycan Respublikasında səfirliyini açmağa hazırlaşır. Siz Estoniya ilə Azərbaycan arasındakı siyasi münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atıla bilər?
- Estoniya ilə Azərbaycan arasında münasibətlər möhkəm və dostyanadır. İllər ərzində dialoqumuz açıq və konstruktiv olub — mən azərbaycanlı həmkarımla tez-tez Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmüşəm və indi bu müzakirəni Bakıda davam etdirməklə tərəfdaşlığımızın yeni bir mərhələyə qədəm qoyduğunu görürük. Azərbaycan həm Estoniya, həm də Avropa İttifaqı üçün Cənubi Qafqazda mühüm tərəfdaşdır.
Səfirliyin açılması qərarı bu münasibətlərə olan etimadımızı və əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq istəyimizi əks etdirir. Əlaqələrimizi inkişaf etdirmək üçün yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələrin sayını artıra, rəqəmsal inkişaf, təhsil və konnektivlik sahəsində əməkdaşlığı dərinləşdirə bilərik. Tərəfdaşlığımızın əsasında qarşılıqlı hörmət, etimad və sülh, əlaqəlilik və innovasiya kimi ortaq maraqlar dayanır.
Estoniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq sabit şəkildə inkişaf edir
- Estoniya və Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz? Gələcəkdə hansı sahələrdə daha böyük əməkdaşlıq potensialı görürsünüz?
- Estoniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq sabit şəkildə inkişaf edir. Artıq ölkələrimiz informasiya və kommunikasiya texnologiyaları, təhsil və rəqəmsal idarəetmə sahələrində əməkdaşlıq edirlər. Estoniya şirkətləri Azərbaycanda getdikcə daha fəallaşır. Məsələn, “B.EST Solutions” kimi şirkətlər artıq demək olar 20 ildir burada fəaliyyət göstərir, mobil şəxsiyyət vəsiqəsi, elektron rezidentlik və IT təlimləri kimi xidmətlər təklif edirlər. Onların uzunmüddətli fəaliyyəti həm Estoniya şirkətlərinin etibarlılığını, həm də Azərbaycanın innovasiyaya açıq olduğunu göstərir.
Gələcəkdə ən böyük potensial rəqəmsal xidmətlər və elektron idarəetmədədir ki, Estoniya bu sahədə ən yaxşı təcrübələrini bölüşə bilər. Eyni zamanda, nəqliyyat və logistika - Orta Dəhlizlə bağlı əməkdaşlıq, yaşıl texnologiyalar və dayanıqlı enerji həll yolları da böyük potensial vəd edir. Rəqəmsal transformasiyanı dəstəkləmək üçün təhsil və bacarıqların artırılması Latviya, Estoniya və Finlandiya şirkətlərini birləşdirən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “LEF Network to Azerbaijan” layihəsi də regional əməkdaşlığın iqtisadi əlaqələri və əlaqəliliyi gücləndirə biləcəyini göstərir.
Estoniya, həm Avropa İttifaqının, həm də NATO-nun üzvü kimi, bu təşkilatlarla Azərbaycanın daha sıx əməkdaşlığını tam dəstəkləyir
- Estoniya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür. Estoniya, Azərbaycanın NATO ilə tərəfdaşlığını və Azərbaycan–Aİ münasibətlərini möhkəmləndirmək üçün hansı töhfələri verə bilər?
- Estoniya, həm Avropa İttifaqının, həm də NATO-nun üzvü kimi, bu təşkilatlarla Azərbaycanın daha sıx əməkdaşlığını tam dəstəkləyir. Biz inteqrasiya prosesindən keçmiş bir ölkə olaraq dayanıqlı institutların qurulması, kibertəhlükəsizlik və rəqəmsal idarəetmənin inkişafı sahəsində öz təcrübəmizi bölüşə bilərik.
Aİ çərçivəsində biz Cənubi Qafqazla, o cümlədən Azərbaycanla əlaqələrin dərinləşməsi, konnektivlik, enerji təhlükəsizliyi və təhsil sahələrində təşəbbüsləri dəstəkləyirik. NATO daxilində isə Azərbaycanı regional sabitliyə verdiyi töhfəyə və tərəfdaşlıq proqramlarında iştirakına görə yüksək qiymətləndiririk və sülhməramlı fəaliyyətlərdə əməkdaşlığın davam etməsini təşviq edirik. Birlikdə çalışmaqla, Azərbaycanın həm Aİ, həm də NATO ilə münasibətlərini qarşılıqlı fayda və ortaq maraqlar əsasında inkişaf etdirə bilərik.
Azərbaycan Avropanın enerji marşrutlarının və təchizat mənbələrinin diversifikasiyasına töhfə verir
- Xüsusilə dəyişən geosiyasi şəraitdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təminində rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. O, Avropanın enerji marşrutlarının və təchizat mənbələrinin diversifikasiyasına töhfə verir, bununla da regionun ümumi sabitliyini gücləndirir. Estoniya baxımından, bu rol hazırkı geosiyasi şəraitdə xüsusilə əhəmiyyətlidir, çünki Avropa etibarlı və dayanıqlı enerji tərəfdaşları axtarır. Eyni zamanda, yaşıl keçid yeni imkanlar yaradır - bərpa olunan enerji, enerji səmərəliliyi və innovasiya sahəsində əməkdaşlıq gələcək əlaqələrimizin mühüm istiqamətinə çevrilə bilər.
Azərbaycan isə öz coğrafi mövqeyi və infrastruktur imkanları sayəsində Orta Dəhlizin mərkəzindədir
- Orta Dəhliz təşəbbüsü Avropa və Asiyanı birləşdirən strateji nəqliyyat və ticarət marşrutu kimi beynəlxalq əhəmiyyət qazanır. Estoniya bu layihəyə necə baxır və bu prosesdə Azərbaycanın rolunu necə görürsünüz?
- Estoniya Orta Dəhlizi Avropa və Asiyanı birləşdirən strateji nəqliyyat və ticarət marşrutu kimi qiymətləndirir. Azərbaycan isə öz coğrafi mövqeyi və infrastruktur imkanları sayəsində bu dəhlizin mərkəzindədir. Rəqəmsal cəhətdən inkişaf etmiş və ticarət yönümlü bir ölkə kimi Estoniya konnektivliyin gücləndirilməsi sahəsində Azərbaycanla əməkdaşlıqda böyük potensial görür. Bu, logistika, limanların inkişafı, gömrük sistemlərinin rəqəmsallaşdırılması və məlumat əsaslı ticarət asanlaşdırılması kimi sahələri əhatə edə bilər. Xüsusilə nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sektorlarında fəaliyyət göstərən şirkətlərimiz bu dəhlizin inkişafına töhfə verməyə hazırdır. Bu əlaqələrin möhkəmləndirilməsi təkcə regional inkişafı deyil, həm də Aİ-nin ümumi əlaqəlilik gündəmini dəstəkləyir.
Biz Azərbaycanı Ermənistanla sülh prosesini irəlilətmək səylərinə görə alqışlayırıq
- Avropa İttifaqı “TRIPP” çərçivəsi də daxil olmaqla, regional sülh və konnektivlik layihələrini dəstəkləməyə hazır olduğunu bildirib. Bu dəstək Azərbaycan və Ermənistan arasında normallaşma və dayanıqlı əməkdaşlıq baxımından hansı formada ola bilər?
- Estoniya Cənubi Qafqazda sülhü və dayanıqlı əməkdaşlığı təşviq edən bütün təşəbbüsləri güclü şəkildə dəstəkləyir. Biz Azərbaycanı Ermənistanla sülh prosesini irəlilətmək səylərinə görə alqışlayırıq. Bu ilin avqustunda Vaşinqtonda imzalanan birgə bəyanat hər iki tərəfin normallaşma və xoş qonşuluq münasibətlərinə sadiq olduğunu göstərən müsbət siqnaldır. Estoniya ümid edir ki, bu dinamika davam edəcək, Vaşinqton razılaşmalarının həyata keçirilməsinə, nəqliyyat yollarının açılmasına və davamlı sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. Aİ çərçivəsində, o cümlədən TRIPP təşəbbüsü vasitəsilə Estoniya sülhü möhkəmləndirə biləcək konnektivlik layihələri, infrastruktur dəstəyi və etimad quruculuğu tədbirlərinin tərəfdarıdır.
Ukraynanın ən sadiq tərəfdarlarından biri kimi Estoniya anlayır ki, hər bir həmrəylik addımı böyük əhəmiyyət daşıyır
- Azərbaycan müharibənin əvvəlindən etibarən Ukraynaya humanitar yardım göstərir. Ukraynanın sadiq tərəfdaşlarından biri kimi Estoniya bu yardımları necə qiymətləndirir?
- Estoniya Azərbaycanın humanitar yardımlarını və xüsusilə Ukraynanın enerji infrastrukturunun bərpasına göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Ukraynanın ən sadiq tərəfdarlarından biri kimi Estoniya anlayır ki, hər bir həmrəylik addımı böyük əhəmiyyət daşıyır. Hazırkı çətin şəraitdə — Rusiya mülki və enerji infrastrukturlarına hücumlarını artırdığı bir vaxtda — belə dəstək Ukraynanın davam gətirməsinə və yenidən qurulmasına kömək edir.
Estoniya–Azərbaycan münasibətlərinin gələcəyi ümidverici və perspektivlidir
- Nəhayət, Estoniya–Azərbaycan münasibətlərinin gələcəyini regional sabitlik, konnektivlik və ortaq Avropa dəyərləri kontekstində necə görürsünüz?
- Estoniya–Azərbaycan münasibətlərinin gələcəyi ümidverici və perspektivlidir. Bakıda Estoniya səfirliyinin açılması tərəfdaşlığımızda yeni bir fəsil açacaq, daha sıx siyasi dialoqa və müxtəlif sahələrdə daha fəal əməkdaşlığa şərait yaradacaq.