Qarabağ İctimai Forumunun keçirdiyi sorğunun nəticələri açıqlandı
15 oktyabr 2010 12:34 (UTC +04:00)

Qarabağ İctimai Forumunun keçirdiyi sorğunun nəticələri açıqlandı

Qarabağ İctimai Forumu vətəndaş cəmiyyəti institutlarının Qarabağ məsələsi ilə bağlı apardığı təbliğat işinə münasibəti öyrənmək üçün QHT, KİV və ictimaiyyət arasında bu ilin iyul-iyun aylarında sorğu keçirib.


Lent.az-ın verdiyi məlumata görə, bu gün 974 nəfər arasında keçirilmiş sorğunun yekun nəticələrinin təqdimatı keçirilib.


Sorğu zamanı məlum olub ki, respondentlərin 54 faizini Qarabağ problemi ilə bağlı aparılan təbliğat işi qane etmir. Rəyi öyrənilənlərin 18,5 faizi təbliğat işindən qismən razıdır. 55,5 faiz Qarabağ problemi ətrafında təbliğat işini gücləndirmək üçün elektron KİV-lərin imkanlarından geniş istifadə etməyi, 27,5 faiz Azərbaycanda və xarici ölkələrdə beynəlxalq səviyyəli konfranslar keçirilməsini vacib sayır. 21,2 faiz hesab edir ki, Qarabağ uğrunda gedən müharibəni əks etdirən qısametrajlı filmlər çəkilməli və internetdə yerləşdirilməlidir. 18,8 faiz Qarabağın tarixi ilə bağlı müxtəlif portalların yaradılmasına tərəfdardır. Respondentlərin 16,5 faizi konqresmenlər, senatorlar və parlamentarilərlə iş aparılmasını istəyir.


Sorğuda iştirak edənlərin 58,9 faizini vətəndaş cəmiyyəti institutlarının Qarabağ problemi ilə bağlı həyata keçirdikləri layihələr qane etmir. 22,8 faiz vətəndaş cəmiyyəti institutlarının bu sahədəki fəaliyyətindən qismən, 18,3 faiz tam razıdır.


Rəyi öyrənilənlərin 29,5 faizi Qarabağ probleminin həllini dövlət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların birgə fəaliyyətindən gözləyir. Yalnız dövlət və vətəndaş cəmiyyətinin birgə fəaliyyətinin bu problemin həllinə kömək edəcəyini düşünənlərin sayı 17,5 faizdir. Respondentlərin 63,2 faizi Qarabağ probleminin həllinə dair indiyə qədər görülən işlər sırasında dövlətlərarası danışıqların prioritet məqsədlərə xidmət etdiyini, 43,4 faizi portallar və saytların bu sahədəki əhəmiyyətini. 32,5 faiz sənədləri filmlərin, 29,1 faiz yerli və beynəlxalq konfransların əhəmiyyətli olduğunu bildiriblər.


Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində KİV-lərin və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti respondentlərin 28,5 faizini qane edir, 21,4 faiz qismən razıdır. 50,5 faiz isə bu sahədə fəaliyyəti qənaətbəxş saymır. Qarabağ müharibəsində zərər çəkmiş insanların hüquqlarının beynəlxalq səviyyədə qorunmasında QHT-lərin rolunu yaxşı qiymətləndirənlərin cəmi 10,8 faizdir. 38,1 faiz kafi qiymət verib. QHT-lərin rolunu pis qiymətləndirənlər isə 51,1 faiz olmaqla üstünlük təşkil edir.
Respondentlər Qarabağ məsələsi ilə bağlı daha aktiv fəaliyyətinə görə Heydər Əliyev Fondu və bu Fondun rəhbəri Mehriban Əliyevanı xüsusi qeyd ediblər. Dünya Azərbaycanlıları Konqresi, Qarabağ Azadlıq Təşkilatı Dağlıq Qarabağın Azərbaycanlı İcması və digər təşkilatların da adları çəkilib. Respondentlər həm də bu məsələdə fərqlənən politoloqların, ziyalıların adlarını qeyd ediblər.
# 567

Oxşar yazılar