Səfir: “Sərhədin açılması bölgəyə hərtərəfli sülh gətirməz” – MÜSAHİBƏ
15 oktyabr 2010 11:28 (UTC +04:00)

Səfir: “Sərhədin açılması bölgəyə hərtərəfli sülh gətirməz” – MÜSAHİBƏ

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın APA-ya müsahibəsi


- Türkiyə və Ermənistan arasında Sürix protokollarının imzalanmasından bir il ötdü. Bu sahədə son durum necədir? Son günlər Türkiyə mətbuatı İsveçrənin tərəflər arasında müzakirələri təkrar başlatmaq istiqamətində yenidən fəaliyyətə başladığını yazır.

- Bildiyiniz kimi, Ermənistan protokolları dondurduğunu açıqladı. Ancaq Türkiyə protokolların mətninə və ruhuna bağlılığını qoruyur. Biz həmişə bunu demişik: Qafqaz bölgəsində sülh və sabitlik sərhədlərin ortadan qalxması ilə təmin oluna bilər. Türkiyə bu mövzuda çox səmimidir. Biz bölgədə sülh və asayiş istəyirik. Ancaq Ermənistanla bu gün sərhədləri açmağımız bölgəyə hərtərəfli sülh gətirməz. Biz istəyirik ki, Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərini normallaşdırsın. Türkiyə və Azərbaycan xalqları qardaşdır. Bunu Qərb ölkələri də daxil olmaqla hər kəs bilməlidir. BMT-nin, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qərarları yerinə yetirilməlidir.


- Sərhədlərin açılması üçün Avropa Birliyinin Türkiyəyə təzyiqləri barədə nə deyə bilərsiniz?

- Avropa ölkələri də Cənubi Qafqazda hərtərəfli sülhü dəstəkləyirlər. Ancaq bir ölkənin torpaqlarının 20%-nin işğal altında olması, 1 milyona yaxın insanın qaçqın durumunda yaşaması haqsızlıq və ədalətsizlikdir. Cənubi Qafqaz bölgəsinin sülh hövzəsinə çevrilməsi və əlverişli şərtlər yaranarsa, bütün sərhədlərin açılması səmimi arzumuzdur. Biz zatən qonşularımızla yaxşı münasibətlər qurmaq və sıfır problem istəyirik. Türkiyə və Ermənistan arasındakı əlaqələr normallaşarkən, eyni zamanda Azərbaycanla Ermənistan arasındakı əlaqələr də normallaşmalıdır.


- Bu günlərdə bir qrup türkiyəli siyasətçinin sərhədlərin açılması şüarı ilə sərhədi keçib Ermənistana getməsi barədə xəbərlər yayıldı. Bu, nə dərəcədə doğru məlumatdır?

- Bu, doğru deyil. Mən bu barədə heç nə deyə bilmərəm.


- Ötən ay Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı müvafiq sənədlər imzalandı. Növbəti mərhələdə bu şuranın əməli fəaliyyəti üçün hansı addımlar atılacaq? İlk toplantı nə zaman olacaq?

- Şuranın ilk toplantısının vaxtı hələ ki bəlli deyil. Amma hesab edirəm ki, yaxın vaxtlarda toplantılar keçiriləcək və müvafiq anlaşmalar olacaq.


- Şuranın fəaliyyəti konkret olaraq hansı sahələri əhatə edəcək?

- Hər bir sahəni. İqtisadiyyat, ticarət, mədəniyyət, terrorizmlə mübarizə və digər sahələr əhatə olunacaq. Biz belə şuraları Yunanıstanla, Rusiya ilə, Suriya və İraqla da yaratdıq. Yunanıstanla may ayında belə bir strateji şura qurulub. Türkiyədən 12 nazirin qatıldığı ilk toplantıda 18 sənəd imzalanıb. Bu şuralar iki ölkə əlaqələrinin üst səviyyəyə yüksəldilməsinə xidmət edir. Artıq digər ölkələrlə qurulmuş bu şuraların fəaliyyətini effektiv adlandırmaq olar.


- Gəncəyə bir ay əvvəl Türkiyənin baş konsulu təyin olundu. Konsulluğun fəaliyyətinin təşkili istiqamətində işlər nə yerdədir? Azərbaycanın başqa şəhərlərində də konsulluqların açılması planlaşdırılırmı?

- Konsulluğun fəaliyyətə başlaması istiqamətində işlər aparılır. Bina axtarırıq. Binanın tapılması, kirayələnməsi və ya satın alınması, təmir-bərpa işləri və s. vaxt tələb edir. Amma baş konsul sentyabrın 15-də fəaliyyətə başlayıb. Ümid edirəm ki, yaxın vaxtlarda konsulluğun fəaliyyəti təmin ediləcək. Hazırda Türkiyənin Gəncədən başqa Naxçıvanda da konsulluğu var. Hələ ki digər şəhərlərdə konsulluqların açılması gündəmdə yoxdur.


- Bakı-Tiflis-Qars dəmir yolunun davamı olaraq Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi istiqamətində Türkiyə ərazisində aparılan işlərlə bağlı son vəziyyət barədə məlumat verməyinizi istərdik.

- Biz Naxçıvana çox diqqət yetiririk. Bu bölgə Türkiyəyə əmanətdir. BTQ gerçəkləşdiriləndən sonra, Qarsdan Naxçıvana dəmir yolu tikiləcək. Bununla yanaşı, İğdırdan Naxçıvana qaz kəmərinin çəkilməsi də gündəmdədir. Dəmir yolu ilə bağlı tədqiqatlar və tikinti işləri davam edir. Mütəmadi olaraq layihə ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstan mütəxəssislərinin üçtərəfli görüşləri olur. Verilən məlumatlara görə, 2012-ci ilin sonunda dəmir yolu istifadəyə veriləcək.


- Türkiyə noyabr ayında Azərbaycanda keçiriləcək parlament seçkilərindən nə gözləyir?

- İnanıram ki, bu seçkilər demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun şəkildə keçiriləcək. İstəyirəm hər kəsin bilsin ki, Türkiyə seçkilərə qatılan bütün namizədlərə eyni yaxınlıqda dayanır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fikrinə əsaslanaraq, seçilən millət vəkillərini eyni zamanda öz millət vəkillərimiz kimi görürük. Onu da deyim ki, Türkiyənin millət vəkilləri də eyni zamanda Azərbaycan xalqının təmsilçiləri kimi vəzifəni yerinə yetirirlər.


- Sonda Azərbaycan və Türkiyə milli futbol komandalarının oyununa münasibətinizi bilmək istərdik.

- Qarşılaşmada çox gözəl bir oyunla qələbə qazanan Azərbaycan milli komandasının qazandığı qələbə münasibətilə bütün oyunçuları, məşqçiləri və Azərbaycan vətəndaşlarını təbrik edirəm. Dost və qardaş iki ölkənin milli komandaları arasında oynanan bu anlamlı oyunu yaxşı oynayan tərəf qazandı. Oyundan sonra azərbaycanlı bir futbolçunun da ifadə etdiyi kimi, biz ölkələrimizin üçüncü ölkələrlə oyunlarında hər zaman bir-birimizi dəstəkləyirik. Öz aramızdakı oyunlar da peşəkarlıq çərçivəsində oynanılmaqdadır. Oyun öncəsi iki komandanın oyunçularının bir-birlərinə qarşı nümayiş etdirdikləri dostyana və centlmen davranışları da bu anlayışın bir hissəsi olaraq görmək gərəkdir. Matç boyunca iki ölkənin tərəfdarlarının həm Azərbaycan, həm də Türkiyə üçün birlikdə sevinməsi məmnuniyyətlə qarşılanıb. Azərbaycanda digər idman sahələri kimi futbolun da sürətlə inkişaf etməsinə sevinirəm. Azərbaycan milli komandasının “Euro 2012” çərçivəsində keçirəcəyi növbəti görüşlərdə də qələbə qazanmasını arzulayıram.
# 596

Oxşar yazılar