AXCP-Müsavat siyasi partiyalar bloku emblemsiz qalıb
14 sentyabr 2010 15:19 (UTC +04:00)

AXCP-Müsavat siyasi partiyalar bloku emblemsiz qalıb

Yaratdıqları siyasi partiyalar blokunun adını püşkatma yolu ilə həll etmiş Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hələ blokun emblemi məsələsində razılığa gələ bilməyib.


Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu Lent.az-a açıqlamasında deyib ki, AXCP-Müsavat siyasi partiyalar blokunun emblemi ətrafında müzakirələr gedir.


O, qısa müddətə blokun embleminin hazır olacağını bildirib. Lakin Mehman Cavadoğlu hansı səbəbdən emblem məsələsinin indiyə qədər yubandığını və emblemlə bağlı partiyaların təklif etdikləri variantları açıqlamaq istəməyib.


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyib ki, blokun Seçki Qərargahında bu məsələ müzakirə olunandan sonra vahid qərar qəbul ediləcək: “İndiki halda AXCP və Müsavat Partiyasının blokun emblemi ilə bağlı müəyyən fikirləri var. Buna texniki məsələ kimi baxmaq lazımdır. Blokun vahid Seçki Qərargahının toplantısında məsələ müzakirə olunacaq və qərar qəbul edilərək emblem Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. Bu gün hər iki partiyanın seçki qərargahlarının genişləndirilmiş toplantısı keçirilir. Yəqin ki, yaxın günlərdə vahid Seçki Qərargahının toplantısı keçiriləcək və emblem məsələsi orada müəyyən olunacaq”.


Emblem məsələsini partiyaların indiyə qədər niyə həll edə bilməməsinə Fuad Qəhrəmanlı da aydınlıq gətirmək istəməyib: “Artıq partiyaların vahid bloku yaradılıb. İndi partiyaların ayrı-ayrılıqda emblemlə bağlı təkliflərinin mətbuata çıxarılması məqbul deyil. Ortaq variant blokun adından təqdim olunacaq və vahid rəyi ifadə edəcək”.


Qeyd edək ki, MSK AXCP-Müsavat siyasi partiyalar blokunu sentyabrın 13-də qeydə alıb. MSK-nın iclasında blokun emblemi məsələsinin hələ açıq qaldığı bildirilib.

Ramiz
# 751

Oxşar yazılar