Bu metaldan tibbdə, kosmik gəmilərin tikintisində, həmçinin zərgərlik məmulatlarının yaradılmasında istifadə olunur. Hazırda planetin ən bahalı metalı sayılan osmium-187-nin yeganə ixracatçısı Qazaxıstandır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 2025-ci ildə onun qramının qiyməti 10 min dollara çata bilər.
Osmium-187-nin nadir izotop, mavi rəngli gümüşü ağ metal olduğu bildirilir. Bu metalın astronomik qiyməti təkcə onun gözəlliyi ilə deyil, həm də məhdud əlçatan olması ilə bağlıdır. Məsələn, məlumata görə, Qazaxıstan hələ ixrac etməyə başlamazdan əvvəl osmium-187-nin qramı 100, hətta 200 min dollara çata bilərdi.
Bununla belə, qeyd edildiyi kimi, Qazaxıstan yeganə ixracatçı ölkə kimi bazarı sabitləşdirə bilib, baxmayaraq ki, bu metal indi də qızıldan 300 dəfə, platindən isə 400 dəfə bahadır.
Bildirilir ki, Qazaxıstanda osmium-187 hasilatının əsas mənbəyi Ulitay vilayətində yerləşən filiz yataqlarıdır. Orada bu metal unikal konsentrasiyada tapılır - 100 qram filizdən cəmi 0,02 faiz osmium əldə etmək olar ki, bu da dünyada ən yaxşı göstərici hesab olunur.
Bu metalın çıxarılması və təmizlənməsi prosesi olduqca mürəkkəbdir. Osmium-187 xam şəklində zəhərli olduğundan, proses son dərəcə dəqiqlik, qabaqcıl texnologiya və ciddi nəzarət tələb edir.
Qeyd edildiyi kimi, osmium-187 təkcə nadirliyinə görə deyil, həm də unikal xüsusiyyətlərinə görə belə qiymətlidir. Osmium ərintiləri super güclü hissələri yaratmaq üçün, xüsusən də kosmik gəmilərin tikintisində istifadə olunur.
Həmçinin bildirilir ki, bu metal kortizon kimi dərmanların sintezində katalizator rolunu oynayır və tibbi implantlarda istifadə olunur. Üstəlik, almazların səpələnməsini xatırladan osmium kristalları eksklüziv zərgərlik yaratmaq üçün istifadə olunur.