Bakıda ərini çarpayıdan yıxıb öldürən  qadın məhkəmədə AĞLADI
18 iyul 2025 16:36 (UTC +04:00)

Bakıda ərini çarpayıdan yıxıb öldürən qadın məhkəmədə AĞLADI

Bakıda mübahisə zamanı əri Hacı Mahmudovu öldürməkdə təqsirləndirilən Raidə Mahmudovanın məhkəmə iclası keçirilib.
 
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə baxış iclası baş tutub.

Məhkəmədə dindirilmış tibbi ekspert Orxan Əliyev bildirib ki, zərərçəkmişin aldığı xəsarət mobil telefonla yetirilə bilməz. Onun sözlərinə görə, söhbət ciddi xəsarətdən gedir:

“Gicgah sümüyündə sınıq var və bu cür xəsarətin mobil telefonla yetirilməsi mümkün deyil. Hətta çəkic belə həmin təsiri göstərə bilməz”.

Təqsirləndirilən şəxs Raidə Mahmudova məhkəmədə ifadə verərkən göz yaşlarını tuta bilməyib və o iddia edib ki, hadisəni mobil telefonla törədib:

“Aramızda mübahisə oldu, o an qolumu möhkəm tutdu. Mən də onu itələdim, o, isə oturaq vəziyyətdə idi. Köynəyimdən yapışdı, mən də əl-qol atdım. O an yıxıldığını gördüm. Mobil telefonla onu itələdim, amma telefonun bədəninin hansı nahiyəsinə dəydiyini görmədim. Sadəcə bir zərbə dəydi. Daha sonra yataqla radiator arasında olan boşluğa yıxıldı”.

Növbəti proses iyulun 25-nə təyin olunub.

Qeyd edək ki,hadisə 2024-cu il oktyabrın 24-də saat 8 radələrində paytaxtın Xətai rayonu ərazisində baş verib. 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə qısqanclıq zəminində baş verib. Gecə saatlarında cütlük arasında mesajlaşma ilə bağlı mübahisə yaranıb. Bunun münaqişəyə çevrilməsi ilə R.Mahmudova ərini itələyib və kişinin başı divara çırpılıb.

R.Mahmudova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Fidan Fərmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar