Bakıda kişi intim münasibətdə olduğu qadına qarşı külli miqdarda dələduzluq edib.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxs Babək Quliyev (soyad şərti) özünü nüfuzlu şəxs kimi təqdim edərək, dəfələrlə intim münasibətdə olduğu Məryəm adlı qadının pullarını ələ keçirib. O, qadını Şəmkirdə yol tikintisi üçün keçiriləcək tenderə qatılaraq, 2 milyon manat qazanacaqlarına inandırıb və bunun üçün sadəcə 30 min manata ehtiyac olduğunu deyib. Bu niyyətlə Nərimanov rayonu ərazisində Məryəmdən ümumilikdə 120 min 906 manatlıq qızıl-zinət əşyaları alıb. Sonra isə həmin qızılları lombarda qoyaraq, götürdüyü pulları şəxsi ehtiyaclarına və borclarını sərf edib.
Aldadıldığını görən qadın polisə şikayət edib. Bu zaman Babək binanın həyətində onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib, o cümlədən qadının başına “kəllə il vurub”.
Bundan əlavə, Babək təkər satışı ilə məşğul olan şəxsi də nazirlik əməkdaşı olduğunu deyərək aldadıb və 5260 manatlıq məhsulunu ələ keçirib.
Zərərçəkənlərin şikayəti əsasında Babək Quliyev 2023-cü ilin dekabrın saxlanılıb. Məlum olub ki, o, evlidir və iki azyaşlı övladı var. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən sonuncu prosesdə təqsirləndirilən şəxs hökm oxunub. Hökmə əsasən, Babək Quliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.