İyulun 14-18-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş nazirliyin qurumları arasında keçirilən beşnövçülük üzrə çempionata yekun vurulub.
FHN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, çempionatda qurumları təmsil edən 12 komandadan 90-a yaxın əməkdaş əzmkarlıq göstərərək öz qüvvəsini sınayıb.
Keçirilən çempionatda iştirakçılar güc çalışmaları, maneələr zolağının dəf edilməsi, atıcılıq, üzgüçülük və dağa dırmanma mərhələləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarışın son günündə komanda və şəxsi hesab üzrə qaliblər müəyyən olunub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan mükafatlandırma mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qalibləri təbrik edərək, yarışın əhəmiyyətindən danışıb, idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib.
Yarışda komanda hesabında 1-ci yeri FHN-in Akademiyasının, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yeri isə Bakı Regional Mərkəzinin komandası tutub.
Yarışın əzmkar komandası Mülki müdafiə qoşunlarının komandası olub.
Şəxsi nəticələrdə 1-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Adil Teymurov, 2-ci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Fəhmin Süleymanlı, 3-cü yerə isə Mülki müdafiə qoşunlarının əməkdaşı Cavanşir Fərzəliyev layiq görülüb..
Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb.