Bakıda AGRI layihəsi üzrə Bakı Qətnaməsinin layihəsi müzakirə olunub
13 sentyabr 2010 13:39 (UTC +04:00)

Bakıda AGRI layihəsi üzrə Bakı Qətnaməsinin layihəsi müzakirə olunub

«APA-ECONOMICS»in məlumatına görə, sənədin sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri tərəfindən imzalanması gözlənilir.


Qətnamə layihəsinin müzakirəsi zamanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev layihə haqqında ümumi məlumat verib və qeyd edib ki, layihənin həyata keçirilməsi çərçivəsində birgə şirkət yaradılacaq ki, bu şirkət ilk növbədə layihəni maliyyələşdiriləcək donorların axtarışı ilə məşğul olacaq.


Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton bəyan edib ki, sözügedən layihə Rumıniyaya enerji daşıyıcılarının nəqlini diversifikasiya etməyə imkan verəcək. Bundan başqa nazir vurğulayıb ki, layihə bütün potensial investorların iştirakı üçün açıqdır.


Gürcüstanın energetika naziri Aleksandr Xetaquri isə öz çıxışında əlavə edib ki, layihə bir neçə mərhələdən ibarət olacaq. Bu, layihələndirmə, investorların cəlb edilməsi və tikinti ilə bağlı olan mərhələlərdir.


Sabah isə Bakıda AGRI layihəsi üzrə iştirakçı ölkələrin dövlət başçıları səviyyəsində sammitin keçirilməsi planlaşdırılır.


Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. AGRI layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq.
# 756

Oxşar yazılar