Bakıda “Qanlı baltalar”
26 noyabr 2012 18:15 (UTC +04:00)

Bakıda “Qanlı baltalar”

Lent.az-ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə çıxış edən birliyin sədri Mehriban Zeynalova Azərbaycanda qadınlara qarşı edilən zorakılığın statistikasını açıqlayıb: “Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2011-ci ildə 178 cinayət hadisəsinin məişət zorakılığı ilə bağlı olub və onların 10.5 faizi əvvəllər cinayət törətmiş şəxslər, 10.2 faizi sərxoş vəziyyətdə olan şəxslər tərəfindən törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 74.3 faizi döymə, 20.5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 1.7 faizi qəsdən adam öldürmə, 3.5 faizi isə digər cinayətlərə nəticələnib. 2012-ci ilin 6 ayı ərzində qeydə alınan 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar, 4-ü isə hamilə qadındır. Bu növ cinayətlərin 10.2 faizi əvvəllər cinayət törətmiş şəxslər ,11.3 faizi sərxoş vəziyyətdə olan şəxslər tərəfindən törədilib Məişət zorakılığı nəticəsində baş verən cinayətlərin 73.9 faizi döymə, 22.4 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0.5 faizi qəsdən adam öldürmə, 3.2 faizi isə digər cinayətlərlə nəticələnib”.

Bildirilib ki, 2005-ci ildə 15 nəfər, 2010-cu ildə 109, 2011-ci ildə 135, 2012-ci ildə 38 nəfər qadın evdə öldürülüb.

Tədbirdə köhnə adətlərin qadına qarşı zorakılığa mənfi təsiri qeyd edilib. “Yaxşı at özünə qamçı vurdurmaz”, “Ər ağacı, gül ağacı, əsirgəmə vur ağacı”, “40 toyuğun ağlı bir qadının ağlı qədərdir”, “Qızı özbaşına buraxsan ya halvaçıya gedər, ya zurnaçıya”, “Duvaqla girib, kəfənlə çıxmalısan”, “Qız acı, oğul baş tacı”, “Qızın ki, oldu, qanına qızdırma doldu”, “Oğul olan , qız talan” deyimlərinin qadınlar arasında sorğusu keçirilib. Sorğuda iştirak edən qadınlar, bu deyimlərin qadına qarşı zorakılığa bəraət qazandırılması kimi göstərib.

Tədbir zaman İctimai Birlik tərəfindən “Qanlı baltalar” adlı “filəşmob” keçirilib. Kişilər tərəfindən zorakılığa məruz qalan , üz-gözləri, geyimləri qanı əks etdirən qırmızı rəngə boyanmış xanımlar və əllərində balta olan bəylər tərəfindən hücuma məruz qaldıqları səhnələşdirilib.

Tədbirdə bildirilib ki, noyabrın 26-dan dekabrın 10-dək bu istiqamətdə bir sıra tədbirlər keçiriləcək. “Filəşmob” şəhərin müxtəlif yerlərində keçirilməsi nəzərdə tutulub.

Millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, şair Rüstəm Behrudi və digərləri çıxış edərək, qadınlara qarşı edilən zorakılıq hallarının artmasının səbəbləri, eləcə də bunun qarşısını almaq üçün mübarizə yollarından danışıblar.

Sonda qadınlara qarşı zorakılığa öz səsini qaldıran qarşı cinsin nümayəndələri olan ictimai xadimlərə “Ağ lent” Diplomu verilib.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2543

Oxşar yazılar