Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid Şahlar Əsgərova həsr olunub.
Əsgərov Şahlar Firudin oğlu. 1962-ci il yanvarın 5-də Füzuli rayonunun Yal Pirəhmədli kəndində anadan olub. Orta məktəb təhsilini Füzulinin Qarğabazar kəndindəki Pənah Qasımov adlı orta məktəbdə başa vurub. 1983-cü ildə ailə qurandan sonra Heydər Əliyev Adına Dərin Özüllər zavodunda çilingər işləməyə başlayıb. 1993-cü ilin sonlarında könüllü olaraq cəbhəyə yola düşüb. 1994-cü il yanvarın 3-də Murovda qar uçqununa düşərək şəhid olub. Qaradağ rayonu Sahil qəsəbəsində küçələrdən biri Şahlar Əsgərovun adını daşıyır.
Keçmiş
Şahlar Əsgərov haqqında çox eşitmişdim. Onun vətənpərvərliyi, cəbhəyə könüllü yollanması və çox qısa zamanda şəhid olması faktı məni həmişə kədərləndirirdi. Onun ailəsi ilə görüşmək, illər əvvəl qaysaq vurmuş yaraya toxunmaq isə xeyli ağrılı idi. Üstəlik, hər dəfə bir şəhid ailəsi ilə görüş mənə müharibənin içərisindən çıxıb gəldiyim o məşum günləri, torpaqlarımızın işğalını yenidən xatırladır, o qədər də uzaq olmayan keçmişdəki ağır günləri yadıma salırdı.
Bütün bunları fikrimdə götür qoy edə-edə şəhid Şahlar Əsgərovun ailə üzvləri ilə görüşə yollandım.
Şəhidin həyat yoldaşı, iki övladına həm ata, həm də ana olmuş Nəcimə xanımla görüşüb mənzilə keçəndən sonra masa arxasında bizi onun min bir əziyyətlə böyütdüyü iki övladından biri - oğlu Zamiq Əsgərov gözləyirdi.
Nəcimə xanım deyir ki, həyat yoldaşı Şahlar Əsgərov 1993-cü ildə könüllü olaraq cəbhəyə gedir. Ancaq gedəndən iki ay sonra şəhid olur. O, ağrılı da olsa, həmin dövrlərə qayıdaraq, xatırladıqlarını nəql edir:
- Şahlar 1993-cü ilin noyabr ayının 5-də könüllü olaraq “Qaradağ batalyonu”nun tərkibində cəbhəyə gedib. Müharibənin ən kəskin dövrlərində cəbhəyə can atırdı. Həmişə evə gələndə təəssüflə deyirdi ki, “oblava” olanda polislər məni niyə tutub cəbhəyə aparmırlar?! Cəbhəyə getməzdən əvvəl də bəzən ya işdən icazə ilə, ya da məzuniyyət vaxtı Füzuliyə gedib, postlarda dayanırdı.
Tez-tez deyirdi ki, “məni aparmasalar, könüllü gedəcəm.” Mən də, sözün düzü, o qədər də əhəmiyyət vermirdim ki, həmişə dediyi sözlərdir. Bir gün səhər tezdən evdə çıxıb getdi. Bütün günü onu gözlədim, gəlib çıxmadı. Gecə yarıdan keçəndə qapı döyüldü. Açdım ki, o, hərbi geyimdə kandarda dayanıb. Gedib könüllü cəbhəyə yazılmışdı. Elə həmin günün səhəri məndən başqa heç bir ailə üzvlərinə demədən cəbhəyə yollandı.
Qələbə arzusu
Həmin vaxt azyaşlı uşaqları olan Şahmarı saxlamaq, yolundan yayındırmaq isə Nəcimə xanımın ağlından belə keçmir.
- Mən ona heç nə deyə bilməzdim. Bilirdim ki, onu yolundan saxlamaq mümkün deyil. Xaraktercə yeri gələndə mülayim, yeri gələndə isə ciddi olmağı bacarırdı. Həm də biz əslən Füzulidənik. Elə həmin ilin avqust ayında da Fizuli işğal olunmuşdu. O, ancaq bu məqsədlə gedirdi ki, torpaqlarımızın işğaldan azad olunmasında iştirak etsin. Onun bir qardaşı vardı, Fizuli işğal olunmazdan əvvəl xəstəlikdən dünyasını dəyişmişdi, qəbri də rayonda qalmışdı. Bu Şahlara yer edirdi. Həmişə deyirdi ki, mənim qardaşımın qəbri ayaq altında qala bilməz.
Şahlar cəbhəyə gedəndən düz iki ay sonra şəhid olur. O gündən sonra ailə Şahmarın yaşaması uğrunda xəbərləri gözləməklə günlərini yola verir.
- Noyabrın 17-də Şahlargilin batalyonu Murovdağa yola düşür. Onlar, səhv etmirəmsə, Kəlbəcərin bir kəndi uğrunda döyüşdən qayıdanda, yanvarın 5-də qar uçqununa düşürlər. Batalyonun əsgərlərinin çoxu qar uçqununda həlak olur. Şahlar isə şaxtadan donmuşdu. Cəbhəyə getməzdən əvvəl onun ayağını işdə şüşə kəsmişdi. Dağda da elə həmin ayağı tutulub. Cəbhə dostu nə qədər çalışıbsa, onu yeriməyə məcbur edə bilməyib. O, ancaq silahını yollaya bilmişdi ki, silahı it-bata düşməsin. Özü isə gələ bilməmişdi. Həmin dostuna bircə kəlmə demişdi ki, - oğlum, Zamiqim yetim qaldı (ağlayır)... Hər dəfə bu haqda danışanda yenidən o günləri xatırlayıram. Aradan bu qədər vaxt keçsə də elə bilirəm hər şey dünən olub. Mən onu heç vaxt ölmüş insan kimi xatırlamıram. Həmişə onu yanımda hiss edirəm.
O, bir günlük məzuniyyətə gəlmişdi. Evdən son dəfə gedəndə pilləkənləri düşəndə bir neçə dəfə çevrilib narahat-narahat üzümə baxdı. Elə bil getmək istəmirdi. Hiss edirdi ki, qayıtmayacaq.
Təklik
Təbii ki, gənc, iki uşaqlı bir qadın üçün birdən-birə tək qalmaq çətin idi. Qarabağ müharibəsindən sonra Nəcimə xanım kimi yüzlərlə, minlərlə qadınlar tək, başsız qaldılar. Onlar üzdə gülür, gizlində, uzun gecələrdə isə bir tərəfə çəkilib göz yaşlarını tənhalığa, qaranlığa axıdırdılar. Müharibənin ən dəhşətli məqamlarından biri həm də uşaqların atasız qalması idi. Şahmarın ailəsi, uşaqları bu atasızlığı bütün şəhid övladları kimi dərindən yaşamışdılar...
- Ondan sonra mənə çox çətin oldu. O, hər şeyi özü həll edirdi. Mən mağazaya belə getməmişdim. Sonralar onu qınadığım məqamlar da olurdu. Qızımın 11, oğlumun isə 5 yaşı vardı. Qızım atasının ölümünü anlayırdı. Elə oğlum da. Onlar heç vaxt məndən soruşmadılar ki, atamız hardadır? Həyat hərəni bir cür sınağa çəkir, məni də belə çəkdi...
Qız
Söhbətimizin bu yerində Şahlar bəyin qızı Samirə xanım otağa daxil olur. Masanın üzərində atasının şəkillərini görür. Atasını necə xatırladığını xəbər alıram.
- Aydın xatırlayıram. İşdən gəlməyini, bloka girməyini, geyindiyi paltarların rənginə kimi xatırlayıram (doluxsunur). Hamının yanında bizim başımızı uca edib. İndinin özündə də onun haqqında danışanlar ağızdolusu danışırlar. Onun cənazəsi gələn gün mən dərsdəydim. Xəbəri mənə çatdırmağa heç bir müəllim ürək etməmişdi. Qonşularımız gəlib sinifdən məni bayıra çağıranda ürəyimə damdı ki, atama nəsə olub. Oturduğum yerdən dik qalxdım, elə bildim ki, ürəyimdə nəsə qırıldı. Evə gəlib pilləkənləri qalxanda qışqırıqdan, səs-küydən bildim ki, atam artıq yoxdur. Gözüm bircə qardaşımı axtarırdı. Balacamız o idi. Bildim ki, hamının başı qarışıb. Heç kimə heç nə demədən, dili batmış adam kimi bir kənara çəkildim. Qonşumuz Səxavət əmi məni evlərinə apardı. Qardaşım da onlarda idi. Onu görəndən sonra bir az rahatlaşdım.
Oğul
Onlar ailədə iki uşaq idilər. Qız övladlarının analıq instinkti onlara hər zaman qorumağı, qurmağı təlqin edir. Samirə də qardaşından altı yaş böyük idi atası şəhid olanda. Ona görə də qardaşı ilə sonrakı münasibətlərini qəribə bir sızıltıyla nəql edir.
- Atamdan sonra mən yox, Zamiq mənə ata oldu. Baxmayaraq ki, o, məndən yaşca çox kiçik idi. Amma mən ona qıymadım, onu qorudum (ağlayır). Ayağımın çəkmələrinə qədər çıxarıb qardaşıma geyindirirdim ki, ona soyuq olmasın, xəstələnməsin. Onda anamızın vəziyyəti də yaxşı deyildi. Həmişə fikirli, gözüyaşlı olurdu. Amma böyüyəndən sonra, elə indi də Zamiq mənə həm qardaş, həm də atadır. O, həmişə qaçırdı, oynayırdı. Amma üzündə, gözlərində həmişə kədər olurdu. Mən istəyirdim onu öz yanıma çəkib qucaqlayım ki, heç kim bizə toxunmasın.
Həsrət
On birinci sinfə qədər gözüm yolda qaldı. Həmişə ən xoş, ən acı günlərimdə belə atamı gözlədim. Bəzən təsəvvür edirdim. Xəyal qururdum ki, bax, indi qapı açılacaq, qarayanız, hündürboylu atam içəri girib, bizi qucağına alacaq, həmişəki kimi göyə qaldıracaq, atıb-tutacaq, saçımızı sığallayacaq. Amma günlər uzanır, illər bir-birini yola salır, atam isə gəlmirdi ki, gəlmirdi. Həmişə belə bir təsəllim olurdu ki, bəlkə itkin düşüb, bəlkə səhv adamın cənazəsini gətiriblər. Öz-özümə fikirləşirdim ki, mənim atam ölə bilməz. O, mütləq qayıdacaq.
Atamın xatirəsi heç vaxt köhnəlmir. O, hər yaşda mənim atamdır. Anam da bizə elə tərbiyə verdi ki, biz həmişə onun adını uca tutduq. Heç vaxt heç kimdən nəsə ummadıq. Anam da bizə çox yaxşı baxdı. Çox zəhmət çəksə də bizi heç kimdən pis mənada fərqlənməyə qoymadı.
Dözüm
Nəcimə xanım, deyir ki, yoldaşının ölüm xəbərini qohumları, yaxınları uzun müddət ondan gizlədiblər...
- Çox gec xəbər tutdum. Şahlar yanvarda həlak olsa da, meyiti iki ay yarımdan sonra tapıldı. Martın 19-da dəfn olundu. Həmin günə qədər onun ölümünü məndən gizlətdilər. Ailədə hamı bildi, məndən başqa. Qonşularım da bilirmişlər, ona görə məni heç vaxt tək qoymurdular. İki ay yarım məni evə yığa bilmədilər. Onun meyiti gələn günə qədər mən həyətdə oturub, gözümü yola dikirdim. İnanmırdım ki, o, ölə bilər. Onun ölümünü ağlıma gətirmirdim. Fikirləşirdim ki, ən pis halda yaralı olar.
Onun ölümündən sonra dəfələrlə özümü öldürmək istədim. Bir dəfə də baldızım dərmanları əlimdən aldı, dedi ki, bir də buna cəhd etsən, mane olmayacam, amma yadında saxla, uşaqların ortalıqda qalacaq. Yaşamaq mənim üçün dözülməz idi.
Şahların qırxına qədər özümdə olmadım. Boğazımdan su da keçmirdi. Çörəyi çeynəyirdim, amma uda bilmirdim. Həmin günlər sağ qalmağım möcüzə idi. Allah anama rəhmət etsin, uşaqlara o baxırdı. Bir gün yenə səhər yeməyində heç nə yeyə bilmədim. Qızım mənə diqqətlə baxdı. Fikrin tam ifadə edə bilməsə də dedi: Ana, sən belə edəndə bilirsən biz necə oluruq?
Qızımın bu sözləri elə bil məni ayıltdı. Öz-özümə fikirləşdim ki, mən özüm üçün yox, bunlar üçün yaşamalıyam. Ona qədər mən evdə kirayənişin kimi yaşayırdım. Qonşularım sağ olsunlar, ki, bizi Şahlardan sonra heç vaxt tək buraxmadılar.
Keçmişi yada salanda, xatirələr bizi kədərləndirir, amma kədərləndiyimiz qədər də fərəhlənirik. Həmişə ona görə bizim başımız uca olub. Biz də onun adı ilə qürur hissi duymuşuq. İnşallah, torpaqlarımız geri alınar. Bu, bütün şəhidlərimizin ruhunu şad edəcək.
Yadigar
Söhbətimizin sonunda Nəcibə xanım Şahlar bəydən yadigar qalan yeganə əşyanı - saat üzüyü göstərib deyir ki, ərinin üzərindən çıxan son əşya saat üzük uzun müddət tapılmır. Kimdən xəbər alırlarsa, gördüm deyən olmur. Nəhayət, illər sonra şəhidin bacısı qardaşının üzüyünün onda olduğunu bildirir və onu Şahlar bəyin oğluna bağışlayır.
Şahlar Əsgərovun doyunca yaşamadığı evdən sağollaşıb çıxanda oğlu Zamiq mənə yoldaşlıq edib, ötürür. On doqquz il yaşadıqları yataqxananın yanından ötəndə ayaq saxlayıb, qaranlıqda ağ çərçivəli pəncərələri olan evə baxır. 5 yaşına qədər həmin evdə atası ilə birgə keçirdiyi günləri xatırlayır:
- Sonralar başa düşdüm ki, atam müharibəyə getməyə bilməzdi. Cəbhəyə getməzdən bir gün əvvəl o, iş yoldaşları və dostları ilə oturub söhbət edirmişlər. Birdən atam qayıdır ki, baxın, biz burda rahat masa arxasında əyləşib, qızınıb, söhbət edirik. Amma cəbhədə soyuqdan donan, canından keçən oğullar da var.
Elə həmin günü hamı söz verir ki, səhəri günü bir nəfər kimi cəbhəyə yollansınlar. Və atam verdiyi sözün üstündə durur. Ertəsi günü cəbhəyə yola düşür. Həyatı bahasına olsa belə, vətən üçün verdiyi sözün üstündə kişi kimi dayanır. Mən atamı hər zaman bu sözü və xarakteri ilə xatırlayıram. O, sözü-söhbəti və əməli ilə mənim üçün həmişə canlı və sağdır.
Samirə Əşrəf