“Kaş biləydim telefonla danışdığı kim idi” – ŞƏHİD ƏMANƏTİ
28 may 2021 13:01 (UTC +04:00)

“Kaş biləydim telefonla danışdığı kim idi” – ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid Araz Seyfullayevə həsr edilib.

Şəhid Araz Seyfullayev

Araz Seyfullayev 2001-ci il mayın 28-də Masallı şəhərində anadan olub. 2018-ci ildə Masallı rayon Digah kəndində yerləşən 4 saylı orta məktəbi başa vurub.

Şəhid Araz Seyfullayev

2019-cu ildə Araz Seyfullayev Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Araz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı şəhərində dəfn olunub.

Şəhid Araz Seyfullayevin məzarı

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Gəncliyin qürubu...

Həyatın çox qəribə gərdişləri var. Bəzən elə olur ki, ömrün ən gözəl, ən gənc çağında çiyninə düşən dərdin keşiyini çəkməli, onun ağırlığı altında yaşamağa öyrəşməli olursan. Üzündə gülüşlər, qəhqəhələr oynadığı zaman, qəfil itkidən yaranan göz yaşları, qırışlar insanın simasında iz salır. Günay xanımın şəklini də görəndə “ola bilməz” sözlərini deməkdən, ardınca böyük, güclü təəssüf hissi keçirməkdən özümü saxlaya bilmədim. O, 40 yaşında, ömrünün ən gözəl çağında oğul itirmiş, şəhid anası olmuşdu. Bənizindən ağrı süzülən bu qadın iki oğlundan birini, evinin böyük uşağını İkinci Qarabağ müharibəsində qurban vermişdi. Onunla söhbətləşmək, həmdərd olmaq asan deyildi. Ancaq vətən uğrunda canını əsirgəməyən daha bir şəhidimizin insanlar tərəfindən tanınması, onun xatirəsinin işıqlandırılması üçün şəhid Araz Seyfullayevin atası Elsevər bəy və anası Günay xanımla söhbətləşməyə yollandım.

Qapını üzümə Günay xanım açdı. Otağa girən kimi divarlardan bizə boylanan oğlunun şəkillərini mənə göstərib, “başqa şəkilləri də var, siz oturun, indi gətirəcəm” dedi. Sinəsinə sıxdığı fotoları səliqə ilə masanın üzərinə düzüb danışmağa başlayır:

- Araz çox yanımcıl, haqsızlığa qarşı tez qeyzlənən uşaq idi. Hamının, bütün qonşuların, qohumların könlünü almışdı. Bizim evimiz dayanacağa yaxındır. Əgər marşrutdan əlində yükü olan bir yaşlı qadın, kişi düşürdüsə, onu aparıb düz evinə qoyub sonra qayıdardı. Çünki yaşlı qadınlar yasına gələndə onlar özlərini öldürürdülər, deyirdilər ki, biz onu nə qədər çox istəyirdik. Araz zəhmətkeş uşaq idi. Elə o biri oğlum da elədi. Həm orta məktəbə gedirdilər, həm də yaxınlıqdakı sexdə işləyirdilər. O, sexin yanında olan qonşular Arazı o qədər çox tərifləyirlər ki. Elə öz qonşularım deyirlər ki, biz hələ də inanmırıq ki, Araz yoxdur. İnanın, yeməyin yarımçıq qoyub onlar üçün mağazaya, bazara gedirdi. Hamının qəlbini ələ almışdı. O qədər qəlbi gözəl, gülərüz idi ki, bunu ətrafa da hiss etdirməyi bacarırdı. İndi onun komandirləri hərdən gəlirlər, sağ olsunlar. Deyirlər ki, Araz sanki seçilmişdi.

Şəhid Araz Seyfullayev anası ilə

İki oğul...

Günay xanımla Elsevər bəyin iki oğlu olub. Hal-hazırda digər oğlu Murad da həqiqi hərbi xidmətdədir. Günay xanım deyir ki, hər iki oğlu orta məktəbi bitirən kimi hərbi xidmətə yollanıb:

- Uşaqların heç biri ali məktəbə girməyib. Araz savadlı uşaq idi. Məktəbi bitirəndən sonra bir neçə ay məşğələyə də yolladıq. Elə yaxşı oxuyurdu, həvəslə dərs çalışırdı ki, sevinirdim. Amma sonra imkanımız çatmadı, onu müəllim yanına göndərməyə. Sonra da çağırış vaxtı yetişdi, hərbi xidmətə yollandı.  

Təlimlərə tez-tez gedən Araz hərdən valideynləri ilə görüşə bilir. Amma sərt karantin günlərində onun ailəsi ilə görüşməsi mümkün olmur. 2020-ci il sentyabrın 25-də zəng vurub  deyir ki, atası onun yanına getsin. Atası Elsevər bəy yoldaşının hazırladığı əsgər sovqatını da götürüb oğlunun yanına yollanır.

Atası  Elsevər bəy danışır:

- Həmişə onunla danışanda deyirdim ki, Araz müharibədən nə danışırlar. Deyirdi, müharibə olsa, biləcəksiniz. Birinci bizi aparacaqlar. Onun yanına gedəndə gördüm çox sınıxıb. Onlar xüsusi təyinatlı idilər deyə, çox təlim keçirdilər. Həmin gün həm fikirli idi, həm də gülərüz. Dedim get də, Araz, karantindi, danışarlar. Dedi, sən get, mən sonra gedəcəm. Mən maşına oturub gözdən itənə qədər Araz həsrətlə ardımca baxdı.

Araz ailəsinə birdəfəlik qovuşacağı intizarlı günlər bir-birini qovalayır, ailə gözü yolda oğlunun tezliklə qayıdacağı günü gözləyir. 2020-ci il avqustun 1-də isə Günay xanımın 40 yaşı tamam olacaqdı. Araz iyulun 31-də atasına zəng vurub deyir ki, anasına ad günü sürprizi etmək istəyir. Bu istəyin həyata keçməsində ona köməklik etsin. Günay xanım həmin günləri titrək səslə, ilıq göz yaşı içərisində xatırlayır.

Şəhid Araz Seyfullayev atası ilə

Ad günü və son görüş...

- Axırıncı dəfə yoldaşıma zəng vurub dedi ki, ata anamı bura gətir, onu görəcəm. Qurban bayramı ərəfəsi idi. Elsevər evə gəlib dedi ki, tez geyin, Arazın yanına gedirik. Dedim, görəsən, görüş verəcəklər. Dedi, Araz deyib siz gəlin, görüşərik. Mən hərbi hissənin qapısında olan pəncərədən baxdım, Arazı gördüm, uzaqdan mənə əl elədi. Sonra komandir dedi keçin içəri, amma çox yaxınlaşmayın bir-birinizə. Karantinə görə icazə yoxdur. Biz hardasa üç, dörd metr aralıdan bir-birimizlə söhbət etdik. Təlimlərdən sonra çox arıqlamışdı. Onu gördüm, tanımadım. Mənə dedi, ana ad gününü təbrik edirəm (ağlayır). Ondan sonra ancaq telefonla danışırdıq. Meyvə və şirniyyatı çox xoşlayırdı. Həmişə mən ona evdən şirniyyat bişirib yollayırdım. Bir də narı çox xoşlayırdı. Həyətimizdə nar yetişdikcə, biz ona “sumkalarla” nar aparırdıq. Sentyabrda dedi ana, həyətimizdə nə var, nə yox. Dedim, nar yetişir, sənə nar bir də şəkərbura yollayacam. Elə şəkərburaları bişirməyə hazırlaşırdım ki, xəbər gəldi ki, onu döyüşə aparıblar. Mən ona heç nə göndərə bilmədim.

- Ad günündə uzaqdan belə onu görməyiniz sizin üçün yəqin ki ən böyük hədiyyə olmuşdu?

- Əlbəttə. İnanın allaha, o mənim üçün o qədər böyük sürpriz oldu ki, bunu sizə izah edə bilmərəm. Həmin günü, anları həyatım boyu yadımdan çıxara bilmərəm (ağlayır). O, elə uşaq idi ki, həmişə hamımızın ad günlərinin vaxtını sayırdı. Heç birimizi yaddan çıxartmırdı. O, əsgər idi, mənim üçün nə edə bilərdi ki. Amma unutmamağı, məni görmək istəməsi heç vaxt yadımdan çıxmaz.

Şəhid Araz Seyfullayev qohumları ilə 

Sevgi

Yeniyetməlik şəkillərindən bizə boylanan Araz olduqca yaraşıqlı, gülərüz görsənir. Hələ yenicə gəncliyə addım atan bu oğlan əlbəttə ki, kiməsə könül verməmiş, kimisə bəyənməmiş olmaya bilməzdi. Ona görə də şəhidimizin həyatı ilə bağlı bir az da öyrənməyə can atıram. Günay xanımdan Arazın hərbi xidmətə yollanmazdan əvvəl kiməsə bənd olub, olmamasını xəbər alıram. Oğlunun hər bir hərəkəti haqqında həvəslə, ürəklə danışan ana bu dəfə də bildiklərini nəql edir:

- O, çox abırlı uşaq idi. Keçən ilin yanvar ayında məzuniyyətə gələndə gördüm bir az qəmlidi. Mən də bilirdim ki, onların tətilləri çox çətindir. Dedim, yəqin yorğunluqdandır. Amma özünə deyirdim ki, Araz niyə qəmlisən, bəlkə istədiyin var? Hətta oğlumla da tez-tez ona deyirdik ki, bəlkə aşiq olmusan Araz. Ancaq heç nə demirdi, gülürdü. Ola bilərdi ki, istədiyi qız olub, ancaq bu haqda mənə heç nə bildirməyib. Amma Araz şəhid olandan sonra hərbi hissədəki bufetçi oğlan dedi ki, Araz sizdən başqa da kiminləsə telefonla danışırdı. Kaş ki, bilərdim o, kim idi...

Şəhid Araz Seyfullayev

Yuxu

Vətən müharibəsi başlanan kimi Araz öz əsgər dostları ilə birgə döyüş bölgəsinə göndərilir. Ailə bundan xəbərsiz olsa da, Arazın anası ən ağır günlərini keçirir, qarmaqarışıq yuxular görür. Ana qəlbi qarşıda baş verəcək faciəni, itkini dərin həssaslıqla duyur, lakin, bunu dilinə gətirməyə heç zaman ürək etmir.

- Son günlər Arazdan heç bir xəbər ala bilmirdim. Tez-tez də yuxuda görürdüm. Elə bil ürəyimə nəsə dammışdı. Biz ailəlikcə çox şən adamlarıq. Amma həmin ərəfədə elə bil mənim bütün həyatım qaralmışdı. Ürəyim sıxılırdı. Anama da demişdim ki, narahatam. O da bacıma demişdi ki, bu qız dayanmır, özünü öldürür, Allah özü köməyimizdə olsun. Elə həmin ərəfədə, oktyabrın 4-də uşaq düz yanına düşən mərmidən şəhid olur. Mərmi onu para-para etmişdi. Mən görməmişəm, amma dostları onun cəsədini görmüşdülər. Onlar deyirdilər ki, sanki o mərmi onu götürməyə gəlmişdi. Onlar sonra danışırdılar ki, Araz erməni tankını vurub, nə qədər erməni öldürüb. Çox böyük şücaət göstərib. Arazın sonuncu şəkillərinə də indi baxıram, görürəm hamısında gülərüz düşüb. Çünki onun arzusu idi ki, döyüş bölgəsinə düşsün, döyüşsün. Dostları deyir ki, sonuncu dəfə nahar edəndə gülə-gülə deyib ki, ermənilərə qan udduracam. Doğurdan da içi erməni ilə dolu maşını elə vurub ki, maşın yana-yana təpədən aşıb.

- Sizə oğlununuzun şəhid olma xəbərini kim verir?

- Biz ayın 4-də zəng vurduq, bizə demədilər ki, şəhid olub. Ayın 7-də səhər vaxtı idi, gördüm bizim ev yerləşən küçəni təmizləyirlər. Adam da çox idi. Bir az keçdi yoldaşımın dostları gəldi. Yoldaşıma dedim, onlar niyə gəliblər, nə isə olub? Sonra onu bayıra çağırdılar, dedilər Araz şəhid olub. Mənə bu sözü deməyə heç kim ürək eləməmişdi. Elə yoldaşım özü dedi ki, evimiz yıxılıb, Araz daha yoxdu. Sonra cənazəni gətirdilər. Mənə onu vermədilər. Dedilər, tabutunu açmağa icazə yoxdur. Əslində heç mən özüm də buna təkid etmədim. Düzdür, mən ürəkli adamam, amma mən oğlumu şah kimi yola salmışdım, onu o vəziyyətdə necə görəydim. Həm də mən elə bilirdim ki, o sağ salamat gələcək. Şəhid ola biləcəyi ağlıma gəlirdi, amma tez yadımdan çıxarırdım. Öz-özümə deyirdim ki, yox, Araz sağ gələcək. O, mənə söz verib ki, özünü qoruyacaq. O, həmişə mənimlə danışanda deyirdi, ana, mənə görə nə qulluğun? Deyirdim, mənə nə qulluğun olacaq, sən özünü qoru. Şəhid olandan sonra ağlayıb deyirdim ki, ay bala niyə özünü qorumadın, axı sən mənə söz vermişdin. Sonra yuxuma gəldi, dedi ana, bir də mənə demə niyə özümü qoruya bilmədim. Sən elə deyəndə, mən pis oluram (ağlayır).

Şəhid Araz Seyfullayev

Səbr

Aradan keçən vaxt ərzində Günay xanım, oğlunu unutmadığını, hər gün, hər an təkrar-təkrar xatırladığını, yuxularında gördüyünü deyir:

- İndi düşünürəm ki, oğlumun birini vətənə qurban verdim getdi. Əlbəttə bir ömür boyu yanacağıq, amma nə edə bilərik? Ölümündən sonra, elə idi də onu tez-tez yuxuda görürəm. Gəlir, boynumu qucaqlayır, deyir ana, ağlama. Bir dəfə də gördüm ki, onun nə əlləri, nə başı var, amma mənə yaxınlaşıb bərk-bərk qucaqlayıb ağlayır, deyir ana, bir də məni qınama. Məndə olmadı günah. Özümü qoruya bilmədim, bağışla.  Elə bil mənim ağlamağım, onu arayıb axtarmağım ona yan olurdu. Axı Quranda da deyilir ki, şəhidlərə ölüdür deməyin, onlar diridirlər. Hər dəfə mən onu yuxuda görəndə elə bil ona ayan olur, gəlir deyir ki, ana elə danışma. Bir dəfə də qaynımın arvadının yuxusuna girmişdi. Demişdi, anama de,  mənim əşyalarımın içərisindən üzüyümü götürsün. O üzüyü barmağına taxsın, mən həmişə onun yanında olacam. Mən o üzüyü tapdım, indi üstümdə gəzdirirəm. Nə bilim, elə bil o, hər şeyi görür.

Mən həm də din adamıyam, mədrəsə təhsili görmüşəm, Quranı ərəbcə oxumağı bacarıram. Əgər mən din adamı olmasaydım, bəlkə də səhvlərə yol verərdim. Din məni səbrimi alır, mənə səbir verir. Çünki bu dərd dözülməzdir. Düzdür, indi bir az səyriyib, amma yanğı azalmayıb, həsrətə dözmək olmur. Bu dərdi çəkən bilər. Quran oxumaq mənə çox kömək oldu, yoxsa, dözməzdim. Oğlumun cənazəsi gələndə, mən onu adına layiq qarşıladım. İnanın, nə başımı yoldum, nə də üzümü cırdım. Hamıya da dedim ki, heç kim oğlumun məclisində qışqırmasın, yatan balamı oyatmasın. Bilirsiniz, ölümün də bahası, ucuzu var. Mənim balam başımızı uca elədi, ölümü şərəfli oldu.

Şəhid Araz Seyfullayev ailəsi ilə

Təsəlli...

Elsevər bəy də oğlunu tez-tez yuxuda gördüyünü deyir. Hətta bir dəfə Arazın şəhid olduğu, qan töküldüyü yerə getmək, oranı ziyarət etmək istəyəndə oğlu yuxusuna girir.

- Şəhid olduğu yerə getməzdən bir gün əvvəl oğlumu yuxuda gördüm. Məndən küsmüşdü. Dedi, hara gedirsiniz gedin. Onda başa düşdüm ki, o, istəyir biz onun məzarını ziyarət edək. Məzarına gedəndə orda bir təbiət hadisəsi baş verdi ki, siz inanmazsınız. Külək qalxdı, hər tərəfdən gözəl qoxular gəldi. Elə bil biz cənnətə düşmüşdük. Oğlumun məzarını qucaqladım, elə bildim. Ondan sonra hamımız rahatlıq tapıb evə qayıtdıq. Elə bilirdik ki, uşaq bizim gəlişimizə sevinir.

44 günlük müharibədən sonra qazanılan qələbə minlərlə şəhid ailəsi kimi Arazın da ailəsinin tək təsəlli yeri olur. Günay xanım məni qapıdan yola salanda deyir:

- Arazın ölümündən sonra şayiə yayıldı ki, Hadrutu ermənilər təzədən geri götürüb, inanın, elə bil başıma bir qaynar qazan su tökdülər. Dedim, balamın əziyyəti hədər getdi. Gecə gündüz Allaha dua edirdim ki, qələbə bizimlə olsun. Şəhidlərimizin əziyyəti hədər olmasın. Çox şükür ki, qələbə də bizim oldu.

Samirə Əşrəf

# 28419
avatar

Oxşar yazılar