Ramiz Həsənoğlu: “Təəssüf ki, televiziyalar ona diqqət yetirmədilər...” - SÖHBƏT
16 aprel 2011 10:12 (UTC +04:00)

Ramiz Həsənoğlu: “Təəssüf ki, televiziyalar ona diqqət yetirmədilər...” - SÖHBƏT

Qonaq: Ramiz Həsənoğlu
Qarşılayan: Günel Mövlud


Keçən dəfəki səhər yeməyimizdən çox sellər-sular axıb. Bayram, istirahət deyib, günü günə sata-sata bir baxdıq ki, aradan xeyli vaxt keçib. Baharın təzə-tər, havanın günəşli, günəşin ilıq, insanların hələ bayram ovqatlı məsum bəndə çağında yaradıcılıqdan uzaq kimisə qonaq dəvət etməyə ürəyimiz gəlmədi. Siyasətçiləri, alimləri, işgüzarları gələcəyə, sonralara saxlayıb, bir mədəniyyət, kino adamını qonaq çağırdıq. Televiziya və kino rejissoru Ramiz Həsənoğlunu. Uca boyu, yaradıcısı olduğu çoxsaylı televiziya tamaşalarından biri “Topal Teymur”u və nəhayət, son filmlərimizdən olan “Cavid ömrü” filmi ilə məşhur sənət adamını.

Mənə həmişə elə gəlir ki, Tanrı yaradıcı insana ovqatın, xasiyyətin, iç dünyanın fərqlisini, özəlini bəxş elədiyi kimi, xarici görünüşün də olduqca maraqlısını, qeyri-adisini bağışlayır. Ramiz müəllimə hələ uzun illər öncə çalışdığım “Azərbaycanfilm” kinostudiyasının həyətində dəfələrlə rast gələndə fikirləşirdim ki, elə adamlar var, zaman onlarla uzun müddət mübarizə aparmalı olur. Daha doğrusu, onların cavanlığı, şuxluğu ilə. İllər ötür, xırım-xırda dəyişikliklərdən başqa belə insanlarda heç nə dəyişmir. Zaman onun dirənişinin qarşısında aciz qalır. Yaşıdları ahıl çağına çatanda belə, o hələ 20-30 yaşlarındakı cavanlığı saxlayır. Təkcə maraqlı bir məqamdan başqa: diqqətlə fikir verəndə görürsən ki, zamanın gücü bu adamı qocaltmağa çatmayıb, amma onun qoruyub saxladığın cavanlığın özündə bir qocalıq, ahıllıq var. Və ayırd eləyə bilmirsən: bu, erkən yaşlanmış cavandır, yoxsa cavanlığını hələ saxlamış pir…

“Travelers Coffee”nin qapısı önündə qarşılaşdığım qonağımın isə mənim bu romantik-sentimental təbəddülatlarımdan xəbəri yox idi və heç olmadı da. Eləcənə, əl tutuşub, görüşdük və qonağım yerini rahatlayandan sonra, indiyə qədər qonaqlarımdan eşitmək istədiyim fikirləri dedi:

- Əvvəllər mənim müsahibə verməyə marağım çox idi. Amma zaman keçdikcə bu maraq azaldı. İndisə mənə özümü anlatmaqdan daha çox, qarşımdakını dinləmək, yeni adam tanımaq maraqlı gəlir. Siz də zəng eləyəndə, məni müsahibə verməkdən daha çox, yeni adam tanımaq maraqlandırdı. İndiki gəncliyin nə düşündüyünü öyrənmək istədim. Əyləncə, şou sahəsindəki gənclər onsuz da göz qabağındadı, mən onları demirəm, amma daha ciddi sahələrlə məşğul olan gənclik mənə maraqlıdı. Belə çıxmasın ki, mən şou-biznesə qarşı mühafizəkar yanaşıram. Yeri gəlmişkən, Azərbaycanda ilk peşəkar klipi videolentə mən çəkmişəm. Və elə o kliplə də işimin bu tərəfini bitirmişəm.

- İndi klip çəkərsiniz?

- Yox.

- Əgər savadlı, ictimai təfəkkürə sahib bir müğənni nəsə ciddi motivləri olan bir klip sifariş versə…məsələn, deyək ki, Maykl Ceksonun qlobal ekoloji çirklənmə mövzusuna həsr olunmuş klipi var. Belə bəşəri bir mövzu sifariş olunsa…

- Buna inanmağım gəlmir. Mayk Ceksonun həmin klipi milyonlarla dollara başa gəlib. Bizdə isə hansısa müğənninin bu miqyasda bir klip çəkdirə biləcəyini, buna bu qədər pul ayıra biləcəyinə inanmıram. (yaxınlaşan ofisiantı görüb): Buyurun, nə istəyirsiz sifariş verin, mən artıq səhər yeməyi yemişəm.

- Mən gərək bundan sonra qonaqlarıma tapşırım ki, ac gəlsinlər. Neçə dəfə səhər yeməyini təkbaşına yeməli olmuşam. Halbuki, qonaqlara zəng edəndə məhz səhər yeməyinə dəvət elədiyimi vurğulayıram.

Qonağım könlümü qırmır və mənə yoldaşlıq eləməyə nəzakətlə razı olur. Adama bir pay blinçik, çay, qəhvə sifariş verib, söhbətimizi davam elətdiririk.

- Ramiz müəllim, zövqünə inandığım kino tənqidçilərinin bəziləri iddia edirlər ki, Ramiz Həsənoğlunun televiziya tamaşaları əla alınır. Amma bədii filmləri… belə deyək, uğursuz olur.

- Əvvəla, mən cəmi iki film çəkmişəm. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Ailə” və ssenari müəllifinin Anar olduğu “Cavid ömrü” filmini. İkincisi də, mən sizə bir sual verim: sizdəmi həmin adamlar kimi düşünürsünüz?

- Mən sadə tamaşaçıyam. Lap filmlərinizi bəyənə də bilərəm. Amma mən, deyək ki, hansısa yüngül hind filmini də bəyənə bilərəm. Bu o demək deyil ki, o hind filmi ciddi sənət nümunəsidir. Odur ki, mənim nə düşünməyimin heç bir fərqi yoxdur…

- Deməzdim ki, bu söylənilən fikirlər mənim üçün milçək vızıltısıdır. Təbii, mən film çəkib, təqdim edirəmsə, rəylərin müsbət olmasında maraqlıyam. Amma ürəyimcə olmayan fikirlər deyirlərsə, çox da ürəyimə salmıram.

- “Cavid ömrü” filmi barədəki fikirləri necə qarşıladınız? Gözlədiyiniz reaksiyanı gördünüz?

- Zövqlərinə etibar elədiyim, fikirlərini maraqla gözlədiyim bəzi adamlar vardı, məsələn biri dostum Aydın Talıbzadə. “Cavid ömrü”nə baxandan sonra, o bu film barədə bir kəlmə də demədi. Düşündüm ki, film xoşuna gəlməyib. Çünki adətən insan bəyəndiyi iş barədə o dəqiqə fikir bildirir. Aradan bir müddət keçdi və Aydın müəllim arada filmdən söz düşəndə qeyri-müəyyən bir-iki kəlmə dedi, arada bir neçə xoş fikir bildirdi. Amma mən başa düşdüm ki, o ruslar demişkən “ne v vostorqe ot etoqo filma”… Fikirlərə gəlincə, axı filmi o qədər də çox nümayiş etdirmirlər. Hərdən mənə bir az da ağır gəlir: elə filmlər var ki, nə bədii cəhətdən, nə digər keyfiyyətləri baxımından bir şey deyil, amma illərlə ekrandan düşmür. Bayramda da, matəmdə də, əlamətdar günlərdə də elə həmin filmləri verirlər. Təəssüflər olsun ki, bu diqqəti telekanallarımız “Cavid ömrü”nə qarşı nümayiş etdirmədilər.

- Yeri gəlmişkən, niyə cəmi iki filminiz var? Vaxtınızın çoxu televiziya filmlərinə gedir, yoxsa elə iki filmə nail ola bilmisiniz?

- Bilirsiniz, mən televiziya fəaliyyətimlə, kino yaradıcılığımın arasında elə də fərq qoymuram və hətta demək olar ki, bunları bir-birindən ayırmıram. Mənim bir neçə televiziya tamaşam var ki, onlar elə film estetikası ilə çəkilib. Məsələn, “Topal Teymur”, “Ac həriflər”… Bir də ki, elə rejissor var, ömründə cəmi bircə film çəkib və elə bu filmlə də kino tarixində qalıb. Filmlərin sayı, kəmiyyəti yaradıcılığın göstəricisi deyil.

- “Ac həriflər” televiziya tamaşası ilə bağlı maraqlı bir məqam eşitmişəm. Orada çəkilənlərin əksəriyyəti, Siz də daxil olmaqla, rejissorlardı axı. Danışırlar ki, o tamaşa çəkilməyə başlayanda rejissorlar qərara gəliblər ki, rollarda özləri oynasınlar və aktyorlara göstərsinlər ki, rolu necə oynamaq lazımdır…

- Yooox. Sadəcə o vaxt İncəsənət İnstitutu bizim qarşımızda tələb qoymuşdu ki, bütün rejissorlar elmi iş yazmalıdı. Mən də elmi işdən uzaq adam olduğuma görə, başqa üsul fikirləşdim. Bu da Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında radio tamaşa idi. Bu tamaşada oynamaq o rejissorların demək olar ki, elmi işi idi. Yaşar Nurinin də orada rol almasının səbəbi o idi ki, Yaşar Nuri o vaxt artıq rejissor kimi debütünü eləmişdi. Yəni, aktyorlara nəsə nümayiş etdirmək, mesaj ötürmək kimi məqsədimiz yox idi. Zaman keçdikcə də bu tamaşa özünün bədii məziyyətlərinə görə deyil, daha çox oradakı “yaradıcı buket”ə görə baxılır, sevilir…

- Yaradıcı adamlar barədə kitablardan, filmlərdən formalaşan bəzi fikirlər var: dahilik iddiaları, qəribə ovqatlar…çəkiliş meydançası da bir neçə belə dahinin bir araya gəldiyi yerdi – rejissor, aktyor, operator. Və bu adamlar bir-birilərinə nəsə sübut etməyə çalışanda, öz dahiliyini göstərmək istəyənə aləm bir-birinə dəymir ki?

- Əlbəttə, belə də olur. Və sizə deyim ki, bu, bəzən yaradıcı qəribəliklərdən, bəzən də mədəniyyətdən, tərbiyədən gələn bir şeydi. Təbii ki, mənim də iştirak elədiyim çəkiliş meydançasında olub belə şeylər…

- Operator Kənan Məmmədov bir dəfə müsahibəsində demişdi ki, elə aktyor sifətləri var ki, kameradan kənarda çox maraqlı görünür. Ona müxtəlif obrazları yaraşdıra bilirsən. Amma elə ki, kamera qarşısına keçirlər, hər şey dəyişir. Sifətləri çox boş, maraqsız görünür…sizin təcrübənizdə elə olubmu ki, bir rola aktyor seçəsiniz və sonra anlayasınız ki, bununla alınmayacaq…

- Bu da olub. Kənan Məmmədov Azərbaycan kinosunun elə gözəl nümunələrini kinolentə alıb ki, o bunu deyirsə, deməli, boş yerə demir. Mənim də təcrübəmdə bu olub. Hətta bir dəfə elə olub ki, sınaq çəkilişləri olub. Baş rola aktyor təsdiq olunub. Çəkilişə başlayandan bir neçə gün sonra anlamışam ki, bu aktyor yaxşı aktyor ola bilər, amma bu rol üçün deyil. Məcbur olmuşam, çəkilişləri saxlayıb, aktyoru dəyişmişəm.

Söhbətimiz maraqlı alınırdı. Amma arada xırda bir haşiyəyə çıxanda qonağımla elə bir mübahisəmiz düşdü ki, həmin mübahisədən sonra söhbəti davam etdirmək mümkün deyildi. Mübahisəmizin mövzusunu, təfərrüatları yazmaq mənə görə normal bir şey olardı, amma qonağımın münasibətini nəzərə alsaq, etik deyil. Sadəcə, bir şeyi qeyd etməyi lazım bilirəm. Qonağım söhbətə başlayan kimi indiki gəncliyi, onun fikirlərini öyrənmək istədiyini dedi. Amma bircə saat keçməmiş qarşısındakı gəncin fikirlərini həzm edə bilmədi.

O ki qaldı mənə, məncə, hər şey normaldı. Dünyanın hər yerində, zamanın bütün çağlarında uşaqlar məsum, gənclik etirazçı, yaşlılar konservativ olmalıdı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7526
avatar

Günel Mövlud

Oxşar yazılar