Qonaq: Murad Dadaşov
Qarşılayan: Günel Mövlud
Mən şouya nifrət eləyirəm. İfrat mühafizəkar olduğumu bilirəm. Amma kapitalizmin dəyirmanına su tökən, satlıq mal olan bu məfhumu həzm edə bilmirəm. Üstəlik, çox ciddi, istedadlı və ən əsası zəhmətkeş insanların bu sahəyə qapıldığını görəndə, nifrətim və zəhərim bir az da çoxalır.
Murad Dadaşov bu sahədə ən az görmək istədiyim insanlardandı. Bu ölkədə intellektual yumorun əsasını qoyanlardan birinin, adamı uzaqdan vuran bir enerji sahibinin, dörd tərəf saxtalıq və komplekslər içərisində boğularkən özünü belə rahat və sərbəst aparan adamın illərdir şou maqnatına və pul qazanma mexanizminə çevrilməsi məni ağrıdır. Vətəndaş kimi, yaradıcı adam kimi, müasiri kimi...
Amma onun da öz gerçəyi var axı. Səhnədə fotoqraf dəqiqliyi ilə obrazlar yaratmış, şousunu yüz minlərə hesablayıb, hesabında yanılmayan adamın də öz dəyərləri var axı.
Səhər yeməyinə bir az bu dəyərləri öyrənmək, bir az da insan kimi tanımaq məqsədilə dəvət elədim Muradı. Deyə bilmərəm ki, məqsədimə çatdım, amma içimdəki zəhəri azaltmağı bacardım bu söhbətdə.
“Travelers Coffee”-də bir xeyli gözləməli oldum qonağımı. Gənc dostlarım məni darıxmağa qoymadılar. Ofisiantlar artıq oxucularıma çevrilib axı – son yazıları babat bir müzakirə elədik birlikdə.
Gəldi, çatan kimi gecikdiyinə görə üzr istəyib, yerini rahatladı. Dəm-dəsgahlı səhər yeməyindən imtina elədi – bir boşqab meyvə salatı ilə kifayətləndi. Halbuki, mən iştaha məsələsində onun yaxşı yoldaş olduğuna hesablamışdım özümü. Amma söhbətimiz tez alındı deyə, qonağımın iştahasızlığından məyus olmadım.
- Kök adamlar adətən zənnimi aldadır. Həmişə elə fikirləşirsən ki, bu adam çox iştahalı olar, amma çox vaxt yanılırsan.
- Əslində mən iştahalı adamam, amma həkimim son dəfə xəbərdarlıq eləyib – bu il ərzində on beş kilo arıqlamasam, xəstəxanalıq olacam. Amma səninlə söhbətə məmnuniyyətlə hazıram. Problem yoxdu ki, “sən” deyə müraciət eləməyimdə?
- Qətiyyən. Biz demək olar ki, yaşıdıq. Murad, mən adətən qonaqlarımın qanını bir balaca qaraldıram səhər yeməyində. Yanlış bir şeydi, amma özümü onları ittiham etməkdən, irad tutmaqdan saxlaya bilmirəm. Təəccüblüdü, sizə qarşı içimdə qəribə bir simpatiya var: bəlkə də ona görədi ki, mən zəhmətkeş adamları sevirəm. Sizdə də o qarışqa zəhmətkeşliyini görürəm. Amma çox heyfsilənirəm: bu qədər zəhmətkeş adam, belə potensial ictimai persona bu gün şou dünyasındadı...
- İnsanlar həmişə əylənmək istəyəcəklər. Bunun qarşısını almaq olmaz və heç lazım da deyil. Və mənimlə razılaşın ki, ən ucuz əyləncə vasitəsi də televiziyadı, teleşoulardı. Mərc Şou, Maşın Şou ekranlara çıxana qədər efirdə bir boşluq vardı. Şoular olurdu, əyləncəli verilişlər olurdu, amma onlar efirdəki o əyləncə, enerji boşluğunu doldurmağa qadir deyildi. Həmin ərəfədə Mərc Şou efirə çıxdı. Bu, sadəcə şou deyildi, meqaşou idi! Nə qədər bölmələr, elementlər... Niyə siz elə düşünürsünüz ki, bu şouları insanlara ciddi, intellektual adamlar təqdim etməməlidi. Əksinə, şou vulqar, bayağı olmasın deyə, onu mütləq savadlı, ağıllı adamlar hazırlamalıdı.
- Dediyinizdən belə çıxır ki, şounu filan meyxanaçının təqdim eləməyi zərərli olardı, amma Murad Dadaşov təqdim edir deyə, belə deyil?
- Mən o “filan meyxanaçı” məsələsində sizinlə razı deyiləm. O müğənnilər, meyxanaçılar boş adamlar deyil. Onların arxasında bilirsiniz nə boyda fanat ordusu dayanır?! Boş adam özünü insanlara sevdirə bilməz. Boş adam o qədər məşhurlaşa bilməz.
- Mən də sizinlə razı deyiləm. Bu gün məşhurlaşmaq, o boyda fanat ordusunu qazanmaq üçün müğənnidən heç bir savad, ağıl, məsuliyyət və istedad tələb olunmur. Əksinə, bunların hamısından məhrum olmaq tələb olunur.
- Bu dedikləriniz müvəqqəti olaraq, məşhurlaşdıra bilər adamı. Amma o sevgini, şöhrəti qoruyub saxlamaq üçün mütləq daxili zənginlik lazımdır.
- Deməli, sizin kimi bir adama çox asandı onlarla işləmək?!
- Asan o zaman olardı ki, onlar siz bildiyiniz kimi, sadə və boş adamlar olardılar. Rahat idarə eləyə bilərdim – mənim dediyimlə oturub-durardılar. Amma elə deyil axı. Onların hərəsinin bir iddiası var və mən o şoularda rejissor deyiləm. Teatrın direktoru ola bilərəm, amma qətiyyən rejissor deyiləm...
Bu arada məlum oldu ki, Muradın xalq arasındakı hörməti gözlədiyimdən də artıq imiş – müştərilər, ofisiantlar aramsız olaraq, qonağımla maraqlanır, bizə tərəf boylanır, gəlib salamlaşırdılar.
Bizimsə söhbətimiz olduqca axıcı keçirdi – bir-birimizə aman vermədən, əl-qol ata-ata danışırdıq. Müsahibim heç vaxt olmayan qədər söhbətcil çıxmışdı.
- Murad, işin şou yaratmaq olsa belə, məncə, rəqib görməmək pis şeydi. Temp üçün, formada qalmaq üçün vacibdi belə şeylər, hə?
- Sizə bir şey deyim – mənim özüm qədər güclü rəqibim yoxdur. Və o rəqibə də istənilən sahədə həmişə qalib gələ bilmişəm, təkcə köklükdən başqa. Mənim içimdə, əsl Murad hesab elədiyim adam əslində arıq, yaraşıqlı bir adamdı. Bircə bu məsələdə uduzmuşam. Yəni arıq Murad kök Murada qalib gələ bilməyib.
- Markesin “Yüz ilin tənhalığı”nda bir kök qadın obrazı var. Yazıçı onun yemək uğurunu təsvir edəndə bircə səbəb göstərir: “Çoxlu yemək üçün insanın vicdanı və ruhu rahat olmalıdı”.
- Mən özümü yaxşı adam hesab eləmirəm, amma bilirəm ki, pis oğlan da deyiləm. Vallah, heç vaxt insanlarla ünsiyyətə girəndə, pis, məkrli niyyətim olmur. Buna görə də ünsiyyətdə özümü çox rahat hiss eləyirəm. Fikirləşirəm ki, axı, mənim heç bir pis niyyətim yoxdu. Mənim dindar dostlarım var, həmişə çalışırlar ki, məni din yoluna gətirsinlər. Deyirəm ki, axı mən elə bu vəziyyətdə də Allahın bəndəsiyəm. Mən dindar olsam, Allah bundan nə qazanacaq ki? Onsuz da heç kimə pislik eləmirəm, arada bir az içki içirəm, vəssalam.
- Yeri gəlmişkən, içməklə aranız necədi?
- Hərdən olur. Yəni elə də çox sevmirəm. Mən yemək xoşlayan adamam. Uşaqlıqda nənələrimdən birinin adını, dadlı kotlet bişirdiyinə görə, “kotlet nənə” qoymuşdum. Amma nə qədər yemək xoşlasam da, məsələn, qadını ancaq mətbəxdə görmək istəyənlərdən deyiləm. “Mən evə gələndə mütləq hazır yemək görməliyəm”, “yoldaşım mütləq hər gün yemək bişirməlidir” - belə düşünənlərdən deyiləm. Əksinə, sevdiyim qadını qaz pilətəsinin arxasında təsəvvür eləmək istəmirəm. Heyf ki, belə şeyləri deyəndə adama cavab verirlər ki, dəli olmusan, bura sənin üçün Avropa deyil. Mən bilirəm, bura Avropa deyil, amma elə öz alışqanlıqlarımızın çoxu ilə də razı deyiləm.
- Razısız ki, mentalitet dedikləri şey çox vaxt insana xidmət eləmir?
- O “mentalitet” sözünü tez-tez işlədən insanların çoxu onun nə olduğundan xəbərsizdirlər. İnsani, bəşəri dəyərlər var ki, münasibətlər bu yöndə qurulmalıdır. Bizim ailələrdə olan milli ata-ana sevgisi, vətən sevgisi bəzən o qədər ifrat olur ki, adamı bezdirir. Razıyam, sevgi ürəkdən gələn bir şeydi, hissdi, amma o hissə mütləq bir az da ağıl qoşmalısan. Ailəni də, övladı da, vətəni də bir az ağılla sevmək lazımdı. Bəzən həyat yoldaşım deyir ki, Murad, üç oğlumuz var, gələcəkdə onlar necə yaşayacaqlar? Onlara ev almaq lazımdı, gələcəklərini düşünmək lazımdı. Deyirəm, axı niyə mən indidən özümü öldürməliyəm? Bəlkə onlar böyüyəndən sonra heç ölkədə yaşamaq istəməyəcəklər? Bəlkə deyəcəklər, mən gedirəm xaricdə yaşayam? Mən doğmalarla münasibətdə bir az soyuqqanlılığın tərəfindəyəm. Bəlkə də bu fikirlərə görə məni qınayacaqlar, amma məsələn, niyə bizdə “qocalar evi”nə münasibət belə yuxarıdan aşağıdır? Nəyi pisdi ki, yaxşı, hər şəraiti olan, insanların rahatlığına xidmət edən qocalar evində qalmağın? Məsələn, mən indidən o evdə görəcəyim xidmətlər üçün pul ödəməyə hazıram. Təki sonra övladlarıma mane olmayım.
Azərbaycanlı ailələrin problemləri, valideyn-övlad münasibətləri ilə bağlı söhbətlərimiz xeyli uzandı. Sifariş eləmədiyimiz halda, Murad bəyin fanatları bizə iki fincan kapuçino da göndərdilər bu ərəfədə (xalq öz qəhrəmanını tanıyır da). Muradın illər öncə oynadığı bir-birindən koloritli obrazları yadıma düşdü.
- İçinizdəki o aktyor yanğısını neyləmisiniz?
- O yanğı indi də var! Amma alınmır da. Kinoda oynadığım bütün rollardan narazıyam. Fikirləşirəm ki, heç biri alınmayıb. Komik rollarda oynamaq daha məni cəlb eləmir. Dramatik, ciddi rollar istəyirəm.
- Maraqlıdı, niyə bütün aktyorlarda bu var – özlərini komik aktyor kimi təsdiq eləyiblərsə, ciddi rollar istəyirlər. Və yaxud əksinə...
- Bu, təkcə aktyorluqda deyil ki. Qarayanız adam həmişə sarışın olmaq istəyir. Balacaboy adamlar həmişə hündür olmaq istəyir...
Söhbətimiz üç sat çəkdi. Və bu üç saat ərzində biz iki insan nədən danışa bilərdisə, demək olar ki, hamısından danışdıq. Ailələrdən, dəyərlərdən, şöhrətdən, siyasətdən, ədəbiyyatdan, seriallardan...
Söhbət elədikcə, dialoqumuz alındıqca zəhərim azalırdı, amma təəssüfüm keçmirdi. Savadına, səmimiliyinə şübhə eləmədiyin adamla başqa-başqa cəbhələrdə olmaq asan olmur. Bu sözdən zəhləm gedir, amma nə qədər yaxşı və rahat həmsöhbət olsaq da, biz ayrı dünyaların adamlarıydıq.
Fərqinə vardığım bir şey də vardı – biz elə bir zamanda yaşayırıq ki, təmsilçiləri olduğumuz dünyaların sərhədləri indi çox şəffaflaşıb, sürüşkən olub. Hələ bilmək olmaz: mənim yazılarımda şou elementləri çoxdur, yoxsa onun şoularında maarifçilik mesajları...
Murad Dadaşov: “Hamısına qalib gəldim, təkcə ondan başqa...” - SÖHBƏT
9086