Yuxu ürəyə necə təsir edir?  Ürək böhranı riski  haqqında yeni məlumatlar
21 may 2025 13:55 (UTC +04:00)

Yuxu ürəyə necə təsir edir? Ürək böhranı riski haqqında yeni məlumatlar

İnsanlar gündə tövsiyə olunan 7-9 saat yuxunu alsalar belə, ürək sağlamlıqlarını riskə ata bilərlər. Yuxunun ürək sağlamlığı ilə yeni bir əlaqəsi aşkarlanıb – StudyFinds portalının yazdığına görə, nə qədər yatdığımız qədər, nə qədər müntəzəm yatdığımız da vacibdir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yeni tədqiqatlar göstərib ki, yuxu rejimindəki nizamsızlıq infarkt, insult və ürək çatışmazlığı riskini əhəmiyyətli dərəcədə artırır.

Bu nəticələr elmi araşdırmadan sonra əldə edilib. Tədqiqat çərçivəsində alimlər 72 mindən çox yetkin insana təxminən 8 il ərzində nəzarət ediblər. Ən nizamsız yuxu rejiminə malik olan insanlarda, rejimi sabit olanlarla müqayisədə ürək-damar xəstəlikləri riski 26 faiz daha yüksək olub.

Araşdırma zamanı 40-79 yaş arası 72,269 nəfər bir həftə ərzində biləyində akselerometr taxaraq izlənilib. Bu cihazla onların yuxuya getmə və oyanma vaxtları, yuxu müddəti və gecə oyanmaları dəqiq ölçülüb. Beləliklə, alimlər Yuxu Müntəzəmlik İndeksi (SRI) adlı göstərici yaradıblar. Bu indeks 0-dan 100-ə qədər dəyişir: tam nizamsız yuxuda 0, ideal sabitlikdə 100 ballıq nəticə verilir.

İştirakçılar 3 qrupa bölünüb:

Müntəzəm yuxu – SRI > 87.3

Orta dərəcədə nizamsız – SRI 71.6-87.3

Nizamsız yuxu – SRI < 71.6

8 ilə yaxın müşahidə dövründə 4,887 ciddi ürək-damar hadisəsi (infarkt, insult, ürək çatışmazlığı) qeydə alınıb. Yaş, fiziki aktivlik, qidalanma, siqaret, alkoqol və mövcud xəstəliklər kimi faktorlar nəzərə alınsa belə, nizamsız yuxu ilə ürək xəstəlikləri arasındakı əlaqə statistik olaraq əhəmiyyətli qalırdı. Ən güclü əlaqə ürək çatışmazlığı ilə aşkarlanıb – bu vəziyyətin riski 45 faiz daha yüksək olub.

Orta dərəcədə nizamsız yuxuya sahib olanlarda isə risk 8 faiz daha artıq olub.Maraqlıdır ki, tövsiyə olunan yuxu müddəti (65 yaşa qədər insanlar üçün 7-9 saat, yaşlılar üçün 7-8 saat) ödənilsə belə, əgər yuxu rejimi qeyri-sabitdirsə, ürəyə risk hələ də qalır.

Alimlərin sözlərinə görə, bunun səbəbi daxili bioloji saatlarda – sirkadiyen ritmdə baş verən pozuntulardır. Bu pozulmalar orqanizmdə aşağıdakı dəyişiklikləri yaradır:

Qlükoza və lipid mübadiləsinin pozulması

İnsulinə qarşı müqavimətin artması

Simpatik sinir sisteminin həddindən artıq aktivləşməsi

Nizamsız yuxu rejimi daha çox aşağıdakı insanlarda müşahidə olunub:

Psixi pozuntuları olanlar

Xolesterin, diabet və ya təzyiq dərmanı qəbul edənlər

Gecə növbəsində işləyənlər

Siqaret çəkənlər

Nəticə

Tədqiqatçılar bildirirlər ki, yuxunun sadəcə müddəti deyil, sabitliyi də çox önəmlidir. Daha sağlam yuxu rejimi üçün mütəxəssislər tövsiyə edirlər:

Hər gün eyni saatda yatmaq və oyanmaq (hətta istirahət günlərində belə)

Yuxudan əvvəl rahatlaşdırıcı fəaliyyətlərlə məşğul olmaq

Rahat və sakit bir yuxu mühiti yaratmaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar