Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov
03 avqust 2021 12:10 (UTC +04:00)

Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov

Allergiya yaradan ƏN TƏHLÜKƏLİ qidalar - SİYAHI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2025-ci ilə dünya əhalisinin təxminən yarısı allergik xəstəliklərə məruz qalacaq. Hazırda dünyada ən çox yayılmış allergik xəstəliklərdən biri də qida allergiyasıdı. Bu növ allergiya dünya üzrə yetkinlərin 5 faizində və uşaqların 10 faizində baş verir.

APA-nın məlumatına görə, Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov bildirib ki, allergiya ən çox inək südünə, ondan hazırlanan məhsullara qarşı yaranır. Bu, xüsusilə bir yaşınadək olan uşaqlarda özünü göstərir: "Bəlkə də təbiət tərəfindən elə qurulub ki, yenidoğulmuş dövrdə körpənin immun sistemi yalnız ana südünü qəbul edir və inək südünə kəskin reaksiya göstərir. Adətən körpələrin 80 faizində zaman keçdikcə inək südünə allergiya itir".

Körpələrdə allergiyanın ən çox yayılma səbəblərindən biri də toyuq yumurtasıdır. Bu, kifayət qədər faydalı məhsuldur, yaxşı həzm olunur və uşağın böyüməsi və inkişafı üçün son dərəcə vacibdir. Toyuq yumurtaları uşağın həyatının ilk ilindən qida rasionuna daxil edilir. Eyni zamanda, o allergenliyini göstərə bilər. Yumurta ağındakı zülal həmçinin allergik reaksiyaya səbəb ola bilir.

Professor qeyd edib ki, fıstıq ən təhlükəli allergenlərdən biridir. Əksər hallarda, o insanı həyatı boyu müşayiət edir. Fıstıq allergiyası olan uşaqlarda hətta bu məhsulu yanında kiminsə yediyi zaman belə reaksiya inkişaf edə bilər. Fıstığın mikro hissəcikləri havaya düşərək allergik reaksiyaya səbəb ola bilər. Bu baxımdan tərkibində fıstığın az miqdarda da olan bir çox məhsulun qablaşdırmasında müvafiq bir xatırlatma var.

Tez-tez rast gələn allergiya növlərindən də biri buğda allergiyasıdı, yəni, tərkibində buğda olan məhsullara allergiya. Əsasən bu allergiya böyüklər üçün tipikdir, lakin son illərdə uşaqlarda da getdikcə daha çox yayılıb. Uşaqlarda buğda allergiyası o qədər ciddi ola bilər ki, hətta bütün ailə tərkibi buğda olan məhsullardan imtinaya məcbur olacaq. Buğda allergiyası uşaqlar yaşlandıqca azala bilər.

Qoz allergiyası uşaqlar arasında tez-tez rast gələn qida allergiyasından biridir və bunlara fındıq, badam, keşyu və s. qarşı reaksiyalar daxildi. Qoz alergiyası əksər hallarda genetik olaraq keçir.

Balıq da yüksək dərəcədə alerjenik bir məhsuldur. Əgər uşağın hər hansı bir balıq növünə alergiyası varsa, onda digər balıq növlərinə də qarşı yüksək həssaslıq qeyd olunur. Balıq allergiyasının yaş artdıqca itməsi nadir hallarda rast gəlinir və hətta daha şiddətli ola bilər. Bəzi uşaqlarda, balıq qızardılarkən onun qoxusuna güclü bir reaksiya inkişaf edə bilər.

Ümumiyyətlə, 70-dən çox məhsul növü qida allergiyasına səbəb ola bilər. Bunların arasında bal, sitrus meyvələri, çiyələk, kivi, pomidor, kakao və s. yer alır.

Həkim deyib ki, bir çox insanlar qida dözümsüzlüyünü qida allergiyası ilə qarışdırırlar, amma bunlar iki fərqli xəstəlikdir. Qida dözümsüzlüyü, allergiya ilə əlaqəsi olmayan və bədənin həzm problemləri ilə əlaqəli hər hansı bir qida və ya içki istifadəsinə mənfi bir cavabı sayılır. Bəzi hallarda qida dözümsüzlüyü asimptomatikdir. Yeganə əlamət özünü pis hiss etməkdir. Buna görə qida dözümsüzlüyünü müəyyən etmək kifayət qədər çətin ola bilər. Həkiminiz qida dözümsüzlüyü ilə əsl allergiyanı ayırd etməyə kömək edə bilər.

Qida allergiyalarının simptomları yüngül narahatlıqdan təcili tibbi yardım tələb edən ağır və ya həyati təhlükəli reaksiyalara qədər dəyişir. Bu simptomlara narahatlıq, qaşınma, qızartı, ağızda, dodaqlarda, yanaqlarda, başda və bədəndə şişkinlik, öskürək, asqırma, nəfəs darlığı və tənəffüs yollarından fit səsi ilə gələn bir nəfəs, qarın ağrısı, ürək bulanması, qusma və s. aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11952
avatar

Oxşar yazılar