Şəfiqə Axundova: “Nə vecimə, arxamda Üzeyir dayanırdı...” – QIZ-QIZA
29 aprel 2013 15:59 (UTC +04:00)

Şəfiqə Axundova: “Nə vecimə, arxamda Üzeyir dayanırdı...” – QIZ-QIZA

Facebook-a bir dostdan mesaj gəldi: Şəfiqə xanımdan xəbəriniz var? Xəstəxanada nənəmlə bir yerdə yatır, vəziyyəti yaxşı deyil. Bu gün yaxınlaşdım, “söhbət eləmək, müsahibə vermək istəyirəm” dedi.
Dərhal Ctrl C + Ctrl V baş redaktora.
Baş redaktor: Qız-Qıza eləmək istəyirsən?
Niyə də yox? O kişilərdi bir balaca soyuq dəyən kimi ah-vay edib, ölürəm deyirlər. Qadınlar belə olmur. Məsələn, atamın nənəsi 85 yaşından sonra xəstələnəndə ona yoluxmağa gələn rəfiqəsi Məsumə xaladan xahiş elədi ki, “nəvələrim məni qocalmış, dərdli görüblər. Belə xatırlanmaq istəmirəm. Məni yadına necə salırsansa, gözünün qabağına necə gəlirəmsə elə təsvir elə”. Nənəmin yaşıdı olan qadını çox təsvir eləmirəm, elə onu bilməyiniz bəsdir ki, ayağında qalın yun corab yox, 15 den kolqotka var idi. Başladı nə başladı. Nənəmlə bərabər öz gəncliyini də xatırlayan Məsumə xala yazarlar demiş, “göz yaşlarına hakim ola bilmədi”. Nənəmin gəncliyini ağlaya-ağlaya təsvir elədi:


Əlləri-saçları xınalı…
Tuflusu ilə sumkası cüt olan Suqra…
Bir il kurortundan qalmayan Suqra…
Nazlı-qəmzəli… Gözəl-göyçək… və s. və i…


Ağlaşma səsinə qonşular qara şallarını başlarına atıb gəlmişdilər ki, ev xalqı gələnlərə vəziyyəti izah edib qapıdan qaytardı.
Yəni qadın dediyin elə məqamda elə bir şey istəyə bilər ki… Bunu kişilər anlamaz.
Mən o hadisəni bu gün də təbəssümlə, hətta bir az da qürurla xatırlayıram. Necə də olsa onda xəbər tutdum ki, tay-tuşun nənəsi palçıqlı qaloşda gəzəndə mənim nənəm əməlli başlı qlamur olub. Sizi inandırıram ki, bu, nəvə üçün az stimul deyil. Nə isə, belə xatirələrlə baş redaktorumuzu “Qız-Qıza”nın növbəti sayını xəstəxanada etməyə razı saldım.
Beləcə, respublikanın xalq artisti, bəstəkar Şəfiqə Axundova Lent.az-ın “Qız-Qıza” layihəsinin qonağıdır. Daha doğrusu, biz onun qonağı...
Palataya girəndə onu yaxşı görürəm. Saçlarını səliqə ilə darayıb, sol böyrü üstə uzanıb, sol əlini başının altına qoyub, nazla gülümsəyir…
Əvvəlcə susur, palatadakı qohumlar:


-    Danış, Şəfoş, danış…


-    Şafulya, Lent.az-dan jurnalist gəlib səninlə görüşməyə…


-    Mən bütün teatrları çox istəyirəm, onlar da məni çox istəyirlər. Hamısı üçün yazmışam, hamısı üçün... Xalqımızı çox sevirəm, onlar da məni çox sevirlər.


-    Sizin kimi cəsarətli xanım 90 yaşın astanasında dayananda həyat necə görünür?


-    Həyat, sən nə şirinsən, kim səndən doydu getdi?... Şadam ki, allah ömrümü sənətə həsr etməyimə imkan yaradıb. İndi yaşa dolmuşam, xəstələnmişəm, çox dərinliklərə gedə bilmərəm. Mənim həyatımla maraqlandığınız üçün minnətdaram. Məni yataqda görürsüz, xəstəyəm, kim bilir nolacaq? Allah bilən məsləhətdir. Həyatdır də...


-    Necə yaşadız?


-    Çox böyük zəhmətlə! Sənətə əziyyətlə gəlmişəm, bütün zəhmətim xalqın gözü qabağındadır. Onlar mənim həyat və yaradıcılığımı məndən yaxşı bilirlər. Sənət yolunda əlimdən gələni etmişəm. İndi kim bilir necə olacaq? Heç kəs bilmir sabah necə olacaq. Allah siz cavanlara rahatlıq və sağlamlıq versin. Yaşayın ki, bizi yaşadın. Bütün arzularıma çatdım. Nə arzulayırdımsa hamısını həyata keçirdim, qarşıma qoyduğum məqsədə çatdım. Mənim Azərbaycan musiqi tarixində öz missiyam olub və o missiyamı fəxrlə yerinə yetirmişəm.


-    Bəstəkar kimi qürur duyulacaq, qibtə ediləcək bir həyat yaşamısız. Bir xanım kimi necə, həyatınızdan razı qaldız?


-    Heç mənim həyatım oldu ki? Elə onu yaz, bunu yaz... Şəxsi həyatım olmadı... Olmadı qızım, olmadı. Bir oğlum var idi, indi rəhmətə gedib, ona qarşı da diqqətli olmadım. Vaxtım olmadı... Nə ana olmağa vaxtım oldu, nə qadın olmağa... Sənət yolunda şəxsi həyatımı da qurban verdim.


-    Dəyərdi?


-    Bəli! Çünki mən onun fərəhini görmüşəm! Tamaşalara yazdığım musiqilər səsləndikcə zalda ləzzət almışam. Qəlbim fərəhlə dolub. Odur ki, indi nə deyə bilərəm? Mən sənət yolunda tək şəxsi həyatımı yox, canımı da qurban verdim. Bir gün olsun rahatlanmadım, bir saat olsun özüm üçün yaşamadım.


-    Heç özünüzü qınadığınız oldumu ki, gərək bir mahnı az yazaydım, oğlumla bir gün daha çox keçirərdim... Bir az daha çox yaşayaydım həyatı...


-    Yox. Heç təəssüflənmirəm. Məni heç kim məcbur etməyib. Öz istəyimlə belə etmişəm. Sənəti seçib şəxsi həyatdan imtina etmək öz seçimim olub. Ürəklə yazıb yaratmışam, indi də şadam ki, tarix məni unutmayacaq. Adamlar var ki, sənətə can-başla yanaşmırlar, məqsədli olurlar...


Fotoaparatı görən kimi söhbətini kəsib etiraz edir:


-    Mən yataqda, gecə köynəyindəyəm. Qadın belə şəkil çəkdirməz. Xahiş edirəm, müsahibə üçün mən sizə başqa şəkillərimdən birini verərəm.


-    Şəfiqə xanım, Sizi bir də sevdim. Zatən hər zaman baxımlı olmağınız diqqətimdən qaçmayıb. Həmişə duruşunuzla, davranışınızla illəri mat qoymusuz.


-    Elə də olmalıdır. Qadın hər yaşda qadınlığın saxlamalıdır, bəzəyindən-düzəyindən qalmamalıdır. Mən bütün qadınlara tövsiyə edirəm, harda işləsələr də, hansı şəraitdə çalışsalar da qadın olduqlarını unutmasınlar. Mənim kimi, özlərini mütləq sevdikləri işə həsr etsinlər. Özlərini, həyatlarını qiymətləndirsinlər ki, qiymət görsünlər. Sevərək yaşasınlar ki, başqalarını da yaşatsınlar. Eqoist olmasınlar, eqoistlik yaxşı deyil, hətta çox pisdir. Şükür ki, mən eqoist qadın olmamışam.


-    Müşahidələrimdən hiss edirəm ki, qızıl sevginiz də var. Sizi heç vaxt boğazınızdakı qızıl boyunbağısız görməmişəm. Arada bir mirvari istifadə edirsiz, amma əsasən qızıl...


-    Yaxşı müşahidə eləmisiz... Qızım, yalanın nə mənası, qızılı kim sevmir ki? Qadınların hamısı qızılı sevir də. Mən çox aludəsi olmamışam. Elə bir dənə o dediyiniz boyunbağımdı, həmişə hara gedirəm, onu taxıram. Ümumiyyətlə, qadına boyunbağı da lazımdı, üzük də, sırğa da. Çəkilişlərdə çalışmışam ki, həmişə üstümdə hamısından olsun, hərəsindən bir dənə varımdı. Sən də yadında saxla qızım, qadın bəzəkli, baxımlı olmalıdır. Yataqdayam deyə bu gün bəzənməmişəm. Yataqda nə bəzənmək? Amma bəzənəndə heç kimin köməyin istəmərəm, özüm hazırlaşıram. Saçlarımı da özüm darayaram, makiyajımı da özüm edərəm. Qadın gərək hər işin özü eləsin.


-    Şəfiqə xanım, Üzeyir bəydən danışaq?


-    Danışaq, qızım. Dahi Üzeyir Azərbaycan milli musiqisinin banisi idi. Həm gözəl sənətkar, həm də gözəl insan idi...


-    Bax bu hissəsindən danışsaq olar? Sənətkarlığından hər şey deyilib, yazılıb... O necə insan idi? Necə müəllim idi?


-    Mən onun sinfində müharibə vaxtı oxumuşam. Ağır dövr idi, xalqın arasında yoxsulluq idi. Qırmızıyanaq qız idim. Şəkili qızı. Bir gün sinfə gəldim, Üzeyir dedi “Şəkili qızı, rəngin xoşuma gəlmir. Bu gün yemək yeməmisən?” Utandım, dedim “Üzeyir müəllim, olur də adam cürbəcür vaxtlarda cürbəcür rəngdə, halda olur...” Başqa nə deyərdim? Yaxşı yadımdadır, Tosya adlı qapıçısı var idi, zəngi basdı, dedi “Tosya, mənə ayrılan buterbrodu gətir”. O vaxt da yağ, çörək bol deyildi axı. Buterbrodu iki yerə böldü. Üst qatını özü yedi, altın da mənə uzadanda yenə utandım. Dedi “Utanma, yeməsən mən sənə dərs keçməyəcəm”. Məni o yol ilə sinifdə yedirtdi, sonra dərsə başladıq. Üzeyirlə belə hadisələr çox olub. Pul ilə də mənə kömək edərdi.


-    Pulu necə verirdi?


-    Stolun üstünə qoyub, deyirdi “götür”. Utanırdım ki, “Ay Üzeyir müəllim, vallah yox, lazım deyil, istəmirəm”. Deyirdi, “Qələt eləyirsən. Onda dur ayağa, get evə. Artıq sənə dərs deməyəcəm. Sənin nə ixtiyarın var mənim verdiyim pulu götürməyəsən?” Götürürdüm...


-    Tez-tez belə acıqlanırdı, dərs deməyəcəyi ilə qorxudurdu?


-    Belə söhbətlərdə, hə. Sözünün üstünə söz deməkdən xoşu gəlmirdi. İstəyirdi ki, nə deyirsə, o olsun. Tək mənə yox, hamıya kömək edirdi...


-    İtirənlər olurdu?


-    İtirənlər o qədər idi ki, yadımda qalmayıblar. Bu yaşda yadda hər şey qalmır qızım, ancaq yaxşılar qalır. Mən Üzeyirə son dərəcə hörmət edirdim, həmişə onu ata-qardaş kimi çox istəmişəm.


-    Həm də çox yaraşıqlı kişi olub...


-    Hə. Həyatda çox gözəl, “priyatnı” kişi idi. Amma biz axı o zamanlar belə şeyləri fikirləşmirdik. Onunla həm dərs keçirdik, həm də dediklərinə əməl edirdik. Biz utanmayaq deyə özü də sinifdə yemək yeyirdi. İndi bunu heç kim eləməz. O zəmanə deyil indi, o kişilər yoxdu... Yoxdu... Cibimə pul qoyurdu, ailəmə də verirdim, pis dolanmırdıq.


-    İlk musiqinizi də o dinlədi.


-    Hə. “Bala” adlı mahnı idi. Onun üçün çalıb oxudum, xoşuna gəldi. Əmr verdi ki, bu mahnı çap olunsun. Onun göstərişinə görə “Bala” mahnısı həm Bakıda, həm də Moskvada çap olundu.


-    Paxıllıq necə, o vaxt da var idi?


-    Həmkarlarımın içində var idi.


-    Bəstəkarlıqda çoxluq təşkil edən kişilər tək olan qadına paxıllıq edirdilər?


-    Edirdilər, edirdilər. Amma indi, ömrümün bu çağında onları demək istəməzdim. Həyatdır də, onlar hamısı yaşadıqlarının əvəzin ödəyiblər.


-    O dövrlərdə, qadının yerinin birmənalı şəkildə mətbəxdə olduğu bir zamanda orda nə qədər zaman keçirmisiz?


-    Oy, oy, oy! Nə danışırsız, qızım? Dünyada əlimi xörəyə zada vurmazdım ey. Rəhmətlik anam bişirərdi, biz yeyərdik. Özümü tamamilə sənətə həsr eləmişdim. Evdə yemək oldu yeyirdim, olmadı durub baxırdım.


-    Heç “bir yumurta sındırım” dediyiniz də olmadı?


-    Yox, heç ağlıma da gəlməzdi. Rəhmətlik anam çox mərhəmətli qadın idi. Elə edirdi ki, biz bir şey yeyək. Odur ki, sənət aləmində mənim həyatım indiki sənətkarların həyatı kimi deyil. Müharibə vaxtı idi, ələdüşməz anlar idi. İnsanlar bir şeyi tapanda, o birini tapmırdılar. Mən xatırladıqca bir cür oluram... Sonra, istəyirəm ki, tarix bunu unutmasın: 1944-cü il idi, Azərbaycan himni yaranırdı. Mənim o vaxtlar səsim Üzeyirin xoşuna gəlirdi, yaxşı oxuyurdum. Üzeyir o qədər müğənnilərin içində himni onlara yox, mənə verdi. O vaxt mən birinci katib Mircəfər Bağırovun qarşısında Azərbaycan himnini oxudum. Himnimizi ilk dəfə mən oxuyub komissiyadan keçirmişəm.


-    Amma himnimiz Sizin səsinizdə yoxdur, hə?


-    Yox, yoxdur.


-    Müğənnilər də paxıllıq elədilər ki, niyə biz yox Şəfiqə?


-    Hə, elədilər. Mən çox paxıllıq görmüşəm, qızım, çox. Amma çox möhkəm, mətanətli xasiyyətim var idi.


-    Bu qədər gücü, o dövr üçün bu qədər cəsarəti hardan alırdız?


-    Allah hərəni bir cür yaradıb, məni də mətanətli, dözümlü, səbrli yaratmışdı.


-    İndi himndən bir hissə oxuya bilərsiz?


-    Sözləri yadımda deyil. Xalqın çox sevdiyi “Pişik” mahnısından oxuya bilərəm. O mahnı özümün də xoşuma gəlir. İndiyəcən yadımdadır:

Görən kimi gözünü
Bildim kuklam ağlayıb.
Pişik onun üzünü
Üç yerdən cırmaqlayıb.

Kim ağladıb uşağı
Yerə dağıdıb yağı
Alt-üst olub ev-eşik
Bu nə işdir, a pişik?


Mən çox uşaq mahnıları yazmışam. Cəmi bir övladım var idi, ona da vaxt ayıra bilmirdim. Bu mahnılarla bir növ ana məhəbbətimi izhar edirdim. Talehim çox istedadlı idi. Elə gözəl piano çalırdı ki, o çalanda pianoçular heyran qalırdılar... Ona az vaxt ayırdığım üçün də heç vaxt inciməzdi. Özü musiqiçi idi deyə məni başa düşürdü. Heç vaxt deməzdi ki, “bəsdi çaldın, dur ayağa”. Əsərlərimi ona verirdim, elə gözəl çalırdı ki... Biz onunla bir komanda idik...


-    İndi Şəfiqə Axundova deyəndə gözünüzün önünə hansı qadın gəlir?


-    Pianonun arxasındakı Şəfiqə. Yaradıcı Şəfiqə. Çünki mənim pianodan kənarda həyatım olmayıb.


-    90 yaşın astanasında geriyə baxanda elə məqam olur ki, deyəsiz heç dəyməzmiş?


-    Dəyərdi! Mənə Üzeyir Hacıbəyov qayğı göstəribsə, dəyərdi!


-    Şanslı tələbə olmusuz.


-    O nədi ki?


-    Bəxtli, taleyi yaxşı olan tələbə.


-    Hə. Üzeyir mənim əsərlərimi çox sevərdi. Ona görə də ruhlanırdım, çox yazırdım...


-    Bəs bəxtli qadın demək olar?


-    Şəxsi həyatda yox. Qızım, iki xoşbəxtlik bir yerdə olmaz, heç vaxt mümkün deyil. Məsələn, Azərbaycan himnini ilk dəfə mən oxumuşam, bu tarixdə qalıb. Onu mütləq yaz ki, mən oxumuşam. Çox hadisələr yadımdan çıxıb, yoxsa danışardım, maraqlı olardı...


-    Memuarlar yazmısız?


-    Yazmışam. Mən axı bacımla yaşayıram. Bacımla gəlini məni yaşadır. Bir gün onlara dedim ki, qələm-kağız verin, həyatımı yazacam. Başladım tələbəlik illərimdən bu günə qədər yadımda qalanı yazmağa... Qızım, yazarsan ki, himni Mircəfər Bağırovun qarşısında oxudum.


-    Özü də kimin... Bağırovun...


-    Hə, çox zəhmli, sərt təbiətli adam idi. Hamı ondan qorxurdu.


-    Sizdə necə, qorxu var idi?


-    Mənim nə vecimə? Arxamda Üzeyir dayanırdı, oxuyurdum.


-    Yenə əsər yazırsız?


-    Yox, yalan deyə bilmərəm. İndi mənə həyəcanlanmaq olmaz. Həyəcansız yazılan əsər isə lazım deyil. Daha qurtardı, mən yaza bilmərəm. Yazdıqlarım bəsdir.


-    Azərbaycan musiqisində tarix yazmış, Şərqin musiqi simvollarından birinə çevrilmiş, dünyagörmüş bir xanım olaraq necə hesab edirsiz, həyatda ən vacib şey nədir?


-    Can sağlığı! O da artıq məndə yoxdur. Amma yenə də şükür, özüm-özümü idarə edirəm. Qızım, allah sizə can sağlığı versin, mənim qədər yaşayasız. Məni bu yaşımda xatırladığınız üçün, sənətimə qiymət verdiyiniz üçün bütün redaksiyanıza təşəkkür edirəm. Bütün əməkdaşlarınız həyatda doyunca yaşasınlar.


Sağollaşırıq. “Yazını hələ vermə, burdan çıxıb evə gedim, memuarlarımı axtarıb tapıb verəcəm sənə. Bax gör, yazıya ordan nə isə salmaq olarsa, istifadə edərsən”, deyir. Mən qapıya çatanda əli ilə geri çağırır. Qayıdıram, aşağı əyilməyimi işarə edir, əyilirəm və qulağıma bu sözləri pıçıldayır:


-    Yaz ki, məni heç kim xatırlamır. Heç kəs həyatımla maraqlanmır. Nə Bəstəkarlar İttifaqı, nə də Mədəniyyət və Turizm Nazirliyi bilmir ölmüşəm, yoxsa qalmışam...


-    Heç ayda bir dəfə də olsun zəng edib halınızı soruşmurlar?


-    Ay nədi, heç ildə bir dəfə zəng etmirlər. Bir dəfə ad günüm olanda zəng ediblər, yanvarda. Məni bircə Elmira Süleymanova unutmur. Baxmaz 8 martdır, Novruzdu, yeni ildi. Bütün bayramlarda qapımı açır. Amma bu dəfə ad günümdə qəfil qapı döyüldü, açdılar ki, Hacıbala Abutalıbov. Bir də bu gün həyatda hər şeyi – yaxşılığı, diqqəti, qayğını bircə nəfərdən görürəm, nazir Kəmaləddin Heydərovdan. Bir çətinim, sözüm olanda ona zəng edib deyə bilirəm. Bircə o telefonuma cavab verir. Başqa heç kim. Mədəniyyət və Turizm Nazirinin müavini Fərəh xanım qohumumdu, amma ona zəng eləmək üçün gərək bütün nəslə zəng edəsən ki, o telefonu qaldırsın. Axtaranlar sağ olsun. Allahdan arzu edirəm yubileyimə qalım. Görüm qalacam, qalmayacam...

P.S. Müsahibəni redaksiyaya gec göndərməyimə səbəb Şəfiqə xanımın istəyidir. Onun istədiyi kimi, memuarlarını gözlədim. 18 gün keçdi, dəfələrlə telefonla danışdıq, memuarlar isə mənə yetişmədi. Gözləyib-gözləyib axırda aprelin son günlərində müsahibəni redaksiyaya 90 illik yubiley ərəfəsində “Şərqin ilk opera bəstəkarının memuarları” kitabının çapına ümid edərək, memurlarsız göndərirəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4004
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar