“Başqa heç bir qadın yoldaşıma bu zövqü verməməlidir...” – <span style="color:red;">Tanınmış bloqerdən ilginc açıqlamalar
27 aprel 2018 14:14 (UTC +04:00)

“Başqa heç bir qadın yoldaşıma bu zövqü verməməlidir...” – Tanınmış bloqerdən ilginc açıqlamalar

 

Layihə: Vüsalə Məmmədova ilə “Özsüt”də “QIZ-QIZA”

 

Biz qadınlar günaha qulağımızla batırıq. Bu, əsrlər boyu belə olub. Böyük ehtimal, sırğa deyilən zadı da məhz onları cəzalandırmaq üçün uydurmuşuq, amma faydası olmayıb. Ən bahalı sırğa belə bizi günahdan yayındırmayıb ki, ona daha da yaxınlaşdırıb. Qulağa xoş gələn hər söz qadın həyatında öz unudulmaz izini buraxıb. Kişilər də bundan məharətlə istifadə edib, qulağımıza xoş gələcək şeirlər, mahnılar düzüb-qoşublar... Və saysız-hesabsız təmtəraqlı təsəllilər, bizi inkişafdan saxlayan “hər uğurlu kişinin arxasında bir qadın dayanır” kimi şablon fikirlər...

 

Qısası, nə qədər ki, gec deyil, belə boş-boş sözlərin qurbanı olmayın, bircə addım atmaqla o uğurlu kişinin arxasından yanına keçib, birgə addımlayın, fürsət tapınca onu ötün! Unutmayın ki, sağlam cəmiyyət uğurlu kişisi deyil, uğurlu qadını bol olan cəmiyyətdir!

 

Bugünkü “Qız-qıza” söhbətimizdə sizi çox uğurlu bir qadın nümunəsi ilə tanış edəcəyəm. O, cəmi bir neçə il öncə bildiyiniz gənc ana, evdar qadın idi. Bir gün ev ona dar gəldi və işləməyə qərar verdi. Çox qısa zamanda isə onu artıq dünyada tanıyıb, qəbul etdilər.

 

Qadınlar üçün Azərbaycanın ən böyük Youtube kanalının idarəçisi, video-bloger Səma Abiyeva. Onun bir-birindən maraqlı videolarının səs-sorağı Parisəcən gedib çıxıb. İndi onu Bakıda tapmaq da çətindir. “Elə Bakıya qayıdıb, uşaqlara alışıram ki, yeni ölkədən dəvət alıram” deyir.

 

Mən bu xanımın uğurlarını böyük qürur hissi ilə izləyirəm. Tanıyaq:

 

- Uşağı havaya çıxaranda istər-istəməz digər analarla söhbət edirsən və bir müddət sonra darıxıb, ətrafdakı insanlara baxmağa, işə, dərsə gedib gələn xanımları müzakirə etməyə başlayırsan... Qəfil özümü kənardan gördüm və qorxdum! Axı nə zamansa mən dərsə gedəndə skamyada əyləşib başqalarını müzakirə edən qadınlara baxıb heç vaxt onlar kimi olmayacağımı düşünürdüm...

 

Elə həmin dönəmdə, 23 yaşımda ağır bir xəstəlik keçirdim – üz paralici. Bütün bunlar məni silkələdi ki, mətbəxdəki uğurlarınla kifayətlənməyin yetər, sən bir peşə sahibi olmalısan. Oğlumun yeməyini verən kimi yatırıb, kompüter kurslarına və ingilis dili dərslərinə getdim. Dərmanları öyrənib, anatomiyadan imtahan verdim və iş həyatıma bir dərman firmasında represant kimi başladım. Eyni zamanda “Ədalət” qəzeti ilə də əməkdaşlıq edirdim...

 

- Bu müddət nə qədər çəkdi?

 

- Cəmi bir il! BDU-nun jurnalistika fakültəsini bitirmişdim, altı aylıq jurnalistika kursları açıldığını eşidəndə işimdən ayrılıb, ora getdim. Kursları başa vuran kimi Yurd televiziyasında müxbir kimi işə başladım. Baxmayaraq ki, həyat yoldaşım DJ Turalın yanından başlamaq daha asan olardı, amma mən çətin yolu seçib, sıfırdan başlamağa qərar verdim.

 

Mənim nənəmlə babam BDU-nun jurnalistika fakültəsinin ilk məzunları olublar. Atam da həmin fakültəni bitirib. Buna görə adamlar bəzən düşünür ki, sən uğurunu ya atana, ya həyat yoldaşına borclusan... İstəmədim, kimsə məni Turalın kölgəsi hesab etsin. Düşündüm, elə olsun ki, Tural özü mənə iş təklifi etsin. Həqiqətən də belə oldu! Xəbərlərdə də cəmi bir il çalışdım və günlərin bir günü yoldaşım “bəlkə gəlib mənimlə radioda çalışasan? Həm redaktorum, həm də prodüserim olasan”, dedi. Daha sonra isə birlikdə veriliş aparmağa başladıq... Lakin efirdə heç vaxt evli olduğumuzu bildirmədik. Hətta mən ara-sıra Turalın evli olmasına işarə edir, onun xanımı ilə zarafat edirdim... (Gülür) Bu arada isə bloq fəaliyyətim davam edirdi. Və bir müddətdən sonra bloq fəaliyyətim o qədər genişləndi ki, mən artıq bütün işləri kənara qoyub, ancaq onunla məşğul olmalı oldum.

 

- Biz sizinlə sadəcə Facebook dostu idik, sonra bir-birimizi instagramda izləməyə başladıq və bir də xəbər tutdum ki, səhifəniz artıq çox ciddi, mənim özümün belə mütəmadi baxmaq istədiyim bir bloqa çevrilib. İzləyici olaraq, mən bu prosesin necə baş verdiyinin fərqində olmadım. Bloq necə yarandı?

 

- Əslində mən bloq yox, analar üçün maarifləndirici veriliş hazırlamaq istəyirdim. Hazırladım da! Televiziyaya təqdim etdim, bəyəndilər və təklif etdilər ki, proqramın reytinq qazanması üçün Röyadan ana kimi müsahibə almalıyam. Gördüm ki, burada diktə ilə çalışacağam, bu mənim görmək istədiyim iş deyil. Mən sırf maarifləndirici proqram hazırlamaq istəyirəm. Bir az depressiyaya düşdüm. Sonra düşündüm ki, axı mən niyə Azərbaycandakı 100 aparıcıdan biri olmalıyam? Onların içində çalışıb, 10 aparıcıdan birinə çevrilməliyəm? Ondansa mən Azərbaycanın ilk bloqerlərindən olum. Qərar verdim ki, mən 5 bloqerdən biri olacağam, senzurasız və qrafiksiz çalışacağam! Nədən istəyirəm, ondan, nə vaxt istəyirəm, onda yazacağam. O zaman əlimdəki hazır verilişin rubrikalarını bölüb, tək-tək youtube kanalıma yüklədim.

 

- Və bu fəaliyyətin biznesə çevriləcəyini güman etmədən?

 

- Bu gün olduğum yerə gələcəyim qətiyyən ağlıma gəlməzdi. Bloq fəaliyyətimin ikinci ilində Almaniyada yaradılan və internetdə dünyaca məşhur aktyor, müğənni və digər ünlü sima və kinokompaniyaların müəllif hüquqlarını qoruyan leybl şirkəti Playonmuse partnyorluq təklif etdi. Şirkətin Türkiyə bölməsi Tarkan, Sezen Aksu, Cem Yılmaz, Boyut Film kimi nəhəng adların veb-məkandakı hüquqlarını qoruyur və mənim də adımı öz tərəfdaşları siyahısında görmək istədiklərini, hər baxış sayına görə mənə ödəniş edəcəklərini və videolarımın Türkiyədə daha çox rastlanmasına dəstək olacaqlarını bildirdilər. Videonun altına yerləşdirilən reklamdan gələn gəlirin 30%-ni özlərinə götürüb, 70%-ni isə müəllifə ödəyəcəklər.

 

- Maraqlıdır, sizi necə kəşf ediblər?

 

- Mən həmişə çalışmışam ki, bloqumda qadınları maraqlandıran bütün sahələri əhatə edim. Ramazan ayında araşdırdım ki, sahur üçün həyat yoldaşıma nə bişirim ki, həm tutumlu olsun, həm də onu çox susatmasın. Börəklərin üzərində dayandım və bu arada bir çox qadının bu sual qarşısında baş sındırdığını bildiyimdən, hazırladığım börəyin videosunu kanalıma yüklədim. Mənim videom börək resepti kimi onların qarşısına çıxıb. Kanalımı xüsusi alətlərlə təhlil edib bəyəniblər və əməkdaşlıq etmək qərarına gəliblər.

 

- Sizin videolar həm maarifləndirici, həm də peşəkar səviyyədə hazırlanır. Hətta bəzi televiziya proqramları sizin standartlarla rəqabətdə asanlıqla uduzar. Hər yeni videoda komandanıza yeni bir istedad qoşulduğunu hiss edirəm...

 

- Belə düşünməniz məni qürurlandırır, çünki hər videodan sonra öz üzərimdə daha çox işləyirəm. Komandaya gəlincə, mən tək işləyirəm. Mövzunu müəyyən etdikdən sonra araşdırıram. Anam həkimdir, onunla məsləhətləşirəm, kosmetoloqumdan tövsiyələr alıram. Sonra çəkiliş edəcəyim məkanı seçir, işığı qurur və başlayıram... Montajı belə özüm edirəm...

 

- Heç kömək edən yoxdur?

 

- Bu işdə yoldaşım mənə çox dəstək olur. Çəkiliş üçün lazım olan bütün texnikanı alıb. Evimiz çəkiliş meydançasına oxşayır. Qalan işləri isə özüm görürəm. Bir komandanın işini görmək əziyyətli olsa da, yaradıcı və gözəldir. Ümumiyyətlə isə yoldaşımın mənəvi dayağı olmasa mən bunların heç birini edə bilmərəm. Məsələn, bu gün elə alınıb ki, mən Bakıya gəlib evimdə oturan kimi başqa bir ölkədən təklif alıb, yenidən səfərə gedirəm. Parisdən yeni dönmüşəm, artıq Moskvada yeni parfümün təqdimatına hazırlaşıram...

 

- Siz səfərdə olarkən həyat yoldaşınızın uşaqlarla paylaşdığı fotoşəkillər çox xoşuma gəldi. Bizim kişilər nadir hallarda qəbul edir ki, qadın iş dalınca getsin, o evdə uşaqla əyləşsin...

 

- O şəklə görə çox adam yoldaşımı qınadı... Məndən o qədər “yoldaşınız nə əcəb sizi xaricə tək getməyə qoyur” soruşurlar ki...! Axırda Turaldan soruşdum ki, deyəsən biz düz iş görmürük, cəmiyyət qəribə qarşılayır. Dedi, məndən də soruşurlar. Maraqlıdır, bu sualı verənlər özləri xaricə gedəndə nə edirlər ki, səndən də o işdə şübhələnirlər? Yaxud kişilər öz xanımlarına bu qədərmi inanmırlar ki, mən yoldaşıma yetmirəm, o sərhədləri aşan kimi məni kiminləsə əvəzləyəcək, deyə düşünürlər? Axı xəyanət etmək üçün ölkə sərhədlərini aşmağa ehtiyac yoxdur...

 

- Bizim kişilər nadir hallarda qadınına onu öz ayaqları üstündə saxlayacaq özgüvən aşılaya bilir. Natamamlıq kompleksi çox olduğundan qadının iqtisadi azadlığını həzm edə bilmirlər...

 

- Razıyam. Bu güvəni qadına hər kişi verə bilmir, ona görə də paxıllıqdan elə şərhlər yazırlar... Kişilər əksər vaxt düşünür ki, qadın öz ayaqları üstündə dayansa, maddi asılılığı olmasa çox rahatlıqla ailədən gedə bilər.

 

- Çünki bir çoxu qəlblərinin dərinliklərində seviləcək cəhətləri olmadıqlarını, qadının onlarla sırf puluna görə yaşadığını bilir...

 

- Bilirsiz, Turalın bir devizi var – deyir, Səma, mən səni mənsizliyə alışdırıram! Bu, o demək deyil ki, biz ayrılırıq, amma həyatdır, hər şey ola bilər... Əgər mən səni sevirəmsə, hər yerdə mənsiz rahat yaşaya bilmən üçün sənə dəstək olmalıyam. Mən sənə balıq yox, onu yaxalayacaq toru verməliyəm ki, mən həyatda olmasam belə sən mənim uşaqlarıma rahat baxa biləsən...

 

- Biz düşünürük ki, Parisdən Azərbaycan görünmür. Onlar məhsullarını bizdə tanıtmağa maraqlı deyillər, çünki həm onların dünyada kifayət qədər alıcısı var, həm də bizim alıcının seçimi yoxdur. Buna rəğmən, Rene Furterer şirkəti 60 illiyi qeyd edəndə, yeni məhsulunu tanıdanda dünyadan topladığı ünlülərin sırasına Azərbaycandan da bloqer dəvət edir. Üstəlik, o bloqer Qafqazdan gecəyə dəvət alan yeganə şəxs olur... Necə başladı “Səmanın Paris gündəliyi”?

 

- Mütəmadi olaraq bu şirkətin saça qulluq vasitələrini istifadə edir, şəklini də çəkib onları işarələyirdim. Şirkət hər dəfə Bakıya yeni məhsul göndərəndə “Səma xanıma da çatdırın, biz onun paylaşımlarını izləyir, bəyənirik”, deyirdlər. Mən də düşünürdüm ki, yəqin Bakıdakı şirkət məni həvəsləndirmək üçün belə deyir. Parisdən məni niyə izləsinlər ki? Bir gün isə “yaxın 20 gündə nə planınlz var? Biz sizi Parisə dəvət etmək istəyirik” yazdılar... Beləcə, “Səmanın Paris gündəliyi” başladı...

 

- Ardından da Türkiyə, “Altın kelebek”...

 

- Və yenidən Parisə! Bu dəfə yerli brendimiz “Gazelli”nin dəvətlisi idim...

 

- Ordan da Moskva! Bildiyim qədərində bizdə xaricə dəvət alan ikinci bloqerimiz yoxdur.

 

- Bəli. Təkəm və bu da məni qürurlandırır.

 

- Və gələk əsas məsələyə. Məhsulunu sizin blogda tanıtmaq üçün müraciət edənlər çox olur? Şərtlər necədir?

 

- Nə qədər yazırlar, hədiyyə göndərirlər, bir bilsəz! Hamıya cavabım eynidir – mən sizin məhsulunuzu əlimə alıb, “çox gözəldir” deməyəcəyəm. Növbəti maarifləndirici bir video hazırlayacağam və məhsulunuz orada görünəcək.

 

- Postların hamısı reklamdır?

 

- Xeyr. Təkliflər, hədiyyələr həddindən artıq çoxdur. Göndərilən məhsulu öncə öz üzümdə yoxlayıram. Xoşuma gəlmir, deyirəm ki, “sınadım” yaza bilərəm, “bəyəndim” yox. Mən məhsul qarşılığında yox, ödəniş qarşılığında işləyirəm. Ən önəmlisi isə mənim nüfuzum xərclənir. İzləyicim tövsiyə etdiyim məhsuldan ziyan görəcəksə, mənə olan etimadını itəcək, növbəti postumun izlənmə sayı azalacaq. İllərlə topladığım izləyici auditoriyası dağılacaq. Mən bloqum ətrafında toplanan 60 min insanı hansısa şirkətin bir pomada hədiyyəsinə xərcləyə bilmərəm.

 

- Bloqerlər arasında Səma Abıyevaya rəqib olacaq kimsə varmı?

 

- Səmimi cavabım çox təkəbbürlü çıxar...

 

- Olsun!

 

- İzləyicisi 60 min olan bir rəqib görmürəm. Amma baxıb ilham və zövq aldığım Turanə Hüseynli var.

 

- Turanəni izləməyi mən də sevirəm. Ancaq onun bloqu bir profillidir.

 

- Mən peşəkarlıq baxımından deyirəm. Turanə videolarda çox gülərüzdür, işıq açır. Ondan pozitivlik öyrənirəm. Bir də öz cəsarəti ilə fərqlənən Toostyle var. Bu bloqlar yeni yaranıb və bir istiqamətlidir.

 

- Və oxuduğu kitabları öz bloqunda çox maraqlı bir formada təqdim edən məmləkətin ən azyaşlı bloqeri Önər var... Heçmi rəqib deyil?

 

- Oğluma uduzmaq həyatda zövq alacağım yeganə məğlubiyyətim olardı! Hərdən bildiriş gəlir - “Önər yeni video yüklədi...” O qədər xoşdur ki!

 

- Məmləkətin bir tərəfində minlərlə qadın əlinə internet düşən kimi hansısa qrupda qaynana qeybəti qırır, məişət problemini danışır. Digər tərəfində isə bir xanım sadəcə öz bacarıqlarını, bilgilərini sərgiləməklə öz biznesini qurur. Mən həm qızınıza hamilə olduğunuz dönəmləri, həm də onun bu yaşa çatana qədər yaşadığınız hər şeyi – üç il ərzində necə addım-addım və ən faydalı formada bloqda paylaşmanızı çox maraqla izlədim. Digər xanımlara mükəmməl örnək oldunuz. Bütün paylaşımlarınız bir qadının ən yaxın rəfiqəsi ilə söhbəti kimi səmimi və informasiya ilə boldur. Yəni, bu artıq sizin işinizdir. Şəxsi həyatda necə, rəfiqələrlə paylaşmağa mövzu saxlayırsınız?

 

- Bloq fəaliyyətinə başlayandan sonra 15 dəqiqə bir yerdə oturduğumu xatırlamıram. İşim həddindən artıq çoxdur. Skamyada kifayət qədər oturmuşam. (Gülür) Əslində stresdir. Yoldaşım həmişə deyir ki, özünü qocaldırsan, çalışma hər şeyi ideal edəsən! Günlərin bir günü şarjın bitəcək, yolun yarısında qalacaqsan. Sən mənə xoşbəxt lazımsan. Bir dəqiqə dayan və bu həyatından zövq al. Sən zövq almağa vaxt tapmırsan...

 

- Nədir sizi qovan? Niyə bu qədər narahatsınız?

 

- Vicdanım ağrıyır... Mən işə gedəndə uşaqlar... Uşaqlarla məşğul olanda iş... Kitab oxuyanda yemək bişirmək... Biri həmişə qalır... Onu deyim ki, yemək məsələsində çox kaprizliyəm. Təmizlik işinə kimsə kömək edə bilər, lakin yeməyi həyat yoldaşımın qabağına mən hazırlayıb qoymalıyam. O mənim əllərimdən çıxan yeməkdən zövq almalıdır. Bunu başqa bir qadın etsə ürəyim partlayar. Bu, mənə aid olmalıdır və başqa heç bir qadın həyat yoldaşıma yeməkdən aldığı zövqü verməməlidir!

 

- Eqoizmdir, ya qısqanclıq?

 

- Bilmirəm. Kişinin ürəyinə gedən yol mədəsindən keçir deyirlər, məncə mən o yolun naviqasiyasını öz əlimə almışam. Anası bişirsə eybi yox, amma mən qaynanamın da reseptlərini öyrənirəm ki, Turalın uşaqlıq hisslərini ona təkrar yaşadım. Mənə görə həyatda gözəl nə varsa, onu həyat yoldaşıma mən yaşatmalıyam.

 

- Ailə, iki övlad, mətbəx, bloq, səfərlər, ətrafda məhsullarını tanıdacağınız şirkətlər... Bir sözlə, bütün günü qaçhaqaçdasınız və mütləq yolun kənarındakı skamyada qadınlar əyləşib sizi müzakirə edirlər... Nə hiss edirsiniz?

 

- Özümün əvvəlki vaxtlarımı düşünürəm... Onlara yaxınlaşıb ayağa qaldıra bilmərəm, lakin bunu bloqum vasitəsilə etməyə çalışıram. İstəyirəm bilsinlər ki, cəmiyyətdəki bütün problemlərin kökündə bir qadın suçu var. O sorunları yaradan kişiləri qadınlar tərbiyə edib.

 

- İstənilən cəmiyyət qadının əsəridir. Ziyalı, mütərəqqi, ya məkrli, kinli qadının, bu artıq ilk baxışdan məlumdur... Qadın silkələnib skamyadan qalxsa, daha geniş anlamda serial qarşısından, dedi-qodu masasından uzaqlaşıb özünə çəki düzən versə, onu qadınlıqdan çıxardıb arvadlaşdıran cəhətlərindən əl çəksə biz çox qısa zamanda başqa cəmiyyət müşahidə edərik...

 

- Sevdiyim bir mesaj var və qızım böyüyəndə bunu ona deyəcəyəm – çalışma gözəl olasan, çalış ağıllı olasan. Çünki ağıllı gözəl olmağın yolunu tapacaq, amma gözəl ağlı yoxdursa o gözəlliyindən də istifadə edə bilməyəcək. Bloqumda niyə qadınlarımız qulluq vasitəsindən çox makiyaj vasitələrindən danışırlar deyəndə inciyirlər. Axı bizi izləyən kişilər düşünür ki, bizim başımız pomadanın rəngini paltarımıza uyğunlaşdırmaqdan başqa heç bir işə yaramır və qadınla ciddi mövzuları müzakirə etmirlər. Çünki qadınlar başlarının üstünü ağırlaşdırmağa daha çox meyllidirlər, nəinki içini...

 

- Kişilər həmişə qadın başının saç düzümü üçün olduğunu iddia edirlər.

 

- Əziz qadınlar, çalışın kişilərinizlə söhbətdə ağıllı mövzulara girişin. Analar, qızlarınızı başqa bir anaya qulluqçu kimi böyütməyin! Yaxşı qadın olmaq xalça-palaz yumaq, əşyalara qulluq etmək deyil. Həyat yoldaşınızın həyatdan nə istədiyini başa düşən qadın olmağa çalışın!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6505
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar