Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid Samirə Məmmədova hadisə baş verən gün atasının qardaşına maşını verərək onu evdən göndərdiyini bildirib:
"Maşını verdi ki "Get, gəz". Anama əziyyət verirdi, döyürdü həmişə. Anam o qədər zülmə, döyülməyə baxmayaraq, bizə görə neçə dəfə evə qayıtmışdı. Saxladığı qadınlara ev tuturdu, onlarla xarici ölkələrə gəzməyə gedirdi. Anamın bişirdiyi yeməkləri onlara daşıyıb aparırdı. Qadınları evə gətirib anamı da döyərək onlara qulluq etməyə məcbur edirdi. Hadisə baş verən gün zəng vurub qonşuya deyib ki, "Lamiyəni öldürmüşəm, gəlib götürün". Hamı, öz qohumları da ona nifrət edirdi. Qardaşım uşaq olanda atam həbsxanaya girmişdi. O, artıq çıxanda qardaşımın 17 yaşı var idi. Anamı heç vaxt qardaşımın yanında vurmurdu, o, evdə olmayanda döyürdü. Qardaşımı da özü kimi etməyə çalışırdı".
Şahid Məhərrəm Məmmədov ifadəsində həmin günü atasının maşını ilə gəzməyə getdiyini bildirib:
"Evə axşam gəldim. Saat 11-12 radələrində evə qayıdanda anamın artıq həyatda olmadığını bildim".
Daha sonra dövlət ittihamçısı çıxış edərək R. Məmmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qısa sürən müşavirədən sonra məhkəmə R. Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
İttihama əsasən təqsirləndirilən R. Məmmədov həyat yoldaşını mübahisə zəminində idman zamanı istifadə olunan beysbol çubuğu ilə döyərək qətlə yetirməkdə təqsirləndirilir.
Xatırladaq ki, 2025-ci ilin fevral ayının 8-də Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova namaz qılarkən küt alətlə qətlə yetirilib. Qətldə şübhəli bilinən Məmmədov Ramil Məhərrəm oğlu ölkədən qaçıb.
Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Ramil Məmmədov Gürcüstanın ərazisində saxlanılıb.
Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Ramil Məhərrəmov bu ilin martında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Fərqanə Novruzova