“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli ilə S+ Qadın Klubunda görüşürük. Yaşıl çayımızı içə-içə demək olar ki, hər şeydən danışırıq, iki qadının bir arada danışacağı və hətta danışmayacağı mövzulardan da. Amma bütün mövzularda kitabın bir payı olur. Bəs necə? Axı müsahibim kitabçıdır. Söhbətimizdən kitaba yaxınlaşan hissələri seçib, qızların bir qızla olan söhbətini başqa qıza qeybətə çevirib danışdığı kimi, “ətraflı anons” şəklində Lent.az-ın “Qız-qıza” layihəsi üçün yazacam, qalanı isə ikimizin arasında qalacaq. Lap əsl qız-qıza söhbət kimi. Məndən hansı dildə oxuduğumu soruşur:
- İndi rusca Xalid Hüseyni “Min möhtəşəm günəş”, türkcə Dos Passos “Manhattan Transfer”, Azərbaycanca “Yüz ilin tənhalığı” oxuyuram.
- Mən isə hal-hazırda Mixal Viveqi oxuyuram. Çex yazıçısıdır. Çox gözəl, incə, işıqli bir əsərdir. “Min möhtəşəm günəş” çox sevdiyim bir romandır. Xalid Hüseyninin may ayında təzə kitabı çıxacaq ingiliscə, bizdə də satışda olacaq. Azərbaycanda oxucu təbəqələri müxtəlifdir, çalışırıq hər hansı kitab dörd dildə olsun - azərbaycan, rus, türk, ingilis. Dünyanın heç bir yerində belə şey yoxdur, hərə öz ana dilində kitab buraxır. Bizdə isə kitabların 70 faizi rus dilindədir. 15 faiz azərbaycan dilində kitablar alırlar, 15 faiz isə türk və ingilis dilində kitablar arasında bölünür. Belə çıxır ki, hələ də rusdillilər oxumaqda daha aktivdir. Ümid edirəm, bu, zamanla düzələcək, azərbaycanca kitablar daha yaxşı satılacaq.
İki qadın bir yerə düşən kimi mövzu həm də o biri qadınlar olmalıdır. Bu şərtdir. Bu qaydaları pozmuruq:
- Kitab oxuyan qadınları sevirəm. Qadınlar həqiqətən savadlı və ağıllıdırlar. Onlarla bağlı belə bir stereotip var ki, kitab oxumurlar. Qəti razı deyiləm. Bizim kitab evinin statistikası göstərir ki, oxucularımızın 75 faizi qadınlardır. Televiziyalarda daima müzakirələr edirlər: ”Əsl Azərbaycan qadını necə olmalıdır”. Savadsız insanlar da oturub fikir bildirirlər. Azərbaycan inkişaf edir, amma qadınla bağlı stereotip və arxaik təfəkkür, ikiüzlü yanaşma eyni yerdə qalır. Məsələn, “qadına böyük hörmət var”, “cənnət anaların ayağı altdadır”... boş söhbətdir. Qadına hörmət yalnız avtobusda gedəndə yer verməkdə peyda olunur, bu qədər. Qoy qadın ayaqüstə getsin, amma ona olan münasibəti dəyişin.
Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq...
- Bizdə oxucunun sayı çox azdır. İnsanlardan soruşanda kitab oxuyursuz? Deyirlər vaxtım yoxdur. Deyirəm bəs facebookda uzun-uzun statuslar, şərhlər yazmağa, seriallara baxmağa necə vaxt tapırsız? Ümumiyyətlə mənasız işlərlə məşğul olmağa insanın həmişə vaxtı olur. Mən hər gün oxuyuram, oxumasam özümü çox pis hiss edirəm. Bu bir vərdişdir, həyat tərzidir. Kitab oxumaq üçün həmişə vaxt tapılar. Bizim ailədə həmişə təhsilin, kitabın bir kultu var idi, mən uşaqlıqdan kitabın arasında böyümüşəm, ancaq bunu eşitmişəm ki, oxumaq lazımdır.
Qadın dediyin mütləq özünü başqa qadınlarla müqayisə etməlidir, etməzmiyik?
- Mən çox işləyirəm. Səhər saat 7-dən dururam, uşağı məktəbə aparandan sonra idmana gedirəm. Bu mənim üçün vərdişdir. Ümumən, idmanı çox sevirəm. Səhər işə gəlib, ən azı axşam saat 8-ə qədər işləyirəm. Demirəm bütün qadınlar bu qədər işləməlidir, amma iş ilə məşğul olmaq lazımdır. Bu mesajları mən valideynlərimdən almışam, qızıma da ötürürəm. Anam məni alim görmək istəyirdi. Mən çalışdım, aspiranturaya girmək, Amerikada universitetə daxil oldum. Sadəcə anladım ki, elm mənim üçün deyil, mən bu işi sevirəm. Bu işlə məşğul oldum.
Qadına dəstəyi ancaq qadın verə bilər:
- Mən elə böyümüşəm ki, heç kimdən kömək gözləməmişəm. Əlimdə olan 600 dollarla iş qurub buracan gəlmişəm. Qadın ilk növbədə müstəqil olmalıdır. Bizdə qadın qorxur, istəmir müstəqil olmağı. Bizim ölkədə bizneslə məşğul olmaq da riskdir. Kitab işi ilə məşğul olmaq da və ən önəmlisi qadın olaraq işlə məşğul olmaq daha böyük riskdir. Hər yerdə rüşvət istəyirlər. Mən rüşvət vermirəm. Hər gün bizim dükanlarımıza və ya kafeyə papkalı kişilər gəlir. Mühasib, hüquqşünas başlayır söhbət aparmağa, bunlar təəccüblənir ki, necə yəni, bəs şirinlik? Bayramqabağı bizə pay vermək istəmirsiz? Bəs biz sizi bağlayacağıq, böyük cərimə yazacağıq. Maraqlısı odur ki, bütün rüsum, vergiləri ödəmək daha asan və ucuz başa gəlir, həm də vətəndaş olaraq daha düzgündür. Amma bizdə bunu hələ də anlamırlar. Təbii, bu cür həyat hər kəs üçün deyil. Çox möhkəm olmalısan. Azərbaycanda hesab edirlər ki, qadın üçün ən ideal iş müəllim və həkimdir. Ona görə ki, bu yarım günlük işdir, həm də ki, bu işlər sənin ambisiyalarını heç cür stimullaşdırmır. Müəllimsən, elə müəllim olacaqsan, heç bir müəllim tanımıram ki, desin mən nazir olmaq istəyirəm. Çox ağıllı, savadlı qadınlarımız var, amma işləmək, karyera qurmaq istəmirlər. Düşünürəm ki, qadınlar bir-birinə mütləq kömək etməlidirlər.
Ana olasan və qızından fəxrlə danışmayasan? Övladın bir adının qürur olması gərək:
- Altı yaşı var, türk məktəbində azərbaycan bölməsinə gedir. Ən yaxşı şagirdlərdən biri olmasına elə sevinirəm ki. Azərbaycan və rus dillərində təmiz danışır və oxuyur. Görürəm artıq gəlinciklərdən uzaqlaşıb, kitabı sevir. Özü deyir ki, mənə kitab al. O gün həkimə apardım, qan analizi götürəndə ağladı-ağladı, dedim “nə alım ki, sakitləşəsən?” Dedi “böyük bir kitab”. Həkimlər məəttəl qaldı ki, ilk dəfə görürük ağlayan uşaq oyuncaq, şokolad yox, kitab istəyir. Bu məni çox sevindirir. Heç boş vaxtı yoxdur, məktəbə, rəssamlığa, gimnastikaya gedir, bir azdan üzgüçülüyə də aparacam. Boş vaxtı olanda da kitab oxuyur və mənə çox xoş olur. Nə qədər yorğun olsam da hər axşam ona nağıl oxumağa çalışıram. Uşaqda artıq bir vərdişdir, ata kinoya aparır, ana kitab oxuyur. Özümə də ləzzət verir. Özü də oxuya bilir, amma görünür, ana səsindən eşitmək istəyir deyə mən oxuyuram. Mən bilirəm ki, qızım düzgün yoldadır, mütləq xaricdə oxuyacaq, yaxşı təhsil alacaq. Bilirəm ki, bundan sonra gələcək həyatı parlaq olacaq. Ola bilsin evdar xanım olmaq istədi, olsun, amma savadlı, ağıllı və zövqlü olsun.
Güclü qadın və romantika əskikliyi...
- Gücümü mütaliəmdən alıram, kitab oxumaq mənim üçün meditasiyadır. Anamdan güc alıram, getdikcə daha çox anlayıram ki, o necə gözəl insandır. Valideynlərimi çox sevirəm. Həmişə bir az problem onda olur ki, mən müstəqil olmaq istəyirdim, onlar isə məni çox qoruyur. 37 yaşıma çatmışam, hələ də üstümdə bir ana nəzarəti hiss edirəm. Bir də görürsən zəng edir ki, o nə statusdur facebookda yazmısan? Və ya bu nə paltardır geyinmisən. Bilirəm ki, anam internetdə olmur, amma MTN kimi işləyir, ona tez çatdırırlar. İki qardaşım var, ata-anam səhərdən axşamacan işləyirdi deyə uşaqlıqda yəqin ki, daha çox onlar məni böyüdüb. Məktəb vaxtı daha çox oğlan kimi idim. Heç vaxt vaxtımı mənasız şeylərə, bayağı kino və kitablara sərf etməzdim. Məsələn, mən uşaqlıqda heç bir hind filminə baxmamışam. İndi təəssüf edirəm ki, bəlkə baxsam fərqli insan olardım, daha romantik... lazımdır, insanın həyatında hind kinosunun da yeri olmalıdır. Mənim həyatımda olmayıb, nifrət eləmişəm. Həyatımda bir dəfə belə seriala baxmamışam.
Qadın nə qədər ağıllı, tədbirli olur-olsun, depressiya qaçılmazdır:
- Depressiya düşəndə gedib başlayıram kitab evində kitabları rəflərə yığmağa, hətta kitab satmağa. Olur ki, alıcı deyir, xanım, mən axı səhər sizi televiziyada görmüşəm. Özümü satıcı kimi aparmaq, kitablar haqda məlumat vermək mənə çox xoşdur, bundan hədsiz ləzzət alıram. Kitab evində təsadüfi insanlar olmur, fikir vermişəm ki, onlar artıq çoxdan satıcı deyillər, psixoterapevtdirlər. Elə oxucular var ki, gəlirlər, heç nə almırlar, öz dərdlərin danışırlar. Biz də bunu dəstəkləyirik. Kitab evi heç yerə bənzəməyən bir yerdir. Orda sevgi var. Kitabın arasında sevgi var. Kitab həm sevgimdir, həm həyatımdır.
Əcəba kitabın sahibi olmaq yaxşıdır, taciri, yoxsa naşiri?
- Naşiri. Burda artıq yaradıcılıq var, çox gözəl bir peşədir. Sən bilirsən ki, bu kitabı buraxacaqsan və bu dünyanı və ya mühitini dəyişəcək. Bizdə bir az fərqlidir, amma zamanla düzələcək. Biz hələ təzə-təzə bu zənciri yığışdırırıq ki, müəllif kitabın çap etdirib, mağazalara paylamasın. Belə olmamalıdır axı, müəllif ancaq yaradıcılıqla məşğul olmalıdır. Başqa ölkələrdə yerli yazıçılar daha populyardır, bizdə isə xarici. Belə çıxır ki, bizim oxucularımız hələ də yerli yazıçılara etibar etmirlər. Bu yaxşı hal deyil. Bu bir bazardır və tələbata bağlıdır. İstəyərdim bizim yazarlar oxucu ilə tez-tez ünsiyyətdə olsunlar, bilsinlər ki, oxucu nə gözləyir. Birdə çox istəyərdim ki, bizim yazarlar daha çox kitab oxusunlar. Öz aramızdır, oxumurlar. Çox iddialıdırlar, bunu dəstəkləyirəm, amma yazıçı başqalarını oxumayanda bu faciədir.
Kitab tək oxumaq üçün deyil, kimisinə pul qabı, kimisinə isə...
- Kim ki deyir sovet vaxtı çox oxuyurdular, yalan söhbətdir, elə onda da oxuyan oxuyurdu. Azərbaycanda heç vaxt kitab oxumayıblar. Kitabı daha çox şkafları bəzəmək üçün alırdılar. Özüm görmüşəm, çox böyük kitab evlərində də bir dəfə növbə görməzdin. Sinif yoldaşımgil təzə rumın mebeli almışdılar. Onlara məsləhət verdilər ki, qırmızı ya qəhvəyi cildi olan kitabları alarsız, şkafda yaxşı görünəcək. Oxumaqları bu idi.
Məlum “kitab oxuyan azdır” səbəblərini də müzakirə edirik və:
- Oxucularımızla, kitab oxuyan adamlarla ünsiyyətdə olmağı sevirəm. Kitab evləri böyük gəlir gətirmir, bu işin kamikadzesi olmalısan. Bir dəfə bir beynəlxalq təşkilatın eksperti araşdırma aparmaq üçün yanıma gəldi, mən ona bütün işimizi ətraflı danışdım, o hamısını yazdı, analiz etdi və dedi ki, bilirsiz, siz bizneslə məşğul deyilsiz, bu innovasiyadır. Yəni yeni bir məhsulu bazara çıxarmaqdır. Onun sözlərinə görə, Azərbaycanda kitab yeni bir məhsuldur. Mən çox düşündüm niyə kitab oxuyan yoxdur və qərara gəldim ki, sən normal bir ölkədə kitab oxusan, yaxşı təhsil alsan, yaxşı karyera quracaqsan və həyatın dəyişəcək. Çox gözəl həyat yaşayacaqsan. Bizdə isə bu uğur reseptində kitabın, təhsilin yeri yoxdur, uğur üçün müxtəlif yollar var.
Qadın nə qədər işgüzar olur-olsun, sonda ancaq evim, uşağım deyirmiş:
- Çox xoşbəxtəm, çünki sevdiyim işlə məşğulam, bu mənim üçün sevgidir. Darıxmağa belə vaxtım yoxdur. Hər insan sevdiyi işlə məşğul olmalıdır. Əgər tapmamısansa axtar. Hər bir yaşda həyatı dəyişmək olar. Necə ki, rəssam-postimpressionist Qoqen 36 yaşına qədər birja brokeri işləyirdi amma sonradan həyatında çevriliş edib rəssamlıqda özünü tapdı. Ancaq sevdiyim işlə məşğul olmaq istəyirəm. Yoxsa çox yoruluram. Özümə demişəm, ictimai işlərdən tamamən uzaqlaşacam, bu il sonuncudur. Artıq yoruldum, imtina edirəm. Heç bir sosial layihədə iştirak etməyəcəm. Mən sevimli kitablarımı əlimə alıb sonacan oxumaq və qızımla məşğul olmaq istəyirəm. Kitab evləri və öz evim, ictimai işlər mənlik deyil artıq. Artıq indidən məni çox nadir hallarda tədbirlərdə, məclislərdə görmək olur. Təbiətcə introvertəm, ünsiyyət qurmaq, üzdə olmaq mənim üçün çox çətindir. Baxıram ictimai xanımlara, anlayıram ki, bunlar auditoriyadan enerji alırlar. Mən isə əksinə, hər bir çıxımdan sonra çox yoruluram. Yalnız yaxın adamlarımla ünsiyyətdə olmaq və kitab oxumaq mənə zövq verir.
Fotolar Ramil Zeynalovundur