Ərik mürəbbəsi:  Populyar və sadə RESEPT
05 avqust 2025 12:41 (UTC +04:00)

Ərik mürəbbəsi: Populyar və sadə RESEPT

Ərik mürəbbəsi meyvənin bir çox faydalı xüsusiyyətlərini qoruyur. Onun tərkibində B, C, H, E, P, PP vitaminləri, dəmir, kalsium, kalium və fosfor kimi minerallar var. A vitamini və kaliumun miqdarı ərikdə digər meyvələrə nisbətən daha yüksəkdir. Ərikdəki provitamin A (beta-karotin) dərini hamar və ipək kimi edir, saçları isə qalın, parlaq və sağlam saxlayır.

Lent.az bu resepti təqdim edir:

Ərik mürəbbəsi mülayim miqdarda qəbul edildikdə:

Hamilə qadınlar,

Uşaqlar və

Yaşlılar üçün faydalıdır.

Kaliumun yüksək olması səbəbilə ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə tövsiyə olunur.

Klassik ərik mürəbbəsi resepti

Lazım olanlar:

Ərik – 1 kiloqram

Şəkər – 700 qram

Hazırlanması

Ərikləri yaxşıca yuyun və tumlarını çıxarın. Üzərinə şəkər səpib bir gecə saxlayın. Səhər qalın mürəbbə istəsəniz, ayrılmış suyu süzün. Qarışığı zəif odda qaynadın, qaynadıqdan sonra 30 dəqiqə bişirin. Üzərinə yığılan köpüyü götürün. Hazır mürəbbəni steril bankalara tökün, qapağını bağlayın və tərs çevirərək isti qalması üçün üstünə örtük örtün.

Yarım əriklə (kəhrəba rəngli) ərik mürəbbəsi

Lazım olanlar:

Ərik – 1 kiloqram

Şəkər – 600–800 qram

Su – 4–5 xörək qaşığı

Hazırlanması

Qazana az miqdarda su və bir neçə qaşıq şəkər əlavə edib şərbət halına salın. Ərikləri iki yerə bölün, tumunu çıxardın və qazana əlavə edin. Üzərinə qalan şəkəri səpin (şirinlik zövqə görə tənzimlənə bilər).

Zəif odda şəkər əriməyə başlayanda ocağı söndürün və 2 saat saxlayın. Sonra yenidən qaynadın, şərbətin tam hazır olub olmadığını yoxlayın və 1 gün gözlədin. Növbəti gün son dəfə qaynadıb steril bankalara doldurun və qapağını bağlayın.

“Beşdəqiqəlik” ərik mürəbbəsi

Lazım olanlar:

Ərik – 1 kiloqram

Şəkər – 1 kiloqram

Su – 200 millilitr

Hazırlanması

Ərikləri yuyun, qurudun, tumlarını çıxarın. Qazana şəkər və su əlavə edib orta odda şəkər tam əriyənə qədər qaynadın (təxminən 10 dəqiqə). Ərikləri bu isti şərbətə əlavə edib 1 saat saxlayın. Sonra yenidən qaynadın və 5 dəqiqə bişirin. Soyudun.

Bu qaynadıb-soyutma prosesini 3–4 dəfə təkrarlayın. Hazır olub-olmadığını yoxlamaq üçün isti şərbətdən bir damla boşqaba damızdırın yayılmamalıdır. Son dəfə qaynadıb steril bankalara tökün və qapaqlayın.

Ərik-şokoladlı və qozlu mürəbbə

Lazım olanlar:

Ərik – 2 kiloqram

Şəkər – 2 kiloqram

Kərə yağı – 140 qram

Kakao – 80 qram

Qoz – 1 stəkan

Hazırlanması

Ərikləri yuyub tumlarını çıxarın, şəkərlə qatıb bir gecə saxlayın. Səhər orta odda 20 dəqiqə bişirin və soyudun. İkinci dəfə ocağa qoyun, bu dəfə kərə yağı əlavə edin, 20 dəqiqə daha bişirin. Yenidən soyudun.

Üçüncü dəfə kakaonu və qozu əlavə edib zəif odda 15 dəqiqə bişirin. Hazır mürəbbəni steril bankalara tökün və qapaqlayın.

Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar