Rusiyada senator və milyarder Süleyman Kərimov, Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vaynoya bahalı hədiyyələr — yaxta, zinət əşyaları və Moskvanın elit Serbryanıy Bor rayonunda torpaq sahəsi təqdim edib. Yerli medianın araşdırmasına görə, bu “diqqət jestləri” biznesmenə Vladimir Putinlə birbaşa əlaqə qurmaq imkanı verib. Ona şəxsi və kommersiya məsələlərini prezidentin yaxın çevrəsi vasitəsilə həll etməyə şərait yaradıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, onların tanışlığı 2000-ci illərin ortalarında başlanıb, o zaman Vayno prezident protokol xidmətinin rəhbərinin müavini vəzifəsini tuturdu. Vasitəçi rolunu Kərimovun azərbaycanlı biznes tərəfdaşı Kamran Hüseynovun bacısı, lüks butiklərin sahibi Aysel Trudel (Hüseynov) oynayıb. Məlumata görə, məhz o, milyarderin adından Vayno ailəsinə qiymətli zinət əşyaları və rəsmlər ötürüb.
Sonralar Kərimov Moskvada yerləşən Serbryanıy Bor adlı elit ərazidə bir neçə torpaq sahəsini öz adına rəsmiləşdirib. Mənbələrdən birinin bildirdiyinə görə, həmin sahələrdən biri Vayno ailəsi üçün nəzərdə tutulmuşdu. 2022-ci ilə qədər orada böyük bir ev inşa edilmiş, qonşu sahə isə 2025-ci ildə Kərimovun mülkiyyətinə keçmişdi.
2022-ci ildə Vayno Kərimovdan daha bir dəbdəbəli hədiyyə alıb: 46 metrlik “Marlin” yaxtası. Bu gəmi əvvəllər Kərimovun Fransanın Azur sahilindəki aktivlərini idarə edən biznesmen Aleksandr Ştudhalterin ofşor şirkətinin adına qeydiyyatda idi. Yaxta sonradan dəfələrlə Qara dənizdə və Leninqrad vilayəti yaxınlığında görünüb, onun göyərtəsində isə Vayno ailəsinin qohumları dincəlib.
Əvəzində Kərimov Putinə maneəsiz çıxış imkanı əldə edib. Qeyd olunur ki, mənbələrdən biri Vaynonu “milyarderin uğurunun əsas sirri” adlandırıb: Prezident Administrasiyasının rəhbəri sənədləri birbaşa Putinə təqdim edə və şəxsi görüşləri təşkil edə bilirdi.
Məsələn, 2013-cü ildə, “UralKaliy” şirkəti ilə bağlı Lukaşenko ilə yaşanan münaqişə zamanı və 2017-ci ildə, Kərimovun Fransada həbsindən sonra Vayno ona prezidentlə əlaqə qurmaqda kömək edib. 2024-cü ildə isə o, Kərimov üçün daha bir Putinlə görüş təşkil edib, nəticədə oliqarx böyük bir ticarət sazişinin təsdiqini ala bilib.

Süleyman Kərimov

Anton Vaynonun arvadının bacısı qızı və onun əri Rüstəm Ələsgərov