Facebook fırıldaqları və qadağan olunmuş məhsullar - Həyəcanverici HESABAT
11 noyabr 2025 16:48 (UTC +04:00)

Facebook fırıldaqları və qadağan olunmuş məhsullar - Həyəcanverici HESABAT

0

Reuters agentliyinin əldə etdiyi sənədlər göstərir ki, Meta şirkəti (Facebook, Instagram və WhatsAppın sahibi) öz platformalarında yerləşdirilən dələduzluq və qadağan olunmuş məhsullarla bağlı reklamlardan milyardlarla dollar gəlir əldə edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məlumatlara görə, ötən il Metanın ümumi illik gəlirinin təxminən 10%-i şübhəli reklamlarla əlaqəli olub.

Pul ifadəsində bu, təxminən 16 milyard dollar deməkdir. Söhbət saxta onlayn mağazalar, “investisiya” fırıldaqları, qeyri-qanuni onlayn kazino və tibbi qadağan olunmuş məhsulların reklamı kimi məzmunlardan gedir.

Meta-nın platformaları ABŞ-da dələduzluq hallarında əsas rol oynayır

Şirkətin daxili tədqiqatları göstərib ki, ABŞ-da baş verən uğurlu onlayn dələduzluq hadisələrinin üçdə biri birbaşa Meta tətbiqləri vasitəsilə həyata keçirilib.

Reuters hesabatında qeyd olunur ki, Metanın daxili idarəetmə mexanizmləri çox vaxt belə reklamların vaxtında bloklanmasına mane olur. Məsələn, xırda reklamverənlər maliyyə fırıldaqlarında iştirak etdikləri halda, səkkiz pozuntuya qədər fəaliyyətini davam etdirə bilirdi. Böyük reklamverənlər isə 500-dən çox qayda pozuntusuna baxmayaraq öz elanlarını paylaşmaqda davam edirdilər.

Gəlirləri qorumaq üçün məhdud addımlar

Mənbələr bildirir ki, Meta rəhbərliyi fırıldaqçı reklamların qarşısını necə almaq barədə müzakirələr aparıb, lakin bu zaman şirkətin gəlirlərinə ciddi təsir etməyəcək addımlar atmağa üstünlük verilib. Məlumatlara görə, menecerlərə şirkətin gəlirini 0,15%-dən çox azaldacaq tədbirlərdən qaçmaq tapşırılıb. Araşdırma nəticəsində məlum olub ki, cəmi dörd reklam kampaniyasının silinməsi şirkətə 67 milyon dollar gəlir itkisi yaşadıb.

Metanın rəsmi açıqlaması

Şirkət rəsmiləri 10%-lik gəlir payının “təxmini və geniş qiymətləndirmə” olduğunu qəbul etsələr də, dəqiq alternativ məlumat təqdim etməyiblər. Metanın nümayəndəsi Endi Stoun bildirib ki, son 18 ayda istifadəçilərin fırıldaqçı reklamlardan şikayətləri 58% azalıb. Onun sözlərinə görə, təkcə 2025-ci ildə Meta bu cür məzmunla bağlı 134 milyondan çox reklam vahidini silib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar