<span style="color:red;">Aqil Abbas:  <b>"Məktəbin zirzəmisində raket düzəldirdik"</b> -  <span style="color:red;">"MƏKTƏB İLLƏRİ"
10 dekabr 2014 13:01 (UTC +04:00)

Aqil Abbas: "Məktəbin zirzəmisində raket düzəldirdik" - "MƏKTƏB İLLƏRİ"

 

 

“Onun haqqında povestlərimdə də yazmışam. Nənəmin qohumuydu. Uzaq başı iyirmi yaşı vardı. Sevirdim onu. Uşaq sevgisi. Başımı sığallayardı. Əlinin qəribə bir ətri vardı. Təbii”.

 

Bu sözləri millət vəkili, yazıçı Aqil Abbas ilk müəlliməsindən danışarkən deyir. Məktəbə 1960-cı il Ağcabədinin Hacılar kəndində gedib: “Bizlərdə bibiyə “mama” deyərik. Balacaydım. Mamam oğlu boynunda apardı məni məktəbə. İlk zəngi də mən çaldım. Zınqırovlu zəngiydi. Həmin o zınqırovlu zəngi o məktəbdə hələ də saxlayırlar. Birinci sinfə gedəndə latın, kiril və ərəb əlifbasında oxuyub yaza bilirdim. Məktəbə də sevinə-sevinə gedirdim. İlk müəlliməm Leyla xanım olub”.

 

 

 

 

 İkinci sinfin sonlarına yaxın ailəlikcə Ağcabədidən Ağdama köçürlər.

 

 

- Ağdamda Nizami Gəncəvi adına 2 saylı məktəbdə oxudum. Orda məktəblərin nömrəsi deyilmirdi. Məktəblər direktorun adıyla çağrılırdı: Əli müəllimin məktəbi, Surxay müəllimin məktəbi və sairə. Bizim məktəbin direktoru Əli müəllimiydi. Sinifdə qabaqda oturardım. Sinfimizdə 18 uşaq vardı. Bir-ikisindən başqa qalanlarının adları yadımdadı. Partada Kövhər adında bir qızla otururdum. Sonradan Maqsud adında dostumuzla evləndilər.

 

 

 

Dəqiq elmləri daha çox sevib.

 

 

- Fizika, riyaziyyat, həndəsə, kimya çox sevdiyim fənlər olub. Ədəbiyyat dərsini sevmirdim, ədəbiyyatı sevirdim. Qiymətlərimin hamısı əla olub. Sinif nümayəndəsi olmasam da, əlaçı olduğumdan şərəf lövhəsində daim şəklim olub. Nəğmə dərsini heç sevməzdim. Söyürdüm nəğmə müəlliməsini. Ramellaydı adı. Erməniydi. Sevirəm musiqini, amma qabiliyyətim yoxdu. Sıfır həddindədir. 60 ildi gitara öyrənirəm, hələ bir mahnı ifa edə bilmirəm. Piano öyrənirəm, çala bilmirəm. Bu da mənə həmişə iki yazardı. Mənim də digər bütün fənlərdən qiymətim əla olurdu. Ən çox bunu oxuyurdular: “Elim, günüm, obam sənsən, Azərbaycaaaan!”. Mən də oxuya bilmirdim. Sonra məktəb direktoru çağırdı ona dedi ki, sən bunu Rəmiş edəcəksən? Nə istəyirsən bu uşaqdan? Ondan sonra mənimlə işi olmadı, qiymətimi yazırdı.

 

 

“Məktəbdə 2 dostum vardı: Eynur və Rauf”

 

 

Rauf adında bir oğlan vardı. Bərk dost idik. Bir yerdə oxuduğumuz vaxt ya onlarda çörək yeyirdik, ya bizdə. Dərsimizi bir yerdə hazırlaşardıq. Dərsimizi bitirəndən sonra gəzməyə gedərdik. Yoxsa, evdən çölə çıxmağa qoymurdular. Rauf məndən də yaxşı oxuyardı. Çox istedadlı oğlanıydı. Tibb Universitetini qurtardı. Müharibə başlayanda həkim kimi o da getmişdi. Ermənilər tankla maşınının üstündən keçmişdilər. Həyatımda ən yaxın dostum o olub. Məktəbdə 2 dostum vardı: Eynur və Rauf. Eynur hind artisti Rac Kapura bənzəyirdi. Həm də bizim “oxranamız”ıydı. Bizim xətrimizə dəyənləri o cəzalandırırdı. Dəli-dolu oğlanıydı. Tək Rauf deyil, Ağdamda mənimlə oxuyan sinif yoldaşlarımın bir neçəsi şəhid olub.

 

 

 

 

 

Tələbə vaxtında universitetə belə getməyən A. Abbas məktəb vaxtı nəinki dərsdən qaçmayır, hətta xəstə olsa belə dərs qaçırmayır.

 

- Dərsdən qaçmağı xoşlamırdım. Qaçıb hara gedəcəkdik ki? Uzaq başı məktəbin həyətində futbol oynaya bilərdik. O da müəllim tutacaqdı. Məktəbi sevən adam olmuşam. İndi də məktəb yadıma düşəndə kövrəlirəm. Çünki artıq yoxdu. Yanıb.

 

 

Deyir və kövrəlir. İri gözlərinin islandığını görüb “məktəb illərinə qayıtmaq istəyərdiniz” sualını verməkdən yayınıram. Bu yaranın üstünə duz basmaq olardı.

 

 

Uzun bir pauzadan sonra özü davam edir.

 

 

- Məktəbimizin həm rus, həm də Azərbaycan bölmələri vardı. Mən Azərbaycan bölməsində oxuyurdum. Ağdamda hərb hissə vardı. Rus və qeyri-millətdən olan hərbçilərin uşaqları rus bölməsində oxuyurdu. 1500-ə yaxın şagirdi vardı. Biz məktəbi bitirəndən sonra rus bölməsi ayrılıb, ayrıca məktəb oldu.

 

 

 

Sevmədiyi müəllimləri olsa da, sevdiklərindən danışır.

 

- Fituriz müəlliməm vardı. Onu hamıdan çox istəyərdim. Leyla müəllimdən sonra ibtidai sinif müəlliməm olub. Sənin əlindən tutub, oxumaq-yazmaq öyrədəndən böyük müəllim ola bilməz. Yuxarı sinifdə oxuyanda sevimli Cahangir müəllim müəllimim olub. Rəhmətə gedib indi. Sonra, Mamed müəllim, Kamal müəllim, Ziba müəllimə. Cəfər müəllim. Məktəbdə oxuyanda müəllim görəndən papağımızı çıxarırdıq. İnstitutda oxuyanda müəllimlərlə rastlaşanda papağımı çıxarırdım, uşaqlar gülürdülər.

Bir də Ağcabədidə Müəllimlər İnstitutunda “Dolu” romanımla bağlı görüş keçirirdilər. Orda məktəblə bağlı sual verdilər. Dedim, mənim çox sevdiyim bir müəllimim vardı. Cəfər müəllim. Fizika-riyaziyyat dərsi deyirdi. Ağdamdan sonra Xankəndində işləyirdi. Amma indi bilmirəm hardadı? Bir də gördüm zalda kimsə ağlayır. Məlum oldu ki, Cəfər müəllim zalda oturub. Deyirəm, müəllim, bəs məni görəndə niyə görüşmədim? Deyir, utandım.

 

 

 

 

“İlk dəfə arağı 30 yaşımda içmişəm”

 

 

- O vaxt qızlarla oturub-durmağı sevməzdik. Qızların yanında pis söz danışmaq olmur. Oğlanlar yığılıb gəzintilərə gedərdik. Şuşaya, ya Xankəndinə. Bir araq bəs edərdi uşaqların keflənməsi üçün. Mən içən deyildim. İlk dəfə arağı 30 yaşımda içmişəm. O vaxt avtobus çox olmazdı. Minərdik üstü açıq QAZ- 51-ə. Ağdamla Şuşanın arasında maşınla yarım saatlıq məsafə vardı.

 

 

 

Məktəb illərində oxuyan və sakit uşaq olduğunu deyir. Texnikaya həvəsi çox olub.

 

 

- Sabun qabında balaca radio düzəltmişdim. Bir Bakını, bir də İranı tuturdu. Səkkizinci sinifdə oxuyanda məktəb direktoru Əli müəllimin yanına gedib xahiş elədim ki, zirzəmidəki boş otağı bizə versin, fizikadan laboratoriya otağı düzəldək. Öz hesabımıza. Məktəbdən yardım istəmədən. Çünki məktəbimizin laboratoriyası vardı. Həmişə bizə verilmirdi. O da verdi. Oranı təmir edib özümüz üçün gözəl bir laboratoriya otağı yaratdıq. Cihazların doxsan faizini atam aldı. Orda avtomobil, raket hazırlayırdıq. Pultla işləməsə də, motorlu, benzinlə uçan təyyarələr düzəldirdik. İndiki uşaqlar bilməz elə şeyləri. Məktəblər arası gənc texniklər yarışı keçirilirdi. Doqquzuncu sinifdə oxuyanda gənc texnik kimi mən və 3 yoldaşımın köməkliyi ilə düzəltdiyim SSRİ-nin elektrikləşdirilməsi adlı xəritə Azərbaycanda birinci, SSRİ-də üçüncü yerə çıxdı. Buna görə, SSRİ komsomolu bizə Ağdamda Gənc Texniklər Stansiyası açdı. Böyük bina verdilər. Stansiyanın girişində bizim iki metr enində, 3 metr uzununda olan xəritəmizi asmışdılar. Ağdamın gənc istedadlıları ora yığışıb ciddi işlərlə məşğul olurdular. Ağdam işğal olunana qədər də onlar fəaliyyətlərini davam etdirdilər. Stansiyanın direktoru Cahangir müəllimiydi. Ağdamın son günlərinə qədər Cahangir müəllimlə görüşməyə  gedərdim, uşaqların təzə düzəltdikləri işlərlə maraqlanardım. Anam mənim birinci sinifdən ona qədər bütün dəftərlərimi saxlamışdı. Hamısı Ağdamda yandı. Xəbərimin yoxuydu, institutda oxuyanda dedi ki, hamısını saxlayıb. Yəqin inanırmış ki, mən yazıçı olacam. Anam çox savadsızıydı. Adını belə yaza bilmirdi. Amma mənim qəzetdə çıxan yazılarımı uşaqlara oxutdururmuş.

 

 

 

“Sonra çağırdı öpdü, barışdıq”

 

 

- Səkkizdə oxuyardım. Sinifdə tək məndə qol saatı vardı. Uşaqlar daim soruşardılar, mən də barmaqlarımla işarə edərdim ki, tənəffüsə nə qədər vaxt qalıb. Bir dəfə də boynumun arxasındaymış, görməmişəm. Elə yenicə barmağımı qaldırırdım ki, boynumun dalından şapalaq vurdu. Mən də durub çıxdım sinifdən. Sonra çağırdı öpdü, barışdıq. Amma düzgün edib vurmuşdu. Ondan sonra taa demədim (gülür).

 

 

 

 

 “Mənim o yaşım deyil axı sevgidən danışım?!” desə də...

 

- Yuxarı sinifdə oxuyanda qayda beləydi. Hamı gərək mütləq kimisə sevsin, dalınca getsin. Yeddinci sinifdə oxuyanda sevdim. Sonra da doqquzuncu sinifdə.

 

 

 

Sinif yoldaşları ilə hələ də görüşür. Xeyirdə, şərdə.

 

- Bakıda Nizamiylə görüşürəm. Bəziləri rayonda yaşayır, bəziləri şəhid olub, bəziləri rəhmətə gedib. Digərləri ilə Ağdama gedəndə görüşərəm. Əntiqə adından sinif yoldaşım vardı. Həm də qohumuq. Onunla da toyda, şərdə görüşürük. Amma məktəb yoldaşlarımla tez-tez görüşürəm.  

 

 

 

Son zəngləri isə...

 

- Sinfimizdə Gülşən adından qız vardı. Həmin günü onun atası rəhmətə getdi. Ağdamın kəndlərindən birində məktəb direktoruydu. Ona görə də son zəng keçirmədik. Tək biz yox ha, bütün məktəb. Ağdamda çox hörmətli müəllimiydi atası.

 

 

Futbolu xoşlasa da, yaxşı oynaya bilməyib.

 

- Uşaqlarla toplaşıb futbol oynamağa gedərdik. Yaxşı oynaya bilmirdim. Daim qapıçı durardım. Əsas qapıçı Nizamiydi. Mən onun dubluydum. Hərdən deyirdim, bunun qıçı qırılaydı, mən də oynayardım. O da qıçı qırılmırdı, mən də daim “zamen”də qalırdım. Ona “zolotoy zapas” deyirlər. Həmişə qalırdım kənarda. O məndən yaxşı qapıçıydı. Həm də qapıçı gərək hündür olaydı. Mənim boyum da balacaydı. Nizami məndən hündürüydü.

 

 

 

Bir az da “Qarabağ”dan danışırıq. Futbol komandasından. Müharibə illərindəki “Qarabağ”dan.

 

- Müharibə vaxtında elə olub ki, komandanın yemək, çay almağa, forma almağa, top almağa pulu olmayanda biz o komandanı qoruduq. Təbii ki, Adil Nadirovun rəhbərliyi ilə. Mən onu “Azərbaycanın Labonovskisi” adlandırırdım. Tək mən yox ha, Yunis İldırım, Nazim ... Həsən ..... vardı. Komanda saxlamaq asan iş deyil. Bir də görürsən, böyük şirkətlər bir komandanı saxlaya bilmir. 5-10 manat dilənib pul yığa-yığa “Qarabağ” komandası 93-də Azərbaycan çempionu oldu. Küçələrdə oynayan, məşq eləməyə stadionu olmayan bir komanda evində oturan komandaları uddu. Vaxt olub adi yol avtobusu ilə Sumqayıtda stadionda oynamağa gedirdi uşaqlar. Hamısı ağdamlıydılar. Bircə nəfər vardı Yevlaxdan. Bununla belə onlar Azərbaycan çempionu oldular, Azərbaycan kubokunu qazandılar, Avropaya gedirdilər. Futbolçu yüz dollar pul alanda sevinirdi.  Ailəsini bu pulla saxlamalıydı. Çox çətiniydi. Avropaya getməyə bilet pulu tapmırdılar. “AZAL”ın prezidenti Ədalət Əliyev vardı, o bizə endirim edirdi. Gedirdik Sabir müəllimin yanına, 50 faiz endirimlə bizə bileti o verirdi. Adil Paşayev vardı, rəhmətlik Mir Cəlal müəllimin oğlu. O vaxt “Abşeron” mehmanxanasının direktoruydu. Orda uşaqlar 3-4 ay qaldılar. Yeməklərini, içməklərini verirdi. Bir qəpik də pul almadı. Hamısını “Qarabağ”a hədiyyə elədi. Çoxuydu belə adamlar. Xeyriyyə konsertləri edirdik. Yığılan pulla komandanı yarışlara göndərirdik. Sonra heç vaxt yadımdan çıxmaz, Afyəddin Cəlilov bulvarda futbolçularla rastlaşıb. Soruşub nə var, nə yox. Deyiblər ki, bəs futbola marşrut avtobusuyla gedirik. Sabahı gün onlara bir dənə yağın içində avtobus bağışlamışdı. Bəlkə də bu dəqiqə də həmin avtobus durur.

 

 

 

 

 

“İndiki təhsillə bizim vaxtımızdakı təhsil ayrı-ayrı şeylərdir. Bizim vaxtımızda dərs deyirdilər, indi heç nə demirlər. İndi məktəb yoxdur”, deyən A. Abbas o vaxt sovet təhsil sistemindən danışır. Deyir ki, Lenin o vaxt sovet təhsil sistemini almanlardan götürüb: “Sovet təhsil sistemindən güclü təhsil sistemi dünyada yoxdur. Heç ola da bilməz. 70-ci illərdə orta məktəbi bitirmişəm. Üstündən 44 il keçib. Ədəbiyyatı da bilirəm, fizikanı da, kimyanı da, tarixi də, biologiyanı da, coğrafiyanı da. Gətirin bu dəqiqə riyaziyyatdan misal-məsələ edim. Hamısı yadımdadı. Bizə məktəbdə ali təhsil səviyyəsində öyrədirdilər. İndikilər test əzbərlədir. Əzbər olan şey də, tez yaddan çıxır. İndi kim Nizami Gəncəvinin əsərlərini oxuyur? Ədəbiyyatı bilməyən adam olmaz. Böyük fizik ola bilər, amma adam olmaz. Bir uşaq orta məktəbdə şeir əzbərləyə bilmirsə, o riyaziyyatda da vurma cədvəlini öyrənə bilməyəcək”.

 

 

 

Sonda isə Aqil Abbas ən böyük arzusundan danışır.

 

 

- Mən Ağdamın qaytaracağımıza inanıram, Allaha inandığım qədər. Çox böyük məktəbiydi. Layihəsi hələ də yadımdadı. Çox böyük idman zalı vardı. Voleybol meydançası ayrıydı, futbol zalı ayrı. Üzgüçülük hovuzu vardı. Çox böyük həyəti vardı. Qızlar və oğlanlar üçün əmək dərsi keçilməsi üçün ayrıca binada emalatxanası vardı. 150 kvadrat metr ölçülü kitabxanamız vardı. Ağdamda bütün məktəblər belə böyüküydü. Bircə, 1 saylı məktəbin həyəti kiçikiydi. Sözüm onda deyil. Ağdamı işğaldan azad edəndən sonra oxuduğum 2 saylı məktəbi özüm tikəcəm. Povestimdə də belə hissə var. Ağdam azad olur və mən öz oxuduğum məktəbi tikirəm. Həmin proyektlə. Deyirlər, məktəbə sənin adını qoyaq. Deyirəm, yox. Məktəbə Azərbaycan bayrağı ordenli, şəhid Əkrəmin adını qoyarsız. Binanın qarşısında da onu büstünü. Amma qapının girişinə belə bir lövhə yazarsınız: “Aqil Abbas Əkrəmlə bir sinifdə oxuyub”. Yaşda Əkrəm məndən kiçik olsa da, şəhid olduğundan məndən böyükdür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3413
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar