Bakıda tələbə söyüş üstündə  adam öldürdü - HADİSƏ ANI LENT.AZ-DA
20 oktyabr 2025 20:15 (UTC +04:00)

Bakıda tələbə söyüş üstündə adam öldürdü - HADİSƏ ANI LENT.AZ-DA

1

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il noyabrın 16-da Bakının Nizami rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Özbəkistan küçəsi 1-də kafenin qarşısında baş verib.
 
Hadisə yerinə çıxın əməliyyatçılar orada üzərində bıçaq xəsarəti olan 1995-ci il təvəllüdlü Ümid Soltanovun meyitini aşkar ediblər.
 
25-ci Polis Şöbəsinə könüllü gələn Füzuli rayon sakini, 2007-ci il təvəllüdlü Həsən Kazımov təxminən 1 saat əvvəl tanımadığı şəxsi bıçaqlaması haqda məlumat verib.

Növbətçiyə üzərində gəzdirdiyi 2 ədəd bıçağı və mobil telefonunu da təqdim edib.
 
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, noyabrın 16-ı saat 22:30-da Həsən Kazımov Özbəkistan küçəsi, 1 ünvanında yerləşən “Məhəllə” adlı kafeyə daxil olmaq istəyib. Bu zaman obyektin qarşısında dayanmış Ümid Soltanov, Adil İsmayılov və qeyriləri, öz aralarında nalayiq ifadələr işlədib yüksək səslə danışdıqlarına görə, Həsən onlara iradını bildirib. Yaranmış mübahisə zamanı Həsən Kazımov yumruqla Adil İsmayılovun üzünə yumruqla zərbələr vurub. Qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Həsən Kazımov Ümid Soltanovla əlbəyaxa olub və üzərindəki bıçaqla ilə qalça nahiyəsinə var gücü ilə zərbə endirib. Nəticədə Ümid Soltanov ölüb.


 
Məhkəmə iclasında Həsən Kazımov ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, valideynləri, qardaşı və bacısı ilə birlikdə yaşayıb. 1-ci sinifdən 9-cu sinifə kimi Nizami rayonunda yerləşən 12 nömrəli orta məktəbdə oxuyub, 2021-ci ildə 13 nömrəli Bakı Kompüter Peşə Liseyinin kompüter təmiri fakültəsinə qəbul olunub, hazırda həmin liseyin 3-cü kurs tələbəsidir:

“10 yaşımdan MMA döyüş növü ilə məşğulam. Əvvəllər məhkum olunmamışam. Barəmdə polis və ya başqa orqanda araşdırma aparılmayıb. Narkotik maddəllər qəbul etmirəm. Noyabrın 16-ı saat 22-də Rəvan, Feyyaz və Emil adlı dostlarımla marketdən qazlı içki aldıqdan sonra Özbəkistan küçəsində yerləşən kafeyə doğru getdim. Obyektin qarşısında dayanan tanımadığım 7-8 nəfər öz aralarında nalayiq ifadələr işlədərək, uca səslə danışırdılar. Aralarında bir nəfər hamıdan çox söyüşlərdən istifadə edirdi.  Onlara “burdan ailələr keçir, yaşayış yeridir, söyüş söymək olmaz” deyə, irad bildirdim. Kütlənin içindən bir nəfər ona “qardaşım, içkilidir, yola ver, fikir vermə” dedi. Sonradan tanıdığım Adil İsmayılov üzərimə gəlib, “nə demək istədiyimi?!” söylədi və dərhal yumruqla baş nahiyəmə zərbə vurdu. Zərbədən yerə yıxılmadım. Həmin şəxs boyca məndən hündür və güclü idi. Ardınca digər şəxslər də üzərimə gəlib məni döyməyə başladılar. O qədər zərbə aldım ki, başımı qaldırmağa halım olmadı.

Özümü qorumasam, ölə biləcəyimi düşünürdüm. Buna görə də, gödəkçəmin cibindən bıçağı sağ əlimə götürərək Ümid Soltanovun qarın nahiyəsinə 1 dəfə zərbə vurdum. Bizi ayırmağa çalışanlar  bıçaq çıxardığımı gördükdən sonra nisbətən aralandılar. Dava zamanı dostlarımın nə etdiklərini görmədim. Bıçağı cibimə qoyub arxa məhəllə tərəfə qaçdım. Tanışım Rəşid Süleymanovun evinə getdim, sonra dostlarım da ora gəldi. Onlar mənim Ümidi bıçaqla vurduğumu görmədiklərini bildirdilər. Evdə hadisəni ailə üzvlərimə danışdım. Onlarla vidalaşdıqdan sonra könüllü şöbəyə getdim. Məni ilk vuran şəxsin kim olduğunu bilmədim, sonradan polislərdən öyrəndim ki, məni Adil İsmayılov vurub”.

Davanın səbəbkarı məhz həmin şəxs olub. İstintaq dövründə verdiyi ilkin ifadəsini təsdiq etmir. Vurduğu bıçaq zərbəsindən Ümidin ölə biləcəyini düşünməyib. 
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Hikmət Soltanov ifadəsində göstərib ki, oğlu Ümid Soltanov özəl şirkətdə lift mexaniki vəzifəsində işləməklə, digər oğlu Toğrulla birlikdə Yasamal rayonunda, Xarici dairəvi yol, 8 ünvanında yaşayıb:

“Noyabrın 17-də səhər mənə xəbər verdilər ki, Ümid gecə saatlarında qətlə yetirilib. Sonradan bildim ki, oğlumu aralarında baş vermiş mübahisə zamanı Həsən Kazımov bıçaqlayaraq, öldürüb. Təqsirləndirilən şəxs oğlumu həyatdan məhrum etməklə, ailəmizə böyük zərbə vurub. Ümidin ölümündən sonra nənəsi komaya düşüb, arvadım isə şəkər xəstəliyinə tutulub. Özümün psixikam tamamilə pozulub”.


 
Zərərçəkmiş Adil İsmayılov bildirib ki, mərhum Ümid Soltanov onun iş yoldaşı olub:

“Noyabrın 16-ı saat 19 radələrində mən, Namiq Məmmədov, Teyyub Mustafazadə, Ramil Heydərov, Ümid Soltanov, qardaşı Toğrul Soltanovla bilirkdə 8-ci km qəsəbəsində fəaliyyət göstərən “Faxralı” adlı kafedə yeyib-içdik. Sonra Özbəkistan küçəsində yerləşən hamama yollandıq. 1-2 saatdan sonra ordan çıxıb piyada “Qara Qarayev” metrostansiyası tərəfə getdik. Çox spirtli içki içdiyimdən sərxoş idim, aramızda yalnız Teyyub içməmişdi. Kafeyə çatana yaxın bir-birimizlə nalayiq ifadələr işlətməklə, zarafat edirdik. Ola bilər ki, içkili olduğumuzdan səsimiz bir az yüksək çıxıb. Qarşıdan 3-4 nəfər yeniyetmə gəlirdi, sonradan adının Həsən olduğunu bildiyim oğlan “söyüş söyməyin, yaşayış yeridi” deyə irad bildirəndə, Teyyub ona dostlarının “içkili olduqlarını və yola verməsini” dedi. Amma mən özümdən yaşca kiçik olan şəxsin mənə irad bildirməsinə əsəbiləşərək, Həsənin üzərinə getdim və başına yüngül zərbə vurdum.

Cavab olaraq Həsən mənə 2 dəfə yumruqla zərbə endirdi. Teyyub araya girərək, bizi ayırmağa çalışanda, Toğrulla Ümid yaxınlaşdılar. Toğrul Həsənlə və ya qeyrisi ilə əlbəyaxa olmadı, sadəcə mübahisəni sakitləşdirmək istəyirdi. Namiqlə birlikdə məni geriyə çəkib apardılar. Ramil də var gücü ilə Ümidlə Həsəni ayırmaq istəyirdi, bu anda Toğrul “qardaşımı vurdular’' deyə qışqırmağa başladı. Dərhal Həsən və yanında olan dostları hadisə yerindən qaçdılar. Ümidin yerdə qana bulaşmış halda terdə uzandığını görüb Təcili Tibbi Yardımın qaynar xəttinə zəng etdik. Təcili yardım gələnədək Ümid artıq öldü”.

Adil İsmayılov qeyd edib ki, Həsən Kazımovun yaşca balaca ola-ola ona irad bildirməsi acığına gəlib, bu səbəbdən onu ərk edərək vurub. Məqsədi sadəcə, sonuncuya böyük kiçik yerini bildirmək olub. Mübahisə təxminən 1 dəqiqə çəkib. O, Həsən və Ümiddən başqa heç kəs dalaşmayıb. Hadisə bir anın içində baş verib və məlum sonluqla nəticələnib.

Zərərçəkmiş təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib.
 
Prokuror Həsən Kazımova 10 il cəza təyin edilməsini istəyib. 
 
Təqsirləndirilən şəxsin vəkili bildirib ki, müdafiə etdiyi şəxsin əməlində xuliqanlıq niyyəti olmayıb, o, baş vermiş dava zamanı özünü müdafiə edib. Onun bu sözləri mərhumun ailə üzvlərinin narazılığına səbəb olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Hikmət Soltanov məhkəmənin diqqətinə çatdırıb ki, Həsən Kazımovun üzərində iki bıçaq gəzdirməyi elə ona dəlalət edir ki, o, əvvəldən qatil ruhunda böyüyüb, kriminal düşüncəyə köklənib. Odur ki, ona və ailəsinə bu cür acı yaşatdığına görə məhkəmədən Kazımova qanunla nəzərdə tutulmuş, ən ağır həddə cəza verilməsini xahiş edib.
 
Son söz söyləyən Həsən Kazımov bildirib ki, əməlindən peşmandır. İstəməzdi ki, Ümid Soltanov ölsün, nə onun, nə də həmin şəxsin ailəsi gözüyaşlı qalsın.


 
Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmişi öldürmək niyyətində olmaması barədə, məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlara tənqidi yanaşaraq hesab edib ki, bu xüsusat işdə olan digər sübutlarla tam təkzib olunur. Məhkəmə bu xüsusatı Həsən Kazımovun öz müdafiəsinə söykənən subyektiv mülahizəsi, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirib. 
 
Məhkəmə qənaətə gəlib ki, Kazımovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, özünün, zərərçəkmiş şəxsin hüquq varisi və şahid ifadələri, ekspertiza rəyləri, hadisənin videogörüntüləri ilə tam sübuta yetirilib.

Odur ki, ona həmin maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində Cinayət Məcəlləsinin 85-ci maddəsinə əsasən təyin olunan cəza müddəti 10 il azadlıqdan məhrumetmədən çox ola bilməz.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Kazımov 10 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1187

Oxşar yazılar