Dekabrın 21-də “Beat Group” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçəri Şəhərdə “Başqa Gün” adlı aksiya həyata keçiriləcək.
İdarədən Lent.az-a verilən məlumata görə, aksiya zamanı video-mappinq texnologiyasının tətbiqi ilə dünya tarixində qədim mayya xalqının dövründən bu günə qədər “21 dekabr” tarixi ilə bağlı olan maraqlı məqamlar Qoşa Qala Qapısı Meydanında yerləşən Arxeologiya və Etnoqrafiya Muzeyinin binasının fasadında canlandırılacaq.
Aksiyanın keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini 21 dekabr tarixinə cəlb etməklə, bu günün sadəcə bəşəriyyət tarixində yeni səhərə açılan daha bir gün olmasını vurğulamaq, gənclərin kreativ və maraqlı ideyalarını dəstəkləməkdir.
Video-mappinq texnologiyasından, yəni bir və ya bir neçə nöqtədən müxtəlif formalı səthlərin üzərində videoproyeksiyadan istifadə etməklə yaradılan maraqlı və rəngarəng 3D formatlı görüntülərə tamaşa etmək istəyən Bakı şəhərinin sakinlərini və qonaqlarını 21 dekabr 2012-ci il, saat 21:12-də başlanacaq bu maraqlı aksiyaya tamaşa etməyə dəvət edirik.