65 yaşlı tarzənin 45 illik işləri
20 dekabr 2012 13:35 (UTC +04:00)

65 yaşlı tarzənin 45 illik işləri

Gəncə Dövlət Filarmoniyasının, Göygöl Dövlət və Mahnı Ansamblının və ARDNŞ-in “Neftçi” Mahnı və Rəqs Ansamblının yaradıcısı, respublikanın əməkdar artisti Fikrət Verdiyevin anadan olmasının 65, səhnə fəaliyyətinin 45 illiyi münasibəti ilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, Muğam Mərkəzində keçirilən yubiley tədbirində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, yubilyarın sənət dostları, yaxınları iştirak edib. Ədalət Vəliyev çıxış edərək, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli tarzən Fikrət Verdiyev haqqında ürək sözlərini deyib, nazir Əbülfəs Qarayevin yubilyara təbrikini səsləndirib. Fikrət Verdiyevin ifalarının Azərbaycan radiosunun qızıl fondunda  saxlanıldığını söyləyən nazir müavini qastrol səfərlərində tarzənlə bağlı xatirələrini danışıb. Tədbirdə yubilyarın yaradıcısı olduğu hər iki ansamblın çıxışı olub.

 

Azərbaycanın görkəmli xalq artistlərinin Fikrət Verdiyev haqqında söylədikləri ürək sözlərinin video yazısı təqdim olunub. Musiqiçilər Samir Cəfərov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Arzu Əliyeva öz mahnılarını səsləndiriblər.

 

Qeyd edək ki, Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir. 

 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlir.

 

1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla “Göy göl” xalq çalğı alətləri ansamblını yaradır. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər. Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiətilə konsertlər verib. 1982-ci ildə isə Zeynəb Xanlarova Fikrət Verdiyevi öz yaratdığı ansambla konsertmeyster dəvət edir. Bu ansamblla birgə 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini təbliğ edirlər. 1987-ci ildə Fikrət Verdiyev əməkdar artist adını alır. 

1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göy göl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradır. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edir. 

2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaradır. Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcəti, Samir Cəfərov, Feyruz Səxavət, Cabir Abdullayev, Teyyub Aslan kimi sənətçiləri bir yerə yığaraq zəngin repertuar yaradır.
 

Fikrət Verdiyev dahi muğam ustası Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva ilə ailə qurub. İki qızı, bir oğlu, 3 nəvəsi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243

Oxşar yazılar