Tanınmış rəssamın  yeni kataloqu  işıq üzü gördü - FOTO
13 may 2022 15:57 (UTC +04:00)

Tanınmış rəssamın yeni kataloqu işıq üzü gördü - FOTO

Bu günlərdə “Yeni Gallery” Bakı İncəsənət Mərkəzi Əməkdar rəssam Arif Məhərrəmovun əsərlərindən ibarət nəfis tərtibatlı kataloqu Azərbaycan və ingilis dillərində nəşr etdirib. Rəssam Eldar Ağamalovun layihə rəhbəri olduğu kataloqun dizaynı Mərkəsin Baş direktoru Rafael Gülməmmədliyə məxsusdur. Kataloqun məsul katibi Nuriyə Mirzəzadə, ön sözün müəllifi Məlahət İsmayılqızıdır. 

Lent.az xəbər verir ki, rəssam Arif Məhərrəmovun yaradıcılıq yolu barədə sənətsevərlərə geniş məlumat çatdıran kataloqda sənətkarın Bakıda, İstanbulda və Riqada çəkdiyi bir sıra maraqlı tablolarının, yağlı boya və qrafika əsərlərinin reproduksiyası əksini tapıb. 

Qeyd edək ki, tanınmış rəssam, rejissor Arif Məhərrəmov 5 avqust 1948-ci ildə qədim Oğuz yurdu Göyçədə anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1972) və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini (1981) müvəffəqiyyətlə bitirib, “Azərbaycanfilm” kinostudiyasında bədii filmin quruluşçu rəssamı, həmçinin cizgi (animasiya) filmlərinin ssenari müəllifi, rəssamı və rejissoru kimi çalışıb. 

O, Azərbaycan və Latviya Rəssamlar İttifaqının üzvüdür (1985). Rəngkarlıq əsərləri dəfələrlə respublikamızda və xaricdə keçirilən (Riqa, Moskva, London, Helsinki, Köln) sərgilərdə iştirak edib. Yaradıcılıq sahəsindəki xidmətlərinə görə Latviya Seyminin qərarı ilə ona Latviyanın fəxri vətəndaşı adı verilib. 

2000-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Arif Məhərrəmov Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.   

“Azərbaycanfilm” kinostudiyasında rəssam kimi çalışdığı bədii filmlər arasında “İşgüzar səfər” (1982), “Qocalar, qocalar...” (1982), “Yeddi gözəl” (1982), “O dünyadan salam” (1991), Qala (2008) və b. filmlər  kinosevərlərə yaxşı tanışdır. Həmçinin onun balaca tamaşaçılar üçün  rejissor və rəssam kimi ekranlaşdırdığı animasiya filmləri - “Münəccimin şagirdi” (1983), “Yatmaq vaxtıdır (1984), “Gəldi kosa”  (1988), “Qaravəlli” (1989), “Kitabi Dədə Qorqud. Səkrəyin dastanı” (1990), “Basat və Təpəgöz”(2003),  “Molla Nəsrəddin lətifələri” (1993) və s. ölkəmizdə   bu sahənin inkişafına xüsusi töhfə verib. 

Arif Məhərrəmov istedadlı rəssam olmaqla yanaşı, həm də Azərbaycanda ilk dəfə 3D formatında animasiya filmləri çəkən multiplikator-rejissor kimi də məşhurlaşıb. Onun çəkdiyi animasiya filmləri Türkiyədə və İsveçdə keçirilən kinofestivallarda milli kinomuzu layiqincə təmsil edib. Arif Məhərrəmovun bu sahədə son uğurlarından biri də 2018-ci ildə müasir texnologiya ilə çəkdiyi “Mənim balaca Şahzadəm” animasiya filmidir. Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsərinin motivləri əsasında "Azanfilm” Animasiya Studiyasında istehsal olunan həmin film 2020-ci ildə Cənubi Koreyada keçirilən kinofestivalda “Parlaq gələcək” nominasiyası üzrə qalib hesab edilərək birinci mükafata layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3456
avatar

Oxşar yazılar