Britaniyalı müğənni Sami Yusif 
01 may 2021 00:14 (UTC +04:00)

Britaniyalı müğənni Sami Yusif 

Sami Yusif: “Fəxr edirəm ki, Azərbaycan əsilli müsəlmanam”

“Mən fəxr edirəm ki, britaniyalı, eyni zamanda azərbaycanlı əsilli müsəlmanam”. 

APA xəbər verir ki, bunu tanınmış britaniyalı müğənni Sami Yusif  özünün “Youtube” səhifəsində “Sən haralısan” başlığı ilə paylaşdığı videoda deyib. 

Bildirib ki, bu sualı Böyük Britaniyanın mədəni müxtəlifliyini qəbul etməyən insanlardan fərqli anlamlarda eşidir. 

“Tez-tez bəziləri mənə bu sualı verəndə içərisində işarə vurduğu başqa bir sual da olur, bu səbəbdən cavab olaraq sadəcə, vətəndaşlığını bəyan etməyin sual verəni razı salmır… Əgər britaniyalısansa, niyə bu qədər çox dildə oxuyursan? Niyə musiqilərinin çoxu Əndəlüs, Yaxın Şərq, Mərkəzi Asiya ənənələrinə söykənir. Ya da ona işarə vurula bilər ki, mən həqiqi mənada britaniyalı deyiləm və ya kifayət qədər britaniyalı deyiləm. Mən bu münasibəti daha çox Britaniyanın multikultural cəmiyyət olmasını tanımayan və ya bunu qəbul etməyənlərdən eşidirəm. Onlar bilmək istəyirlər ki, bu ad haradan gəlir: “Sən buradan ola bilməzsən. Sən başqa bir yerdən olmalısan”. Mənim bəstələrimin orijinallığı barədə suallar ona işarə vura bilir ki, yalnız müəyyən ənənələrin içərisində doğulmuş və boya-başa çatmış şəxslər o ənənənin incəsənətinin orijinallığı ilə kommunikasiya qura bilər. Belə ki, mən britaniyalıyamsa, Milad nəğməsinə, qərb klassik musiqisinə və ya pop musiqisinə sadiq olmalıyam. Mən belə düşünmürəm. Suala qayıtsaq, mən çox körpə bir uşaqkən Londona köçən azərbaycanlı valideynlərim tərəfindən bura gətirilmişəm. Təəssüf ki, mənim heç bir xatirəm qalmayıb”.

Sami Yusif qeyd edib ki, Britaniyanı vətəni kimi görməklə yanaşı, özündə azərbaycanlı valideynlərinin mirasını ehtiva edir. 

“Mən həmçinin özümdə azərbaycanlı valideynlərimdən mənə keçmiş mirası ehtiva edirəm. Onlar şərqlə qərbin kəsişməsində yerləşən, ruhani poetikası və incə musiqisi olan yerdən gəliblər. Ehtimal ki, mənim azərbaycanlı köklərim məni poetikanı və bir çox mədəniyyətə məxsus musiqini sevməyə məcbur edib, xüsusilə də sufi dünyasını. Bu incəsənət növləri mənim qəlbimə nüfuz edib. Mən musiqi bəstələdiyim, musiqi alətini əlimə aldığım, oxuduğum zaman həmişə bu səslərin uzaq bir exosunu duyuram. Onlar mənim varlığımın böyük bir hissəsidir… Mədəni kimliyimiz bizim kim olmağımız və nə etməyimiz haqqında çox məlumat verir. O, bizim ətrafımızdakı bizə dərs keçən, bizi qəlibə salan şəkilləndirən hər şeydən gəlir… Mən  inanılmaz dərəcədə müxtəlif, səs-küylü,  heyranedici Londondanam. Mən fəxr edirəm ki, britaniyalı, eyni zamanda azərbaycanlı əsilli müsəlmanam. Mən bunda heç bir ziddiyyət görmürəm. Məni formalaşdıran digər yerlərdə də vətəndə hiss edirəm…Bura Bax və Korellidən tutmuş Mərakeşin sufi nəğmələrinə, Azərbaycanın müqəddəs muğamına, Pakistanın və Hindistanın qavvali musiqisinə qədər hər şey daxildir. Mən hər zaman qəlbimə toxunan bu səslərdə özümə yer tapmışam. Beləliklə, mən haradanam? Mən bunların hamısındanam. Bunların hamısı mənim bir parçamdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Oxşar yazılar