Sahibə Əhmədova: “Sənətə gəldiyimə görə çox peşmanam”
04 fevral 2010 18:15 (UTC +04:00)

Sahibə Əhmədova: “Sənətə gəldiyimə görə çox peşmanam”

Çoxu onu səhnəmizin Ərəbzəngisi kimi tanıyır. Teatra gələn zaman yaratdığı ilk obrazdır.
“Ərəbzəngi ikinci dərəcəli obraz olsa da, mənim nəzərimdə həmişə birinci dərəcəlidir”, - deyir. Elə görünüşündən, səsindən də Ərəbzəngini xatırladır.

Dediyinə görə, xasiyyətindəki mübarizlik, güclü iradə də elə yaratdığı obrazla onun arasındakı oxşar cəhətlərdəndir. Amma deyəsən səhnəmizin Ərəbzəngisinin yolunu kəsiblər. Yəqin elə bu səbəbdəndir ki, çoxdandır onu nə efirdə, nə də tədbirlərdə görürük. Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Sahibə Əhmədova həyat və səhnə fəaliyyətində qarşılaşdığı çətinliklər, problemlər barədə Lent.az-a müsahibə verib.


- 20 yaşından Akademik Opera və Balet Teatrının solisti Sahibə Əhmədova bu gün çalışdığı teatrın səhnəsində hansı obrazlar ifa edir?

- Tamaşaçılar məni Ərəbzəngi ilə tanıyıb sevib. Amma artıq mənim Ərəbzəngi oynayan vaxtım gedib. Daha bu obrazı oynaya bilmirəm. Tamaşa zamanı dizimdə burxulma olmuşdu. Ona görə də Ərəbzənginin diz çökərək Şah İsmayıla yalvardığı səhnədə diz çökə bilmirəm, dizim ağrıyır. Həm də artıq yaş həddim də ona imkan vermir. Qılınclaşma, güləşmə səhnələri var ki, orda nəfəs çatdırmaq lazımdır. Bu baxımdan düşünürəm ki, daha Ərəbzəngi oynayan yaşım deyil.

Bu rolu bir neçə dəfə Gülüstan Əliyeva və “Xalq ulduzu” yarışmasından Arzu oynayıb. Hazırda yeni obrazım yoxdur. Elə “Aşıq Qərib”də Qəribin anası və “Leyli və Məcnun”da Leylinin anası rollarında oynayıram. Bir də əgər oynanılsa, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Camalın anası və Ramiz Mustafayevin “Vaqif” operasında qarı obrazlarında çıxış edirəm. Yeni heç bir obrazım yoxdur.


- Neçə illərdir, elə bu rollarda iştirak edirsiniz? Niyə sizə yeni obrazlar verilmir?


- Nə bilim? Heç təklif də gəlməyib axı. Səbəbini özüm də bilmirəm, Vallah. Verdikləri obrazların da öhdəsindən layiqincə gəlmişəm. Bunu tamaşaçılar da deyə bilər ki, oynadığım obrazlar çox məsuliyyətli, yaddaqalan və sevilən olub. Bir ara təklif oldu ki, “Arşın mal alan”da xala obrazını oynayım. Sonra Gülüstan Əliyeva cavan, gözəl olduğuna görə, kostyumları da onun üçün tikdilər, mən qaldım.


- Yeni qoyulan tamaşalarda sizə uyğun obrazlar yoxdur məgər?


- Əlbəttə ki, olmamış deyil. Vasif Adıgözəlovun “Natəvan” operası qoyulmuşdu. Orda muğam hissəsi də vardı. Amma onu da gənclərə həvalə etdilər, mənə yox. Mənə ümumiyyətlə, heç bir yeni obraz təklifi gəlmir.


- Sahibə xanım, neçə ildən sonra əməkdar artist adı aldınız?


- 2006-cı ildə. 50 yaşım olanda və səhnə fəaliyyətimin 30 illiyində əməkdar artist adı aldım. O da təqdimatla yox. Buna görə heç bir təqdimatım olmayıb. Allah Səfa Qəhrəmanova qəni-qəni rəhmət etsin. Əbülfəs Qarayev yeni nazir təyin olunan zaman sənətçilərlə keçirdiyi görüşdə Səfa Qəhrəmanov ona müraciət edib, “Sahibə xanımın bu
yaxınlarda 50 illik yubileyi oldu, səhnə fəaliyyətinin də 30 ili. Hələ bu günə qədər ona bir ad verilməyib. Bundan sonra da ona ad verilməsə, ictimaiyyət bizi qınayar” - deyib.

Nazir də “məgər onun indiyədək fəxri adı yoxdur? O ki Ərəbzəngini o qədər gözəl yaradıb. İkinci onun kimi yaradan yoxdur” – deyə təəccüblənib. Onda nazir adımı siyahıya daxil etdi. Səfa Qəhrəmanov xalq artisti adı alanda mənə də əməkdar artist adı verildi. Əslində bu mənə qəribə gəlmədi. Çünki bu yaşdan sonra o adın mənası da yox idi mənim üçün, heç istəmirdim də. Addansa, mənə prezident təqaüdü verilsəydi, daha faydalı olardı. Əməkdar artist adına görə 30 manat pul verilir. O nə puldu ki? Adam elə şeyləri fikirləşəndə deyir, neyləyirəm o adı ki ona görə 30 manat alıram. Maaşımız guya nə qədərdir ki? 200 manat əmək haqqı alıram. Bu pulla müğənni necə dolansın? Klip çəkdirsin, disk buraxsın? İndi hər şey maddiyyata bağlıdır. Pulsuz heç nə etmək mümkün deyil.


- Heç yerdə görünməməyinizin səbəbi də bununla bağlıdır?


- Həm bununla, həm də səhhətimlə bağlıdır. Mən iki dəfə infarkt keçirdim. Keçən il Türkiyədə ölümdən döndüm. Ürəyimdə, ayaqlarımda tromb genişlənməsi məni pis vəziyyətə qoyub. Xəstəliklərin çoxu da mənə qarşı olan haqsızlıqlara görə pessimizmə qapılmaq nəticəsində yaranıb. Elə adamlar var ki, onları teatra götürəndə deyirlər ki, səsi Sahibə xanımın səsinə bənzəyir. Necə olur, əllərində olan Sahibə xanımın səsinin qeydinə qalmırlar, amma onun səsinə bənzəyən səs eşidəndə heyrətlənirlər. Niyə Sahibə Əhmədovanın qədrini bilmirlər? Uzun illər böyük haqsızlıqlara düçar olmuşam. Hamısı da göz qabağındadır. Nəvəm yaşında olanlar xalq artistidir, mən isə əməkdar artist olaraq, kölgədə qalmışam. Onların yaşı mənim iş stajım qədərdir. Yenə də məcburi olaraq, əmrə müntəzir qalırsan. Hamısı da maddi çətinlik ucbatından. Özüm toylara getmirəm. Vaxtilə mağar toylarına getmişəm. Amma indi restoran toylarıdır, ora da mən heç vaxt getmərəm. Restoran toyları mənə bir az qəribə gəlir.


O vaxt bir polkovnik ayda 500 manat müqabilində məni restoranda oxumağa dəvət etdi. Nə yoldaşım, nə də qardaşlarım rəva bildi. Dedilər ki, ayıbdır, 30 ilin sənətkarı indən belə gedib restoranlarda oxumaz. Bu yaşdan sonra pul qazanmaq üçün restoranlarda oxumağı, toylara getməyi özümə ayıb bilirəm. Türkiyədə bizim kimi sənətçilərin başından milyonlar tökülür. Axı niyə bu qədər sərvəti olan Azərbaycanın sənətçiləri belə aciz vəziyyətdə qalsınlar? Düşündükcə adama qəribə gəlir. Teatrımızda Aygün Bayramovaya, Nəzakət Teymurova, Mənsum İbrahimova ev verilib. Verilməli idisə, onlardan qabaq biz işləyirik, bizə də veriləydi də. Təqdimatdan asılıdır, nədən asılıdır bilmirəm.


- Ümumiyyətlə, sizin adınız hər hansı bir təqdimata salınıb?


- Xeyr, salınmayıb. Səbəbini də bilmirəm.


- Problemləriniz barədə teatrın direktoru Akif Məlikovla danışmamısınız?


- Problemlərimdən xəbərdardır. Özü yaxşı bilir, hansı problemlərim var. Yoldaşım cəbhə bölgələrində olanda bir neçə dəfə maddi köməklik etmişdi. Buna görə ona təşəkkürümü də bildirmişdim. Yəni, teatrda bu vəziyyətdə olan tək mən deyiləm. Mənim kimilər çoxdur. Xalq artisti Şahlar Quliyev 3 uşaq atasıdır, darısqal evdə yaşayır. Mən də eləcə. Yoldaşım Qarabağ müharibəsi veteranıdır, ehtiyatda olan zabitdir. Gördüyünüz kimi heç bir şəraiti olmayan evdə yaşayıram. Bina demək olar ki, qəza vəziyyətindədir. Zəlzələdən sonra mənzilin divarlarında çatlar yaranıb, pilləkənlər aralanıb, küçədən yük maşını keçəndə ev elə silkələnir ki, hər an binanın çökəcəyindən qorxuruq. Bir sözlə, sənət yaradıcılığıma imkan verməyən darısqal, rütubətli, şəraitsiz, havasız belə bir evin sakiniyəm. Qızımı köçürmüşəm. İki oğlum var, onları evləndirəndən sonra necə olacaq bilmirəm. Ağcabədidə Muğam evinin açılışında Əbülfəs Qarayevin özünə məktub yazıb vermişdim. Sonra cavab gəldi ki, məktuba baxılacaq. Məktubda xahiş etmişdim ki, prezident təqaüdü, ya da ev üçün təqdimatım verilsin. Ürəyim xəstədir. Səhhətim əl vermir səhnə fəaliyyətimi gücləndirim, konsertlərə çıxım. Xeyli müddət keçib, üstündən məktubla bağlı hələ heç bir cavab yoxdur. Prezident Aparatının poçt qutusuna da dəfələrlə ərizə atmışam. İt-bata düşdü, necə oldu bilmirəm. Bircə oturub-durub Səfa Qəhrəmanova Allahdan rəhmət diləyirəm. Nə yaxşı heç olmasa, bu adı verdirdi mənə. Gec də olsa, əməkdar artist adı aldım.


- Niyə müdirinizə şikayət etmirsiniz ki, sizin də adınızı təqdimata salsınlar?

- Nə bilim, vallah? Nə deyim? Görünür, nəsə başqa maraq var orda, nə bilim.


- Maddi marağı nəzərdə tutursunuz?


- Vallah, mən nə deyim. Mən də elə qalmışam tərəddüd içində. Axı nəyə görə? Bir misal var, ağanın malı gedir, muzdurun canı çıxır. Bunu öz cibindən vermir axı. Dövlət verir. Elə bir yaxşılıq etsin ki, ömrü boyu yaxşı xatırlansın, ona dua etsinlər ki, belə gözəl rəhbərimiz vardı. Mən çox təəccüb içindəyəm. Özü də mən Akif müəllimin xətrini həmişə çox istəmişəm, hörmətini saxlamışam. Amma bilirəm ki, gedib nəsə deməyin mənası yoxdur. Çünki məndən əvvəl cəhd edənlər olub, amma nəticəsiz qalıb.


- Televiziyada, tədbirlərdə niyə sizi görə bilmirik?


- Dəvət etmirlər. Səhhətim də əl vermir. Bu yaxınlarda “Leyli və Məcnun”un 101 illiyi ilə bağlı “Space” kanalına dəvət etmişdilər. Bu boyda adam neçə saat ayaq üstə stolun kənarında qaldım. Heç deyən olmadı ki, Leylinin anasını da dindirək. Mənim də diskim var, lazım idisə, deyərdilər gətirib qoyardım. Səbuhi İbayev də ordan inciyib getdi. Lazım olanda ancaq Leyli ilə Məcnunu göstərirlər. Başqa obrazların sanki ona dəxli yoxdur. Çəkiliş gələndə onlardan müsahibə götürüb gedirlər. Deməli, bu tapşırıqladı. Ya tapşırıqladı, ya da özləri pul ödəyib gətirdirlər. Bilirsiniz, mən o qədər haqsızlığa düçar oldum ki, sanki içimdə boğuldum qaldım. Boğula-boğula da yavaş-yavaş haldan düşdüm.


- Danışığınızdan elə bir təəssürat yaranır ki, sanki özünüzü təcrid etmisiniz.

- Hə, elədir. Bu sənətə gəldiyimə görə çox peşman olmuşam. Düzdür, sənətimi çox sevmişəm, sevirəm də. Amma onun müqabilində yenə də peşmançılıq çəkirəm. Ağır gəlir, belə şeylər. Balerinaların maaşı 1000 manatdır, amma biz 200 manat alırıq. O pulla indiki zəmanədə dolanmaq olar? Bir ayaqqabının puludur. Misal var - acından öldürür, sonra da deyir şor dürməyi ye. Bizim dolanmağımız onun kimidir. Ona görə də deyirik elə buna da şükür.


- Səhnədən bu qədər uzaqlaşmağın nəticəsində unudulmaqdan qorxmursunuz?


- Xeyr, heç vaxt. Çünki unudulmaram. Yaddaşlarda çox yaxşı qalmışam. Tamaşaçılar tərəfdən də xoş münasibət görürəm. Bəlkə də fikirləşərdim ki, artıq yaddan çıxmışam. Amma yox, elə deyil. Yolla gedəndə tamaşaçılar mənimlə salamlaşırlarsa, efirdə görünməməyimin səbəbini soruşurlarsa, “sizin səsinizdən yoxdur” deyirlərsə, deməli unudulmamışam, hələ də yaddaşlardayam. Kimlər gəlir, kimlər gedir bu dünyadan. Amma əsl sənətkarlar heç vaxt unudulmur. Mənim orta məktəbdəki fransız dili müəllimimin 70-dən çox yaşı var. İndiyədək bütün bayramlarda, ad günlərimdə zəng edib məni təbrik edir.


- Deməli, özünüzü xoşbəxt sənətkar saya bilərsiniz?


- Əlbəttə. Nə qədər əzablara düçar olsam da, sənətdə özümə məxsus yer tutduğumu bilirəm. Bəlkə elə sənətə olan bağlılığım, sevgimdir məni səhnədəki fəaliyyətimdə ruhlandıran. Obrazlarımı sevə-sevə oynayıram. Nə qədər pessimizmə qapılsam da, yenə də sənət baxımından bir ruh yüksəkliyi olur məndə. Səhnəyə böyük həvəslə çıxıram. Ona görə də heç vaxt özümü bədbəxt sənətçi saymaram. Həqiqətən də xoşbəxt sənətçiyəm. Mənim vaxtımda səhnəyə çıxan tək-tük adamlar vardı, barmaqla sayılırdı. Amma indi o qədər müğənni çıxıb ki. Gərək elə bir tanınan, sevilən mahnısı yadda qalsın ki, o mahnıyla onu tanısınlar. Amma mənim xalq mahnılarım həmişə sevilib, yadda qalıb. “Çahargah”, “Şur”, “Rəhab”, “Bayati-Şiraz” muğamları, “Simayi-Şəms”, “Arazbarı”, “Heyratı” ritmik muğamları hamısı mənim ifamda gözəl səslənib və yaddaşlara həkk olunub. Heç vaxt heç kimin yadından çıxmaz Sahibənin səsi.


- Sizin ifanızda “Qarabağ şikəstəsi” çox sevilib. Amma tamaşaçıları neçə illərdir ona həsrət qoymusuz.

- “Qarabağ şikəstəsi”ni eşidəndə mən nədənsə ağlamaq istəyirəm. Elə bilirəm, şikəst olmuş Qarabağ deyirlər. Fikirləşirəm ki, şikəst olmuş Qarabağın şikəstəsini niyə oxuyursunuz? İçimdən belə bir ağrı, sızıltı keçir. Ona görə də mənə deyəndə “Qarabağ şikəstəsi” oxu, özümdən asılı olmayaraq kövrəlirəm, oxuya bilmirəm. Torpaqlarımız işğal olunandan sonra mən bir il yas saxladım. Elə sənət dünyamda da. Vətənlərini tərk edib qaçanlar, qaçqın düşənlər oxudular da, irəli də getdilər, ad aldılar, özlərinə gün-güzəran düzəltdilər. Amma mən yas içində oturmuşdum. Səhnəyə çıxmırdım, saçıma rəng də qoymurdum. Ağ saçlarımla qoca qarılara oxşayırdım. Axırda rəhmətlik anam dedi “a bala, sən sənətkarsan, get işinlə məşğul olur, siyasətə baş qoşma, dövlət işinə qarışma”.


Doğrudan da anamın dediyi o sözdə böyük hikmət varmış. Pessimizmə qapılıb sənəti boğdum içimdə, bir il səhnəyə çıxmadım, çəkilişlərə getmədim ki, Qarabağ dərdini yaşadıram içimdə. Amma gərək içimdə nikbinliyi bərpa edəydim. Yenə də şükür Allaha ki, bu həyatda yaşayıram. Deyir, “qurban olum düşmənə məni qoymur düşməyə”. Nə yaxşı ki, düşmənlərim varmış, onların sayəsində yaşayıram həyatda.


- Söhbət sənətdə olan düşmənlərinizdən gedir?


- Bəli. Erməni onsuz da çörəyimizi yeyib bizə balta çalandır, xalqın düşmənidir. Allah içimizdə olan erməni sifətlilərdən, erməni kimilərdən qorusun. Onlar daha qorxulu düşməndir. Eyni xalqıq, millətik deyə, hamını özünə dost bilirsən, amma ürəklər, xislətlər başqa-başqa olurmuş.


- Çoxdur içinizdə olan o düşmənlər? Məsələn, kimlərdir?


- Çoxdan da çoxdur. Mərdimazar olmasa, bağ çəpəri neyləyir? O qədər içimizdə sapı özümüzdən olmayan baltalar var ki, adamı doğramağa hazırdırlar. Təəssüflər olsun ki, elələri çoxdur. Amma mən mübariz qadınam ki, həyatda hələ də yaşayıram. İki dəfə infarkt keçirməklə yanaşı. Dağ çəkə-çəkə gedirəm.


- Necə düşünürsünüz, sənətdə qarşılaşdığınız haqsızlıqların yaranmasında düşmənlərinizin rolu var?

- Mən onları ancaq Allaha tapşırıram. Bütün pisliklərlə yanaşı, onlar mənə həm də mübarizlik, cəsarət verirlər. Buna görə onlara “sağ ol” deyirəm.

Xəyalə Muradlı
# 3102

Oxşar yazılar