VI Mstislav Rostropoviç Festivalı başa çatdı
10 dekabr 2012 14:04 (UTC +04:00)

VI Mstislav Rostropoviç Festivalı başa çatdı

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində dekabrın 8-9-da dünya şöhrətli dirijor Zubin Meta "Maggio Musicale Fiorentino" simfonik orkestri ilə iki möhtəşəm konsert proqramı təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 8-də Heydər Əliyev Sarayında ilk konsertdən öncə festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç, dirijor Zubin Meta, "Maggio Musicale Fiorentino"nun bədii rəhbəri Françeska Kolombo və Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyevanın iştirakı ilə jurnalistlər üçün mətbuat konfransı keçirilib.


Konfransı giriş sözü ilə açan Fərəh Əliyeva Bakının altıncı dəfə ev sahibliyi etdiyi Mstislav Rortopoviç Festivalının ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu, musiqi bayramında dünyanın tanınmış ifaçı və kollektivlərinin iştirak etdiyini bildirib.


Sonra çıxış edən festivalın bədii rəhbəri, maestronun qızı Olqa Rostropoviç festivalın uğurla keçdiyini vurğulayıb: "Bakı festivalı artıq ənənə halını almış və ölkənin mədəni həyatında mühüm hadisəyə çevrilib. Festivalın Bakıda keçirilməsi bu şəhərdə doğulmuş və onu dərin məhəbbətlə sevmiş maestronun öz xahişi ilə bağlıdır. Bakı sakinləri dahi həmyerliləri ilə fəxr edir və onun xatirəsini əziz tuturlar".


Mətbuat konfransında yerli media nümayəndələri ilə yanaşı , xarici jurnalistlər, o cümlədən "Euronews" telekanalının əməkdaşları da iştirak ediblər. Zubin Metanın "Maggio Musicale Fiorentino" simfonik orkestri ilə təqdim etdiyi konsertlər maraqlı proqramı ilə yadda qalıb. Birinci konsertdə F.Şubert, P.Xindemit, L.Bethovenin əsərləri səslənib.

Dekabrın 9-da isə musiqisevərlərə C.Verdi, N.Rimski-Korsakov və A.Dvorjakın əsərləri təqdim olunub və hər iki konsert alqışlarla qarşılanıb.

Bununla da VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı başa çatıb.
Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 945

Oxşar yazılar