Dünyada bir neçə əsrdir fəaliyyət göstərən bir çox universitetlər var. İlk növbədə 1088-ci ildə əsası qoyulmuş Boloniya Universitetini qeyd etmək lazımdır. 13-cü əsrin birinci yarısında fəaliyyətə başlayan məşhur Oksford və Kembric universitetləri də bu siyahıya aiddir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunlara baxmayaraq, ən qədim fəaliyyət göstərən ali təhsil müəssisəsi Avropada deyil.
Afrikada yerləşən bir qurum dünyanın ən qədim universiteti statusuna malikdir. Söhbət Mərakeşin Fes şəhərində yerləşən Əl-Qarauin Universitetindən gedir. Universitetin əsası 859-cu ildə qoyulub. Mövcud olduğu bütün dövr ərzində təhsil ocağı elm, fəlsəfə və dinlə bağlı dərslər keçib və çoxlu sayda insan buranın məzunu olub. "Ginnesin Rekordlar Kitabı"na görə, Əl-Qarauin dünyanın ən qədim fəaliyyət göstərən universitetidir.
Amma bir nüans var: bu qurum Avropa mənasında universitet deyil. Uzun müddət Əl-Qarauin “təhsil mərkəzi” adlandırılacaq bir qurum idi. Əvvəlcə yalnız mənəvi tərbiyəyə önəm verilirdi. Daha sonra tələbələr müxtəlif dəqiq elmləri və təbiətşünaslıq fənlərini öyrənməyə başlayıblar. Tələbələrə fərdi mentorlar tərəfindən dərslər keçirilib. Məzunlar diplom almayıblar. Əl-Qaraun yalnız 20-ci əsrdə "standart" bir universitetə çevrilib.