Armstrong Whitworth Albemarle
24 iyun 2022 01:20 (UTC +04:00)

Armstrong Whitworth Albemarle

Britaniya təyyarəsi Yevlaxa niyə düşüb? - 79 il əvvəl baş verən qəzanın TARİXÇƏSİ

LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 11-Cİ YAZINI TƏQDİM EDİR

Tarix: 26 iyun 1943
Sovet İttifaqına Britaniyadan gətirilmiş yeni “Armstrong Whitworth Albemarle ST Mk.I Srs.III” (bundan sonra Albemarl – red.) təyyarələri mülki uçuşa buraxılmazdan əvvəl sınaq uçuşları keçirilir. İşə peşəkar pilot və mexaniklər cəlb olunur, qısa vaxtda uçuş və istismar təlimatları hazırlanır. 

Lent.az sovet mənbələrinə istinadla xəbər verir ki, bu məqsədlə sınaq ekipajına Moskva-Tbilisi reysini yerinə yetirərək uçuş və istismar təlimatını real uçuş şəraitində yoxlamaq tapşırılır. Bu məqsədlə ekipaj 2 yerdə - Həştərxan və Bakıda eniş edərək təyyarəni ciddi şəkildə yoxlamalıdır. 

Bakıyadək hər şey qaydasında gedir. Lakin Bakıdan Tbilisiyə gedərkən sol mühərrik yağ axıtdığı üçün heyət Hacıqabula enməyə qərar verir. Nasazlıq aradan qaldırıldıqdan sonra 17.37-də hava gəmisi təkrar uçuşa keçir. 

Saat 17.55-də sol mühərrik yenə yağ axıtmağa başladığı üçün heyət Yevlax aeroportuna enməyə qərar verir. Lakin 1500 metr yüksəkdə uçan təyyarəni aeroporta çatdırmaq mümkün olmur. Torpaq yola enən təyyarənin ilk olaraq sağ qanadı Yerə toxunur, zərbənin gücündən füzelyaj 2 yerə bölünür. Qəza nəticəsində 4 heyət üzvü və 3 sərnişin (reallıqda ehtiyat pilot və mexaniklər) xəsarət alır.

Komissiyanın rəyinə görə nasazlığın səbəbi konstruksiyadakı qüsur olub. 

Qeyd edək ki, bu qəza Albemarl təyyarələrinin Sovet İttifaqında istismardan çıxarılmasını sürətləndirdi. İlk olaraq hərbi məqsədlə hazırlanan təyyarələrin döyüş meydanında səmərəsiz olduğunu görən Britaniya onları modifikasiya edərək mülki dönanmaya təhvil verir. 

Tarixi mənbələrə görə Albemarl cəmi 1 döyüş tapşırığı yerinə yetirib – Fransaya bomba atıb. Bundan sonra  1942-ci ilin sonunda sovet səfirinin müraciəti əsasında İttifaqa 200 Albemarl verilməsinə və pilotların hazırlanmasında dair  razılaşma imzalanır. Növbəti il təyyarələrin SSRİ-yə gətirilməsi və sınaqları başlayır. 

Lakin marşal Astaxovun rəhbərlik etdiyi komissiya uzunmüddətli sınaqlardan sonra belə qərara gəlir ki Albemarl uçuş keyfiyyətinə görə sovet texnikasından geri qalır. Marşal bu təyyarələrin gətirilməsini dayandırmağı, artıq İttifaq ərazisində olanları isə ciddi şəkildə təkmilləşdirməyi tövsiyə edir. 

Təyyarələrin gətirilməsi dayandırılır. SSRİ-də sonuncu Albemarl 1945-ci ilin payızında istismardan çıxarılır.

# 5151
avatar

Oxşar yazılar