Ceki Çan uzun fasilədən sonra ictimaiyyət qarşısında görünüb və ailəsi haqqında xatirələrini bölüşüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əfsanəvi aktyor nadir bir ailə fotosunu göstərib və atasının böyük sirrini necə öyrəndiyini danışıb. Ceki atasının ona casus keçmişini ilk dəfə etiraf etdiyi anı xatırlayıb.
71 yaşlı döyüş filmlərinin ulduzu atasının keçmişini gözlənilmədən öyrənib. O zaman Cekinin 40 yaşı olub. Atası maşında ona tərəf dönərək bir sirri paylaşmaq istədiyini bildirib.
“Atam birdən dedi: “Oğlum, mən artıq qocalmışam. Yata bilərəm və bir daha oyanmaya bilərəm”. Mənim atam casus olub”, - Ceki Çan bildirib.
Aktyor atasının etirafından şoka düşüb və əvvəlcə onun izahlarını dinləyə bilməyib. Ancaq bir neçə saat sonra daha çox məlumat öyrənmək qərarına gəlib.
“Atam çox yaraşıqlı kişi idi”, - Ceki əlavə edib.
2003-cü ildə çəkilmiş sənədli filmə görə, Cekinin atası Çarlz Çan (əsl adı – Fan Daolonq) 1940-cı illərdə Çində vətəndaş müharibəsi dövründə hökumət üçün casus işləyib. Onun anasının da qaranlıq keçmişi olub. O, Şanxayda heroin qaçaqmalçısı və qumarbaz imiş.
Ceki, anasının onun aktyorluq fəaliyyəti ilə bağlı münasibətini də danışıb. Ana oğlunun təhlükəli tryuklarını görəndə filmlərini izləməyə davam etməyib.
“Başlayardı, mən tryuk edəndə üzünü çevirərdi. Kimi döyürdümsə, baxmaq istəmirdi. Məni döyəndə də baxmaq istəmirdi. Bir dəfə də olsun filmimi axıra qədər izləməyib”, - o bölüşüb.
Döyüş filmlərinin ulduzu yeni filmlərlə sevindirməyə davam edir. Yaxınlarda o, “Karate Kid: Əfsanələr” filmini təqdim edib.