Müğənni Ayan Babakişiyeva qonaq olduğu "Xəbərin var?" proqramında mahnılarını pulla məşhurlaşdırıb, pulla izləyici satın alanlardan danışıb.
Lent.az-ın xəbərinə görə, o bu barədə belə deyib:
“Bu gün bəzi müğənnilərin 5 -10 min manat verib Youtube platformasında mahnılarını “trend” etməsi onların bizim səviyyəmizdə olması anlamına gəlmir. Bu gün mənə də təklif olunur ki, gəlin, mahnınızı “trend”ə salaq, Instagram səhifəni 1-2 milyon edək. Özümü niyə aldadım?”
O, heç vaxt pul verib efirə çıxmadığını iddia edib.
"Vaxtilə kliplərim üçün müəyyən vəsaitlər xərcləmişəm, sənətimə sərmayə qoymuşam. Amma heç vaxt pul verib efirə çıxmamışam. Kommersiya müğənnisi olmamışam. Şou-biznes başqa şeydir, müğənnilər, tanınmış insanlar isə başqadır. Toy müğənnisi əgər toyda oxuyub pul qazanırsa, bu, onun şou göstərdiyi anlamına gəlmir. Mənə elə gəlir ki, şounu biz göstəririk, amma biznes, yəni pulu onlar qazanır",- deyə Ayan bildirib.
Qeyd edək ki, Ayan Babakişiyeva dəfələrlə Rusiya və İsrailə ən çox toy oxumaq üçün dəvət edilən müğənnilər sırasında olduğunu bildirib.