ABŞ-da aparılan yeni peyk radar araşdırması zamanı ölkənin insanların ən sıx məskunlaşdığı 28 şəhərində yer səthinin əhəmiyyətli dərəcədə aşağı düşdüyü məlum olub.
Lent.az xəbər verir ki, araşdırma 2015-2021-ci illər arasında təhlil edilən bütün şəhərlərdə şəhər torpaqlarının ən azı 20 faizinin dağıldığını müəyyən edib. 28 şəhərdən 25-də bu nisbət yüzdə 65-i keçib.
Təxminən 34 milyon insanın yaşadığı bu şəhərlərdə çöküşün başda urbanizasiya, quraqlıq və dəniz səviyyəsinin qalxması olmaqla müxtəlif amillərin səbəb olduğu bildirilir.
Ekspertlərin fikrincə, bu, infrastrukturun təhlükəsizliyi və daşqın riski baxımından ciddi problemlərə səbəb ola bilər.
Virciniya Texnologiya Universitetinin geofiziki Leonard Ohenin rəhbərlik etdiyi qrupun araşdırmasına görə, səthinin 98 faizindən çoxu çökmüş şəhərlər arasında Çikaqo, Dallas, Kolumbus, Detroit, Fort Uort, Denver, Nyu-York, İndianapolis, Hyuston və Şarlotta var.
Xüsusilə Hyuston ən çox təsirlənən şəhərdir ki, burada torpaq ildə 5 millimetrdən çox çökür. Bildirilib ki, şəhərin 40 faizindən çoxu bu göstəricini keçib, 12 faizində isə ildə 10 millimetrdən çox çökmə müşahidə olunub.
Bu vəziyyətin əsas səbəbləri arasında qrunt sularından həddindən artıq istifadə edilməsi, həmçinin neft və qaz hasilatı daxildir.
Araşdırma nəticəsində məlum olub ki, 29 mindən çox bina yüksək riskli ərazilərdə yerləşir. Mütəxəssislərin fikrincə, yer səviyyəsində belə enmələr adətən səssizcə davam edir və infrastrukturun zədələnməsi yalnız kritik mərhələyə çatdıqda nəzərə çarpır.
Tədqiqat “Nature Cities” jurnalında dərc olunub.