“Eurovision”un səsvermə qaydaları dəyişdirildi
27 oktyabr 2009 11:15 (UTC +04:00)

“Eurovision”un səsvermə qaydaları dəyişdirildi

2010-cu ilin mayında Osloda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsinin səsvermə qaydalarına dəyişiklik edilib.


APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Avropa Yayım Birliyinin (EBU) qərarına əsasən, artıq tamaşaçılar səs vermək üçün çıxışların başa çatmasını gözləmək məcburiyyətində qalmayacaqlar və müsabiqənin gedişində bəyəndikləri, dəstəklədikləri təmsilçilərin sms nömrəsinə səs göndərə biləcəklər.


“Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius bildirib ki, yeni səsvermə qaydası daha məntiqlidir: “Düşünürük ki, ifanı dinləyə-dinləyə səs verə bilmək daha yaxşıdır. Bir çox milli seçimlərdə bu təcrübədən istifadə edilir və təcrübə göstərir ki, bu tip səsvermə daha uğurla həyata keçirilə bilər. Eyni zamanda yeni qayda səsvermə zamanı sistemin yüklənməsinin qarşısını alacaq”.


Qeyd edək ki, “Eurovision” müsabiqəsinin səsverməsinin təşkili və səslərin toplanması üçün EBU 2004-cü ildən etibarən Almaniyanın “Digame” şirkəti ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2886

Oxşar yazılar