İlhamə Quliyeva ilə Ruhəngiz Qasımova arasında qalmaqal...
19 oktyabr 2009 13:15 (UTC +04:00)

İlhamə Quliyeva ilə Ruhəngiz Qasımova arasında qalmaqal...


Xalq artisti İlhamə Quliyeva ilə bəstəkar Ruhəngiz Qasımova arasında soyuq küləklər əsir.


İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli Lent.az-a soyuq münasibətin səbəbini açıqlayıb. Mətbuat katibinin izahına görə, bəstəkar Ruhəngiz Qasımova saytların birində İlhamə Quliyevanın barəsində xoşagəlməz fikirlər səsləndirib.


“Son illər kiminsə bostanına daş atmaqla özünü gündəmdə saxlamaq adi hal alıb. Xüsusilə yaşlı sənətkarlar buna cəhd edirlər. Sanki varlıqlarını sübut etməyə çalışırlar. Belə sənət adamlarından biri də bəstəkar Ruhəngiz Qasımovadır. Bu bəstəkar xanım da gənc müğənnilərin diqqətini çəkmək üçün özünü reklamla məşğuldur. Təbii ki, reklam tutmağın ən uğurlu yolu da İlhamə xanım kimi sənətkarın adını hallandırmaqdır.
Amma Ruhəngiz Qasımova seda.org.az saytına açıqlamalarını verməzdən əvvəl gərək İlhamə xanımla özünün sənətdəki çəkisini müqayisə edəydi. Camaat arasına çıxıb bir sorğu keçirəydi, öyrənəydi ki, onu kimsə tanıyır, ya yox? “Siz Ruhəngiz Qasımovanı tanıyırsız? Onun hansı mahnısı sizin yadınızda qalıb?” suallarına verilən cavabları eşitmək hər kəs üçün maraqlı olardı. Biz isə bu cavabları yaxşı bilirik”, - deyə F.Ələkbərli bildirib.


Mətbuat katibi Ruhəngiz Qasımovanın diqqətinə çatdırıb ki, İlhamə Quliyeva həm əməkdar, həm də xalq artisti fəxri adlarına layiq görülüb. Həmçinin, Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Bundan əlavə, İlhamə Quliyeva Dağıstan Respublikası prezidentinin fərmanı ilə bu ölkənin xalq artisti fəxri adına layiq görülüb:


“Məgər Ruhəngiz Qasımova bu fəxri adlara və sərəncamlara şübhə ilə yanaşır? Cavab çox aydındır. Bəstəkar İlhamə xanımın bütün bu uğurlarına, titullarına göz yuma bilmir. Hesab edirik ki, paxıllıq hissi Ruhəngiz Qasımovanın həm sənətinə, həm də yaşına mane ola bilər. Bəstəkar açıqlamasında “İlhamə heç vaxt yaxşı müğənni olmayıb və olmayacaq. Çünki İlhamənin məktəbi yoxdur. Düzdür, anası Tükəzban İsmayılova yaxşı sənətkar olub. Amma bunun İlhamə Quliyevaya heç bir aidiyyatı yoxdur” fikirlərini səsləndirməsi insanda gülüş oyadır. Əgər İlhamə Quliyeva yaxşı müğənni olmasaydı, Ruhəngiz Qasımova 70-80-ci illərdə müğənniyə müraciət etməzdi. Onun ifa etdiyi “Gəlmirsən, gəlmə” mahnısı dövlət radiosunun qızıl fondunda saxlanılır. Məhz İlhamə xanım bəstəkarın mahnısını ifa edəndən sonra SSRİ xalq artisti Rəşid Behbudov Ruhəngiz Qasımovanın mahnısına müraciət edib. Bundan əlavə, vaxtilə İlhamə xanıma Fikrət Əmirov kimi bəstəkar qiymət verib, sənətkara silsilə mahnılar yazıb. Bəlkə Ruhəngiz Qasımova bunları unudub?”


F.Ələkbərli bildirib ki, İlhamə xanım nəinki keçmişdə, hətta indi də hit mahnılar ifa edir, hər zaman yeniliklərlə xalq qarşısına çıxır. Bu gün Ruhəngiz Qasımovanın yaradıcılığında yeni nə var? Mahnısı sonuncu dəfə hansı ildə uğur qazanıb? Təbii ki, bu sualların cavabını eşitməklə onun niyə belə sərt açıqlamalar verməsinin səbəbini müəyyənləşdirmək olar.


“Bəstəkar müsahibəsində “Azərbaycanda at oynatmaq çox asandır. İlhamə Quliyeva elə bilir ki, burada etdiklərini haradasa təkrarlaya bilər. Amma bu, heç də belə deyil” – deyib. Biz də eyni sözləri onun ünvanına təkrarlaya bilərik, amma etmirik, sadəcə deyirik, Ruhəngiz Qasımova yaradıcılığı artıq bitib. Keçmiş uğurlarla isə uzun müddət gündəmdə qalmaq mümkünsüzdür. Üstəlik bu uğurların da Azərbaycan sərhədlərini aşdığını demək çətindir” - o, qedy edib.


Mətbuat katibi bir məqama da diqqət yetirib: “Bir neçə il əvvəl R.Qasımova İlhamə xanımı ad gününə dəvət etmişdi: “İlhamə xanım, istəyirəm ad günümü gözəlləşdirəsiniz. İştirak etməyinizi istəyirəm”. Görəsən, bəstəkar bunları niyə indi dilə gətirmir?
Ruhəngiz Qasımovanın “Əgər elə yaxşı sənətkardırsa, "Eurovision" yarışmasında iştirak edəydi. Patrisiya Kaas kimi peşəkar müğənninin müsabiqədə heç nə qazana bilməməsi İlhamə Quliyeva kimi özündənrazı insanlara öz yerini göstərdi” – absurd fikirlərinə də aydınlıq gətirmək yerinə düşərdi. “İlhamə Quliyeva təsdiqlənmiş bir sənətkardı. Bu müsabiqədə iştiraka ehtiyac görmür. “Eurovision” müsabiqəsinə isə gənclərin getməsi daha yaxşı olar. Çünki onlar da özləri təsdiq etdirməlidir. Ruhəngiz xanımın diqqətinə çatdıraq ki, xalq artisti “Eurovision”a getməsə də, sənətinə möhürünü vuran İlhamədir! Yaxşı olar ki, Ruhəngiz Qasımova bu müsabiqəyə uyğun bir mahnı yazsın, bununla həm hələ tükənmədiyini təsdiqləyər, həm də gənc nəsil onu tanıyar”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521

Oxşar yazılar