Hacı Tahir Abbaslı: “Aygünlə Namiqin yaxınlığı zina sayılır...” – MÜSAHİBƏ
04 iyul 2009 20:00 (UTC +04:00)

Hacı Tahir Abbaslı: “Aygünlə Namiqin yaxınlığı zina sayılır...” – MÜSAHİBƏ

...Oxucuda sual yarana bilər ki, axı Hacı hara, şou-biznes hara? Ancaq nəzərə alaq ki, fərqli insanlar, onların aid olduğu ən müxtəlif sahələr yaşadığımız cəmiyyətin tərkib hissəsidir. Və, Hacı da şou-biznesdə baş verənləri görür, onunda bu sahə ilə bağlı düşüncələri yaranır. İndi qalır o düşüncələri açıqlamaq. Həm də, adi partiya sədrilə müqayisədə adında “İslam” sözü olan təşkilat rəhbərinin fikirləri daha maraqlıdır. Beləliklə, Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı danışır.

- Hacı, şou-bizneslə nə qədər maraqlanırsınız?

- Bilirsiz, cəmiyyətin zahirdə qaynar bir təbəqəsi var. Onlar bizim istəyib-istəməməyimizdən asılı olmayaraq cəmiyyətə daxildir. Bu təbəqəyə münasibətimiz pis deyil. Hər halda onların forslanmasına imkan verməyəcək qədər. Fərdi işləri, zəhmətləri, düşüncələri ilə kütləni sevindirə bilirlərsə, bu, yaxşı əlamətdir. Ancaq onlar şəxsən məni cəlb eləmir. Mənim vaxtım imkan vermir ki, daim bu təbəqə ilə ünsiyyətdə olum. Ancaq varlıqlarını, hadisələrin cərəyanlarını görürəm, izləyirəm. Bəzi hadisələri isə görərək kədərlənirik.
İndi dünyada ictimai-siyasi, mədəni sahələrdə yenilik və tapıntı yoxdur. Hər nə mövcuddursa, köhnə qaydada bir mərkəzdən – Qərbdən idarə olunur. Hətta milli musiqi kimi cəmiyyətimizə sırınan musiqilər də həmin mənbələrdəndir. Sadəcə, bizim bəstəkarlar aranjeman edir.

- Vaxtınızın imkanlarından danışdınız. Vaxtla yanaşı zövq amili də var axı. Vaxtınız olanda musiqi dinləyirsinizsə, daha çox hansı janra, kimlərə üstünlük verirsiniz?

- Daha çox muğamatı dinləyirəm. Hazırkı müğənnilərdən Aybəniz Haşımovanın isə həm səsi, həm də problemsiz, çox normal davranışını bəyənirəm. Vaxtımız olanda türk musiqilərinə də qulaq asırıq.

- Bayaq bəzi halları görəndə kədərləndiyinizi dediniz. Bu, hansı hallardır?

- Kədərlər cürbəcürdür. Dinlədiyimiz müğənnilər danışan vaxt sözlərində hikmət olarsa, o söz birdən bizi ayıldır, ruhumuzu qəribçilikdən çıxarır. Əgər o müğənni cəsarətlə başqalarının demədiyi ağıllı sözü deyərsə, bizdə sevincdən kədər olur. Ancaq bəzi şou-biznes dostlarımız hədlərini aşırlar, ifrata varırlar, dedikləri sözlərin mahiyyətini başa düşmürlər, yaxud düşmək istəmirlər. Səhnədən yalnız özləri üçün istifadə edirlər. Bu kimi şeylər də kədər doğurur, ancaq mənfi mənada. Axı onlarda olan şərait bizlərdə olsa, ondan başqa cür istifadə edərdik. Onlara ayrılan məsələn, efir vaxtı bizə ayrılsaydı. Oradan ən yaxşı sözləri, ən yaxşı fikirləri deyərdik, cəmiyyətin sağlamlaşdırılması uğrunda hərəkətlər edərdik. Əfsus ki, o tribunada “mənə belə dedi, mən də belə deyirəm” söhbətləri, bir-birini təhqirlər var. Bu kimi şeylər isə cəmiyyəti zəhərləyir. Dediyim pis vəziyyətlər cəmiyyətdə adi hala çevrilirsə, bunlar kədərli nöqtələr sayılır. Biz istəməzdik ki, cəmiyyətdə o cür tanınmış adamlar, insanların həvəslə dinlədiyi şəxslər özlərinin dedikləri ilə insanların evinə soxulmasınlar, özlərinin zəhərli həyatını, başqalarının həyatına gətirməsin.
Onlar cəmiyyət üçün akvariumda balıq görünən kimidir. Yəni kütlə onlara daim baxır, hər hərəkətini izləyir, onlar kütlə üçün bir nümunədir. Cəmiyyət görür ki, çox asan yolla populyarlaşmaq, şan-şöhrət qazanmaq olar. Bəzən tez populyarlaşmaq üçün onlar müəyyən hərəkətlər etmək “məcburiyyətində” qalırlar ki, məsələn, evlənib, tez boşanırlar. Bunlar isə cəmiyyətdə yaxşı qarşılanmır.

- Evlənib-boşananlar deyəndə kimləri nəzərdə tutursunuz?

- (gülür) Bilirsiz, ad çəkmək istəmirəm. Ancaq o “məktəb”i demək olar ki, şou-biznes əhlinin əksəriyyəti keçib. O nümunələri qoyanlar olub, sonradan gələnlər də onlara oxşayıb. Məsələn, bir tanınmış müğənni var, ancaq adını çəkmək istəmirəm. Onun getdiyi yola baxırsan, başı daşdan-daşa dəyir, neçə müddətdən sonra yeni bir həyat tərzi qurub, sonra da başlayıb etdiklərinə bəraət qazandıraraq əvvəlki vəziyyətini yaddan çıxartmağa.
Məsələn, götürək Maykl Ceksonu. Onun həyat tərzinə baxın. Axı o nə həyat tərziydi? Maykl Cekson bütün şou-biznes əhli üçün bir nümunədir ki, “ehtiyatlı olun, öz kapitallarını artırmaq üçün sizi oyuncağa çevirməsinlər”. Mən şou-biznesdə Maykl Ceksondan məşhur tanımıram. Biz hələ gənclik dövrümüzdən onun marağındaydıq. Həm Maykl Ceksonu, həm “Boney M”-i gəncliyimizdən tanıyırıq, onlar gənclik vaxtı fikirlərimizdə müəyyən dəyişiklik də əmələ gətirib.

- Maykl Ceksonu müsəlman sayırsınızmı və onun hansı dinin qaydaları ilə basdırılmasının tərəfdarısınız?

- Təxminən 10 il bundan əvvəl mətbuatda Maykl Ceksonun məscid tikintisinə təxminən 20 milyon dollar xərcləndiyi xəbəri yer almışdı. Məhz onun İslam dinini qəbul etməsi və bu cür addımlar atması yüzlərlə, bəlkə də minlərlə insanın qəlbində İslam dininə münasibətdə müsbət mənada toxum səpdi. Onu bir müsəlman olaraq qəbul edirəm və hər halda müsəlman kimi dəfn olunsa daha yaxşıdır. İslam dini sonuncu dindir. İstərdik ki, onun sonuncu dinin qaydaları ilə dəfn edilməsinə maneə törətməsinlər.

- Keçək yerli “maykl cekson”larımıza. Xalq artisti Faiq Ağayevi məhkəməyə vermişdiniz. Hazırda həmin işlə bağlı vəziyyət nə yerdədir?

- Faiq Ağayev Flora xanım Kərimovanın dili ilə imamlarımızın ünvanına özünün istədiyi fikirləri işlədib. Hətta əgər əstəğfürullah, belə söhbət olubsa da, bu ikilikdə olan bir dialoqdur. Bu adamın yanında söhbət olubsa, deməli ona etibar edilib, həmin söhbəti ortalığa çıxartmaq isə günahdır, cinayətdir. O, elə sərhədi keçib ki, bu addımı bağışlamaq olmur. Mən təxmin edirəm bu səhv onun dilinə haradan axıb. Bu, yəqin ki, onun tez-tez gedib-gəldiyi bir ölkənin təsiri ilə bağlıdır. O, kifayət qədər məşhur və imkanlı adamdır. Ancaq “maykl cekson”ların səhvləri bəzən başlarına bəla gətirir.
Bizim iddia ilə Flora xanımın iddiası birləşdirilib, məhkəmə bir yerdə aparılır. Ola bilsin məhkəmə humanistlik göstərsin, məsələn, barışıq təklifi versin. Allahın tövbə qapısı həmişə açıqdır. Əgər Faiq Ağayev mikrofonu götürüb səsi ilə bir azan versə, mən onu bağışlayaram. Bilərik ki, səhvini başa düşüb. Yox əgər belə davam edərsə, “maykl cekson”ların səhvləri davam edəcək.

- Bəs bir müğənni olaraq Faiq Ağayevə münasibətiniz necədir. O necə oxuyur?

- Sözün düzü məndə ona qarşı güclü cəlbetmə yoxdur. Ancaq təkcə Faiq Ağayev deyil, bir çox müğənnilər var ki, diqqətimi çəkmir. Onların oxuduqlarına fikir verəndə görürsən ki, adi sözlərdir. Ancaq hər halda Faiq Ağayev cəmiyyətə nə isə vermək istəyir. Təəssüf ki, ümumilikdə əksər müğənnilərimizin oxuduqları “sevirəm”, “ölürəm”lədir, axır vaxtlarda da xəyanətlə bağlı mahnılar oxuyurlar. Bu isə xalqımızın adət-ənənələrinə uyğun deyil.

- Yeri gəlmişkən, Flora Kərimova ilə ünsiyyətiniz varmı?

- Flora xanımla müxalifət düşərgəsində təmaslarımız olub. Hətta qızımın toyunda da iştirak edib. Amma son vaxtlar demək olar ki, tamamilə əlaqəmiz yoxdur. Bu onun məhkəmələrə və davalara başının qarışması, mənim isə siyasi fəaliyyətimlə bağlıdır.

- Hacı, Röya necə oxuyur?

- Onun səsi yaxşıdır, ancaq sözlərində məntiq görmürəm. Onun və bir neçə başqa müğənninin oxuması özünü göstərmək, özü ilə forslanmağa oxşayır. Ancaq Röyanın səsində doğrudan da problem görmürəm, yaxşı yanıqlı səsi var. Onun əvvəlki açıq-saçıqlığını xoşlamırdım. Ancaq indi bir az düzəlmək üzrədir.

- Deyəsən ailə qurandan sonra oldu...

- Şübhəsiz, onun da rolu var. Yaşın da öz təsiri var.

- Rəqsanə necə oxuyur?

- Rəqsanə xanım daha çox qalmaqalları ilə yadda qalıb, o da çox kədərli həyat keçməyilə bərabər cəmiyyəti də onunla sanki yaşatdırıb. Ümumiyyətlə müğənnilərin əksəriyyəti yaşadıqları problemləri cəmiyyətə yükləməklə məşğul olurlar. Rəqsanədə müğənni kimi məni güclü nə isə cəlb etməyib. Rəqsanəni dinləyəndə onun problemləri və qalmaqalları yada düşür. Onun oxumaqla bağlı cəhdlərini qiymətləndirirəm. Ancaq gəlib öz ailəsi, uşağı barəsində sadə uşaq fikirlərilə danışmasını qəbul etmirəm, razılaşmıram. Bu cür məsələləri ictimailəşdirmək olmaz.

- Aygün Kazımovaya, xüsusən onun plastik əməliyyat etdirməsini necə qarşılayırsınız?

- Plastik əməliyyat insanın öz seçimidir. Şəriət baxımından Allah nə veribsə, “Allah bərəkət versin” deyərlər. Ola bilsin ki, insanda hansısa xəstəlik ola, hansısa əzanın bir yerini kəsib atmaq lazımdır, bu başqa məsələdir.

- Deyəsən Aygün Kazımova əməliyyatları xəstəlik səbəbindən etdirməyib axı...

- (gülür) Bizim Aygün Kazımova problemimiz yoxdur, başqa problemlərimiz var. İndi Aygün xanımın öz dünyagörüşü var, plastik əməliyyat etdirməyi lazım bilib. İslam dinində bildiyim qədər bu, məkruh sayılır. Maykl Cekson plastik əməliyyatlar elədi, axırı da o cür oldu.

- Namiqlə Aygünün münasibətlərinə necə baxırsınız? Onların bir yerdə olmağı zina sayılırmı?

- Bilirsiz, biz heç kimin ailə işlərinə qarışmırıq. Ancaq ictimai aləmə məhkumluğumuza rəğmən məsələyə münasibət bildirə bilərik. Söhbət ondan gedir ki, əgər Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun kəbini yoxdursa, etdikləri yaxınlıq zina sayılır.

- Qadın, həmçinin kişi müğənnilərin geyimlərinə münasibətiniz necədir?

- Son vaxtlarda kişilərin geyimlərində problem görmürəm. Onlar boğazlarından ayaqlarına qədər bağlıdır. Ancaq bəzən artıq şey olanda – məsələn, saç uzatmaq kimi – yaxşı görünmür.
Qadınlar isə... İstərdim onlar başı yaylıqlı, boyun-boğazı bağlı oxusun. Əvvəl paltarla forslanırdılar, indi bədənlərilə. Gör nə gündədirlər ki, o müğənnilərin bir kişinin onun bədəninə baxmasına, tərif eşitməsinə, bununla da sponsor qazanmasına ehtiyacı var. Bu isə özünü qiymətləndirməməkdir, çox pis, bəyənilməyən hərəkətdir.

- Müğənnilərin çəkdirdiyi kliplər necə təsir bağışlayır?

- Çox məntiqsiz və mənasız kliplərdir. Əvvəl Mətanət İsgəndərli bir klip çəkdirmişdi, düşünmək üçün səhnələr var idi. Axı hər şeyi kişinin qadına, qadının kişiyə məhəbbətilə bağlamaq olmaz, Vətənə, torpaq, mənəviyyat, gələcək, ailə məsələləri mövzuları da var.
Son olaraq bir şey demək istəyirəm: Əgər bu dediklərimdə kiminsə xətrinə dəyirəmsə, mənə halal etsinlər.

Pərvin ABBASOV

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2090

Oxşar yazılar