“Donumun “zamoku” açıldı... yubkamın rezini qaçdı... ayaqlarım göydə qaldı...”
02 iyul 2009 19:01 (UTC +04:00)

“Donumun “zamoku” açıldı... yubkamın rezini qaçdı... ayaqlarım göydə qaldı...”

Sənətçilərimizin səhnə kuryozları

Ötən həftə xalq artisti Aygün Kazımovanın aparıcılıq etdiyi proqramın canlı yayımında büdrəyib yıxılması kifayət qədər diqqətə səbəb olub. Bəllidir ki, belə hadisələrlə üzləşən təkcə Kazımova deyil. Buna bənzər və daha gözlənilməz hadisələrlə digər incəsənət nümayəndələrimiz də rastlaşıb.

Lent.az-ın bu mövzu ilə bağlı apardığı sorğu maraqlı faktlar üzə çıxarıb. Beləliklə, mədəniyyət, incəsənət və şou-biznes təmsilçilərimizin müxtəif vaxtlarda başına gələn maraqlı və kuryoz əhvalatları təqdim edirik...

Xalq artisti Zülfiyyə Xanbabayeva konsertinə vokalistlik edən keçmiş “W-trio” qrupunun üzvü Röya Ayxana konsert müddətində işarə edərək, tez-tez su istəyib. Röya konsert boyu stəkandakı suya işarə edən Xanbabayevanı anlamayaraq, suyu başına çəkib, son damcısına qədər içib. Zülfiyyə Xanbabayeva isə konsertin sonuna qədər boğazını yaşlaya bilməyib...

Məşhur aktrisa və teleaparıcı Dilarə Əliyeva illər öncə Heydər Əliyev adına Sarayın səhnəsində baş verən hadisəni xatırlayıb: “Həmin gün tədbirə arxası bütöv bədəni tutan “zamoklu” paltar geyinmişdim. Elə səhnəyə təzəcə çıxırdım ki, bir də gördüm arxadan qışqırarlar: “Qayıt! Qayıt!... Sən demə, paltarımın arxadan “zamok”u açıq imiş... Lakin geri tez qayıtdığım üçün tamaşaçılar bunu his edə bilmədi...”

“Çal-Çağır”ın sevimli “Toppuş bacı”sı Tünzalə Əliyeva isə artıq çəkisinin əziyyətinə düşüb. Hadisəni Dilarə Əliyeva danışır: “Bir dəfə İsveçdə səhnədə idik. Tamaşa başlayıb, lakin Toppuş gəlmir ki, gəlmir... Mən özümdən rola nə qədər əlavələr edə bilərəm ki? 15 dəqiqədən sonra Tünzalə səhnəyə çıxdı. Sən demə, bu vaxta kimi o, rezini qaçan yubkasını bərpa edirmiş... Tərslikdən rola uyğun olaraq o, səhnədə ancaq yubka geyinməli idi...”

Rəqqasə Fatimənin buna bənzər hadisələri çoxdur: “Bir dəfə səhnədə oynayanda hörüyümün biri çıxmışdı. Tək hörüklə oynamayıb çıxışımı sonladım. Bir dəfə də açıq məkanda düzənlənən toyda çıxış edirdim. Hava da küləkli idi, milli geyimlər də bilirsiniz, nazik tül parçadan olur. Əlimdəki aş boşqabını külək vurdu, bir də baxdım ki, paltarımın bir hissəsi artıq yanıb. İndi ofisiantlar bir tərəfdən, o biri tərəfdən də mən ikinci əlimlə alovu söndürməyə başladım. Aş tutduğum boşqab barmaqlarımı yandırmışdı, elə yanıq-cırlmış paltarla da çıxıb oynadım”.

Fatimənin başına gələn hadisə hamının alqışına səbəb olub: “Bir dəfə restoranların birində toy məclisində idim. Əlimdə tort, gəlin süfrəsinə gedəndə ayağım ilişdi, necə yıxıldımsa, bütün iştirakçılar hamısı əl çalmağa başladı.

Digər hadisə isə bu yaxınlarda telekanalların birində çəkiliş zamanı baş verib. Proqramda “zarafatsız” sözünün hərflərindən dekor qurulmuşdu. Mən də tərəf müqaibilimlə birlikdə rəqs edirik. Rəqs zamanı improvizə etmək istədim. Təzəcə hərflərin üstündə oturmuşdum ki, bir də gördüm, ayaqlarım yuxarıdadı... Veriliş efirə gedəndə təbii ki, həmin hissə artıq montaj edilmişdi...”

Xalq artisti Flora Kərimova yaşadığı maraqlı hadisələri zaman-zaman ekranda duzlu söhbətlərinə qatıb danışıb. Bu hadisələrdən biri də bu yaxınlarda baş verib: “Bu yaxınlarda Teymur Əmrahın Gəncədəki konsertinə getməli idim. Qəşəng-qəşəng geyinib köməkçim Yaqutu gözləyirdim. Bir də gördüm, Yaqut mənə zəng vurub “ay xala, hardasan? 20 dəqiqədən sonra artıq qatar gedir”. Nə?! Bunu eşidər-eşitməz yüyürdüm aşağı. Həmin gün də Şimon Peres Azərbaycana gəlmişdi. Sükanın arxasına keçib necə maşını sürdümsə!...

İndi gəlib polisə yaxınlaşıb vaqonları soruşuruq, polisin başa saldığı tərəfə tələm-tələsik gedirik. Yolda Yaquta bircə onu deyirəm, “Yaqa, bəlkə ayaqqabımı çıxarım?... Qaça bilmirəm...” Yaqa da mənə deyir “ay xala, bircə o qalmışdı ki, camaat səni ayaqqabısız görsün!” Hay-küylə qaçıb bir nömrədə oturdum. Bir də gördüm nömrənin sahibi deyir “Flora xanım, bu mənim nömrəmdi”. Deyirəm, başına dönüm, qoy qatar tərpənsin, mən gedib öz nömrəmi tapıb oturaram. Beləcə hay-küylə gedib konsertə çıxdıq”.

Məşhur teleaparıcı Nərgiz Cəlilovanın başına gələn hadisələr ekranda izləyici gözü qarşısında baş verib: “AzTV-də işlədiyim vaxtlar idi. Radionun yaranması günü qeyd olunurdu. O vaxt da Vəzirovun hakimiyyəti dövrü idi. Səhnəyə çıxdım, ifaçıları təqdim etdim. Xalq artisti Arif Babayevin çıxışı gözlənilirdi. Arif Babayevin ardınca kamança ustadı Ədalət Vəzirovu təqdim etməli idim. Lakin birdən necə oldusa Ədalət müəllmin adını unutdum: “İfa edir...” Pauzalar davam edirdi. Özümü birtəhər toplayıb davam etdim: “...Vəzirov!”. Bu hadisə Vəzirovun dövründə baş verdiyi üçün ajiortaj yaratmışdı. Tamaşaçılar isə bunu gülüşlə qarşılamışdı”.

Cəlilovanın başına gələn növbəti hadisələr isə yaxın dövrlərdə baş verib: “Məqamlar” verilişi yayımlanan zaman xalq artisti Alim Qasımov qonağım idi. Verilişin formatına görə, bir qonağım olmalı idi. Təkcə Alim Qasımovla görüşə hazırlaşmışdı. Alim müəllim qızı Fərqanə ilə gəldi. Və dedi ki, Fərqanə də verilişdə iştirak etməlidi. Təbii ki, Alim Qasımov kimi sənətkara da yox deyə bilməzdik. Bütün proqram dəyişdi...”

Nərgiz xanımın yaşadığı gözlənilməz hadisələrdən biri də reytinq rekordu qıran bir verilişində - xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva və Samir Bağırovun qonağı olduğu proqramda yaşanmışdı: “Əslində mən Samirin gecikməsi ilə proqramda bir “dəyişiklik” olacağını təxmin etmişdim. Lakin barışdıracağımı güman etdiyim bu müğənnilər arasında canlı efirdə replikalar, atmacalar qeyri-müəyyənlik başladı. Sonu isə münaqışə ilə nəticələndi. Səhər nə qədər bu verilişdən danışsalar da mən özümü bir neçə gün pis hiss etdim”.

Xalq artisti Faiq Ağayevin də başına maraqlı hadisə gəlib. “Lider” telekanalındakı “Məqamlar” verilişində texniki nasazlıq baş verir. İşıqlar işləmədiyi üçün Ağayevin oturduğu tərəf işıqlanmir. Təcrübəli müğənni zarafatlarla və “hamısı nəzərdəndi” deməklə vəziyyətdən çıxır.

Digər hadisəni xalq artisti özü nəql edib: “1995-də Ukraynada beynəlxalq festivalda iştirak edirdim. Mahnıya uyğun olaraq, səhnədə siqaret çəkirdim. Kötüyü səhnəyə tulladim. Bir də baxdim ki, mən oxuyan vaxt səhnənin arxasına yanğınsöndürənlər yığışıb. Çıxışımdan dərhal sonra mənə protokol yazdırdılar. Lakin sonra vəziyyət aydınlaşdı. Müsabiqənin təşkilatçıları mənə görə güzəşt etdilər”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737

Oxşar yazılar