Şou-biznesin nümayəndələri üzməyi bacarırlarmı - SORĞU
30 iyun 2009 19:45 (UTC +04:00)

Şou-biznesin nümayəndələri üzməyi bacarırlarmı - SORĞU

Yerli sənətçilər arasında daima müxtəlif sorğular təşkil edən APA mövsümə uyğun olaraq, bu dəfə müğənnilər arasında bir neçə mövzuda sorğular keçirib.

Bu sıradan təqdim etdiyimiz ilk sorğu Azərbaycan müğənnilərinin hansının üzmək bacarığına malik olduğunu üzə çıxarmaq məqsədi daşıyır. Sorğu zamanı şou nümayəndələrinə üzgüçülük bacarıqları, üzmə məsafəsi, suyun altında qalmaq bacarığı və digər bu kimi suallarla müraciət olunub. Sorğu zamanı məlum olub ki, yerli şou-biznes nümayəndələrinin əksəriyyəti professional səviyyədə olmasa da, həvəskar səviyyədə üzməyi bacarır.

Müğənnilər arasında üzgüçülüyü professional səviyyədə öyrənmək üçün xüsusi məşqçilərə müraciət edənlər də var. Nəzərinizə çatdırmaq istərdik ki, sorğuya qatılan müğənnilərin əksəriyyəti tanınmış sima olduqları üçün Azərbaycandakı çimərliklərə getmirlər. Şou əhli xarici ölkələrdə olarkən dənizdə üzmək şansı qazanırlar. Bakıda isə onlar ancaq hovuzda üzməklə kifayətlənirlər.

Əməkdar artist Ədalət Şükürov hətta dalğalı dənizdə belə çox asanlıqla üzə bildiyini açıqlayıb. Sənətçi xüsusi olaraq vurğulayıb ki, o, üç il ərzində sualtı gəmidə hərbi xidmət keçib və bu səbəbdən dəniz qorxusu yoxdur: “Məhz bu səbəbdən də üzmək və ya suyun altında qalmaq mənim üçün çətin deyil. Dənizdə fasiləsiz olaraq istədiyiniz qədər üzə bilərəm”.
Müğənni qeyd edib ki, suyun altında bir dəqiqədən çox qala bilir. Həm qızının, həm oğlunun üzgüçülük bacarığının olduğunu deyən müğənni, bunun üçün onların xüsusi təlimlər keçdiyini də qeyd edib.

Xalq artisti Aygün Kazımova da üzməyi çox sevir. O hovuzda üzməyə üstünlük verdiyini də gizlətməyib: “Uşaqlıqdan üzgüçülüyü bacarıram. Bunu peşəkar səviyyədə yox, həvəskar səviyyədə həyata keçirirəm. 2-3 dəqiqə suyun altında qala bilirəm. Fasiləsiz isə çox üzürəm, dəqiq məsafəni isə deyə bilmərəm. Dənizdə üzməyi çox sevsəm də, sakit bir yerdə kənarda dayanıb dənizi seyr etməkdən daha çox zövq alıram. Mən hər yay istirahət edəndə mütləq üzməliyəm, yoxsa istirahətimin faydası olmur”.

Xalq artisti Faiq Ağayevin fikirləri də çox maraqlıdır: “Əgər su dərin yox, dayazdırsa, burdan Nargin adasına kimi üzə bilərəm. Suyun altında 10 saniyə qalaram. İmkan yarananda dənizdə üzməyə üstünlük verirəm”.

Əməkdar artist Eyyub Yaqubov professional üzgüçülüyü bacarmasa da, buna həvəs göstərir. Müğənni dənizdə fasiləsiz 300 metr üzə bildiyini və bir dəqiqəyə yaxın suyun altında qaldığını vurğulayıb.

Həmkarları arasında üzgüçülükdə rekord göstəriciyə sahib olduğunu iddia edən Elariz Məmmədoğludur. O suallarımızı cavablandırarkən fasiləsiz iki kilometr üzmək bacarığında olduğunu bildirib. Elə suyun altında da qalmaq vaxtına görə, onu sözdə rekordçu hesab etmək olar. Müğənni bir-iki saat müddətində suyun altında qalmağı bacardığını iddia edib.

Xalq artisti Nazpəri Dostəliyeva isə üzgüçülüyü professional səviyyədə bacarır. Bunu sorğumuzda iştirak edən müğənninin özü açıqlayıb: “Hovuzda üzməyə üstünlük verirəm. Ancaq xarici səfərlər zamanı dənizdə üzürəm. Azərbaycanda dənizə getmirəm, ancaq şəxsi hovuzumda üzürəm”.
Onu da öyrəndik ki, üzgüçülüyü daha yaxşı həyata keçirmək üçün müğənni vaxtilə bir müddət xüsusi dərs də alıb.

Stilist Anar Ağakişiyev isə nə az, nə çox düz 7 il professional üzgüçülüklə məşğul olub. Bu müddət ərzində o xüsusi dərslər də alıb: “Yeddi il ərzində aldığım dərs mənə indi də kömək olur. Həmin illərdə mən hətta müxtəlif yarışlarda da iştirak etmişəm. Üç dəqiqə ərzində 25 metr üzüb qayıda bilirəm. Suyun altında iki dəqiqəyə yaxın qala bilirəm”.

Rejissor Fuad Əlişov da lap uşaqlıqdan uzgüçülüyə həvəs göstərir. Digərlərindən fərqli olaraq klipmeyker hovuzda yox, dənizdə üzməyə üstünlük verir: “Hovuzda üzmək insana bir o qədər də həzz vermir, ancaq dənizdə üzməyi çox xoşlayıram. Əsas da xarici ölkələrdə səfərdə olanda dənizə gedirəm. Əslində tez yoruluram, məcburiyyət qarşısında qalanda çox üzə bilirəm”.
Rejissor onu da açıqlayıb ki, fasiləsiz 100 metr üzür, bir dəqiqədən artıq isə suyun altında qala bilir. Uşaq vaxtı təhsil adlığı məktəbdən xüsusi üzgüçülük kursuna göndərilən rejissor indi də onun bəhrəsini gördüyünü vurğulayıb.

Keçirdiyimiz sorğu zamanı gənc müğənni Zamiqin də üzgüçülüyü professional səviyyədə öyrəndiyi və xüsusi müəllimdən dərs aldığı üzə çıxıb. O, fasiləsiz neçə metr üzdüyünü və suyun altında nə qədər qaldığını bilməsə də, bütün bunları peşəkarcasına həyata keçirdiyini bildirib.

Ayaz Qasımov isə hazırda professional səviyyədə üzmək üçün müəllimdən dərs aldığını açıqlayıb.

Gənc müğənni İlhamə Qasımova isə üzgüçülüyü professional səviyyədə yox, həvəskar səviyyədə həyata keçirir. Sənətçi fasiləsiz 5-6 dəqiqə üzə bilir, suyun altında isə ən uzağı 50 saniyə qala bilir: “Professional səviyyədə üzgüçülüyü öyrənmək istəmişəm, hətta buna cəhd də etmişəm. Ancaq bəxtimdən dörd dəfə dərsə gedəndən sonra kurs bağlanıb. Sonra qərar verdim və öz-özümə öyrəndim. Mənim üçün hovuzda üzmək daha rahatdır. Dənizdə üzəndə sahilə qayıtmaq çox çətin olur”.

Müğənni Kərim dənizdə üzməyə üstünlük versə də, tanınmış sima olduğundan bu istəyini Bakı ətrafı çimərliklərdə həyata keçirə bilmədiyinə təəssüflənir. Müğənni 100 metr fasiləsiz üzdüyünü, 10-15 saniyə isə suyun altında qaldığını deyib.

Gürcü qızı Manana da üzgüçülüyü bacarır. Müğənni üzgüçülüyün ona çox gözəl təsir bağışladığını qeyd edib.

Sorğumuzda iştirak edən bir neçə müğənni üzməyi bacarmadıqlarını etiraf ediblər. Məsələn, Nadir Qafarzadə üzməyi bacarmamağını səbirsiz olması ilə əsaslandırıb: “Mən üzməyi bacarmasam da, övladlarımı üzməyə vadar edirəm. Özüm neçə dəfə cəhd göstərsəm də, öyrənməyə hövsələm çatmır. Yəqin yaş da özünü göstərir. İndi uşaqlarıma xüsusi müəllimlər tutmuşam ki, onlar professional səviyyədə üzgüçülüyü bacarsınlar”.

Xalq artisti İlhamə Quliyeva isə bu yaşına kimi bir dəfə də olsun dənizdə üzmədiyinin açıqlayıb: “Bu yaşıma çatmışam, ancaq bir dəfə də olsun dənizdə üzməmişəm. Ümumiyyətlə bu vaxta qədər çimərlik geyimim də olmayıb. Çünki ümumiyyətlə üzməyi sevmirəm, buna həvəsim yoxdur. Dənizi sadəcə seyr etməyi xoşlayıram, bundan həzz alıram”.

Müğənni Nura isə üzməməsini özünəməxsus şəkildə əsaslandırıb: “Ümumiyyətlə bu vaxta qədər infeksion xəstəliklərdən qorxmuşam, infeksiyaya qarşı çox həssasam. Eyni zamanda dənizdən, hovuzdan iyrənirəm. Üzgüçülüklə heç aram yoxdur”.
Müğənni oğullarının üzgüçülüyü professional səviyyədə həyata keçirmələri üçün xüsusi dərs aldıqlarını da açıqlayıb.

Xalq artisti Flora Kərimova bildirib ki, üzgüçülüklə bağlı təcrübəsi çox olmasa da, özünü suda saxlaya bilir. Nurlan Növrəsli də üzgüçülüyü çox yaxşı bacarmadığını, fasiləsiz yalnız 10 metr üzdüyünü bildirib: “Suyun altında qalmağı heç xoşlamıram. Hovuzda üzməyə üstünlük verirəm, çünki dəniz adamı qorxudur”.

Müğənni Xumar Qədimova da üzməyi xoşlamayanlar sırasındadır. O ancaq xarici ölkələrdə səfərdə olarkən dənizə üz tutduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800

Oxşar yazılar