“Klan-Plan”ın solisti: “Paxıllığımızı çəkən çoxdur” - MÜSAHİBƏ
17 iyun 2009 13:00 (UTC +04:00)

“Klan-Plan”ın solisti: “Paxıllığımızı çəkən çoxdur” - MÜSAHİBƏ

Azərbaycanda beş iıdir ki, hələlik tək olan yeganə hip-hop qrupu “Klan-Plan” fəaliyyət göstərir. Hip-hopçular - Anar, Ramin, Azər, Fərid və Rüfətin cəmləşdiyi “Klan-Plan” hədəfi, məqsədi, gördüyü işlər barəsində Lent.az-a danışıb. Lent.az-ın suallarini Rüfət cavablandırır.

- Bildiyimə görə, Azərbaycanda hip-hop janrında fəaliyyət göstərən yeganə qrupsunuz. Necə oldu ki, qrup yaratdınız?

- Bizim qrup 2005-ci ildə yaranıb. Bəli, bizim fərqliliyimiz sırf replə deyil, həm də hip-hop alternativ janrında, R&B və digər janrlarda ifa etməyimizdir. Bizim birləşməyimizə gəlincə, qrupumuzdakı üzvlər, hərəmiz ayrılıqda solo ifaçılar idik. Bir məkanda görüşdük, bir araya gəldik.

- Hər işin arxasında məqsəd dayanır. Azərbaycan üçün yeni üslubda oxumaqla nəyə nail olmaq fikrindəsiniz?

- İlk əvvəl biz Azərbaycanda hip-hop mədəniyyətini yaratmaq fikrindəyik. Hip-hop mədəniyyəti deyəndə adamlar düzgün başa düşmürlər. Biz çalışırıq ki, Azərbaycana bu zövqü gətirək, dinləyicilər “palatka” mahnılarından bir qədər uzaq olsunlar. Dörd il ərzində birinci albomda beş mahnımız hit oldu. Ola bilsin, simamız tanınmırdı, lakin mahnılarımız bizdən əvvəl tanındı. Hip-hop mədəniyyəti deyəndə insanlar düzgün başa düşmürlər. Biz çalışırıq ki, bunu dinləyicilərimizə düzgün şəkildə aşılayaq.

- Dörd il ərzində nəyəsə nail ola bilmisiniz?

- Bizim “Yellən”, “Nabran”, “Şaxsey”, “Avtoş gəlin”, “Şellən” mahınısına bütün millət qulaq asır.

- Başqalarına bəsit görünən bu janrlarda əslində çox ciddi mövzular olur. Məsələn, “Dəyirman” qrupu “Ya Qarabağ, ya ölüm” ilə geniş ictimaiyyət arasında tanındı. Demək istəyirəm ki, geniş kütləyə tanınmaq üçün kütlənin maraqları yönündə çıxış olmalıdır.

- Mən sizinlə razıyam. Bizim “menyu”da hər şey var, əyləndiririk, düşündürürük.
Siyasi, əyləncəli, sosial - bütün mövzularda çıxış edirik. 7-dən 77-yə kimi yaş qrupunda olan insanların dinləyə biləcəyi mahınlarımız var...

- ...buna baxmayaraq sizi kimlər dinləyir?

- Bizə 15-30 yaş qrupunda olan insanlar qulaq asırlar.

- Vaxtilə “Dəyirman”çılar telekanalların bəzi mövzularda olan musiqilərinə qadağa qoyduqlarını iddia etmişdilər. Sizdə bu vəziyyət yaşanır?

- Bəzən olur. Bizim də bəzi çox ciddi mövzularımız var. Biz bilirik ki, bir mahnını efirə vermək olmaz. Bəzən elə şeylərə icazə vermirlər ki, dəfələrlə biz onu efirdə səsləndirmişik, lakin sonradan icazə vermirlər. Bax, belə maraqlı hadisələr də baş verir.

- Qrup arasında daxili çəkişmələr olur?

- Qrupların dağılması nəinki Azərbaycanda, dünyada da baş verir. Əlbəttə, olur, bir şeyi də deyim ki, biz qrupa necə deyərlər, qardaşlıqdan gəlmişik. Mübahisə olmalıdır, olur da.

- Sizin mahınlarınız kütləyə yayıla bilər, ola bilsin ki, sizi sevənlər çoxdur. Lakin düşünürəm ki, heç nəyə baxmayaraq siz tanınmış qrup deyilsiniz. Üstəlik də rəqibiniz yoxdur, sizi inkişafa çağıran rəqibiniz olsa, yəqin ki, beş illik fəaliyətiniz dövründə çox şey ola bilərdi.

- Ola bilər, bütün günü efirdə deyilik, bu maliyyə dəstəyinin olmaması ilə əlaqədardır. Lakin bir şeyi diqqətinizə çatdırım, “Dəyirman” yeni yaranan heç bir qrupla duet eləmir.
Bəli, o da doğrudur, bizim rəqibimiz yoxdur. Lakin hər gün Qərbi izləyirik. Qərbdən də güclü rəqib ola bilməz. Virtual da olsa, rəqibimiz var. Üçüncü albomda xarici müğənnilərlə duetlər planlaşdırmışıq. Ola bilər ki, sabah Azərbaycanda bu üslübda yeni janr yaransın. Lap yaxşı, olsun. Bizim üsluba dost olan, kömək edən insanlar azdır.

- Sizcə hip-hop janrına Azərbaycanda ehtiyac var?

- Var... Olmasa, bizim yeniyetmələr əcnəbi hip-hopçuları dinləməzdi. Ehtiyac var, sadəcə, bunu Azərbaycanda oxuyan yoxdur. Elə insan tanımıram ki, Azərbaycanda nə isə yenilik, müasirlik yaratsın. Artıq inqilab etmişik. Biz birinci albomda Azərbaycanda çox tanınan regiton janrında mahnı hazırlamışıq. Bizdən sonra bir çox müğənnilər regiton janrında oxumağa başladılar. Sintezlər, duetlər və s. biz isə bunu 2005-ci ildə etmişik.

- Siz Azərbaycan musiqisinə yenilik gətirə bildiniz?

- Gəlin, Azərbaycan musiqisinə toxunmayaq.

- Niyə? Axı, özünüzdə də dediniz ki, Qərbi özümüzünkü edib, yeni üslüb gətirmisiniz. Bu da Azərbaycan musiqisinə yenilik sayılır. Əvvəlki söhbətlərinizdən belə nəticə çıxarmışdım ki, siz əyalətdən toplanıb mərkəzdə cəmləşən ara mahnılarını sıradan çıxarmağa hazırlaşırsınız...

- Mənə elə gəlir ki, təravətləndirmək istəyirik. İnsanların musiqi zövqlərində çatışmazlıq var.

- Ara musiqilərinə qalib gələ bilərsiniz?

- Mənə elə gəlir ki, bəli. Dinləyicilərin zövqünü dəyişmək lazımdır.

- Məncə, mübarizə çətin olacaq. Gəliriniz hardandı?

- Gəlirimiz çox deyil. Yay mövsümündə disko-klublarda çıxış edirik. Toylara gedirik.

- Sizi toyda təsəvvür edə bilmirəm. Toyu necə və hansı repertuarla idarə edirsiniz?

- “İdarə edirik” deyəndə, biz ancaq disko zamanı toyda iştirak edirik. Elə olub ki, toy iştirakçıları müğənnilərin heç birinə reaksiya verməyib, lakin biz bütün milləti ayağa qaldırmışıq. Buna baxmarayaraq, “Sən və mən” və s. kimi həzin musiqilərimiz də, yaşlı dinləyicilər üçün mahnılar da var. İlk dəfə toya gedəndə fikirləşirdik ki, necə qarşılanacağıq. O vaxt bizi dostumuz dəvət etmişdi. Saat 10-da toya gələndə elə əhval yaratdıq ki...

- Sizi qısqanan, münaqişəli olduğunuz incəsənət adamları var?

- Paxıllığımızı çəkən çoxdur. Söhbət təkcə incəsənət adamları, müğənnilərdən də getmir. Elə insanlar var ki, külli miqdarda pul xərcləyir, amma heç bir şəkildə nə gördüyü iş, nə də fakturası effekt yaradır. Amma bizim bir-iki mahnı ilə ictimaiyyət arasında tanınmağımız göz qabağındadır. Piratlar bizimlə inanılmaz reytinq göstərir.
Xalq konsertlərində olmuşuq. Seçki kampaniyalarındla çıxış etmişik. Elə vaxt olub ki, səhnədən enəndən sonra kütlə ardımızca gəlib, uç min nəfərlik məkanda sevgi seli ilə rastlaşmışıq. Müğənnilərin görmədikləri sevgini görmüşük.

- Hədəfiniz nədir?

- Hər bir ifaçı Azərbaycandan kənara çıxmaq istəyir.

- Sizin janr Qərbdən gəlib. Muğamla, Azərbaycan estradası ilə Azərbaycandan kənarda tanınmağı anlamaq və qəbul etmək olar. Oxuduğunuz janrla hansı şəkildə tanınmaq olar?

- Biz milliləşdirib çıxmaq fikrindəyik. Qərbdə bizim musiqi alətlərimizdən istifadə edib hitlər yaradırlar. Onlar ən uğurlu işlərində bizim alətlərimizlə şərikdilər. Biz də Qərbə çıxmaq üçün bu metoddan istifadə edərək uğura imza ata bilərik.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494

Oxşar yazılar