Zahid Oruc: “Röyanı müsbət simvol kimi tanımıram” - MÜSAHİBƏ
22 yanvar 2010 19:45 (UTC +04:00)

Zahid Oruc: “Röyanı müsbət simvol kimi tanımıram” - MÜSAHİBƏ

Lent.az-ın “Ciddi-Ciddi” rubrikasının budəfəki qonağı Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Orucdur. Vaxtilə partiya sədri Fəzail Ağamalıdan bu rubrika üçün götürdüyüm maraqsız müsahibə fonunda cənab Orucun danışdıqları çox maraqlıdır. Ancaq vallah, bu müsahibəni yazıb bitirənə qədər o qədər əziyyət çəkdim ki... Səbəbi Zahid müəllimin ən adi məsələlərlə bağlı da çox mürəkkəb cümlələrdən istifadə edərək cavab verməsiydi. İnanmırsınızsa, oxuyun...

- Şou-biznes sahəsilə nə qədər maraqlanırsız?

- Bu, mənim maraqlarımın orbitinə daxil deyil. Çünki şounun klassik, Qərb mənasında mahiyyətilə onun doğurduğu nəticələr eyni deyil. Şou “göstəri” mənasından çıxaraq daha konkret məqsəd qoyan, bunun içərisində də etik dəyərləri aşağılayan, özü üçün prinsip tanımayan və bizim cəmiyyətdə, ictimai həyatda mənfi kimi xarakterizə etdiyimiz meyarları ekrana daşıyaraq onun əsasında hansısa bir mentallıq formalaşdırmaq istəyən bir sahəyə çevrilib. Bu sferada çalışan insanların bir çoxu isə cəmiyyət tərəfindən simpatiya qazanmamış insanlardır. Ona görə də, dediyim kimi, şou-biznesi hədəflərim sırasında saymamışam və pult əlimdədirsə, bu halda onları öz efir menyumdan kənarlaşdırıram.

- Ancaq hər halda, yəqin şou-biznes hər kəs kimi Sizin də maraq dairənizə hücum edir...

- Əlbəttə, virusun yoluxdurma gücü böyük olur. Mən həmişə düşünmüşəm ki, radio və televiziya yaranandan millətin formalaşmasında ən böyük silaha çevrilib. Zaman-zaman bu fikri söyləmişəm ki, ABŞ birinci İraq savaşı dövründə bir İraq əsgərini silahla neytrallaşdırmağa 3500-4000 dollar xərc çəkməyi hesablamışdısa, informasiya vasitəlilərilə onları psixoloji cəhətdən neytrallaşdırmağa 300 dollar xərcləməyi yəqinləşdirmişdi. Deməli, televiziyaların bu silah keyfiyyətindən müsbət istifadə olunsa, biz həqiqətən də son dərəcə güclü dəyərlər sistemini oturuşdura bilərdik. Bunun əsasında da cəmiyyətin can atdığı hədəflər də yüksək, üstün olardı. Ancaq bu gün əgər formalaşan gənclik və xüsusilə də məktəb yaşlı uşaqlar ekrana bu insanın daim yüngül musiqi, yüngül oranjirovkalar nəticəsində toylardan keçib gəlib ekrana çıxdığını, özlərinə meydan qazandığını, bununla da “krallıq” rütbəsinə yüksəldiyini görürlərsə, həmin vətəndaşların keyfiyyətində formalaşmış dəyər bundan ibarət olacaq. Biz az qala hər gün yeni-yeni “star”ları görürük və bu, pis təsirlər yaradır.
İndi Rusiya da daxil olmaqla bir sıra MDB məkanı ölkələrinin televiziyalarına baxanda əmin olursan ki, sanki bir qəlib modeldən çıxan, eyni üslubu təkrarlayan və hətta vahid mərkəzin ssenarisi əsasında reallaşdırılan layihələr mövcuddur. Rusiyanın bir telekanalında vaxtilə bizim telekanalda gedən “Qəfəs” verilişinin bir variantını görmüşəm. İnsanlar beş-altı ildir o “Qəfəs”də yaşayırlar. Əslində bu, Rusiyanın böyük bir hissəsinin qəfəsə salınması deməkdir. Çünki o qəfəsdəki insanların danışıqları, jestləri, ümumilikdə həyat tərzlərini öz cəmiyyətlərində tətbiq etməkdədirlər.

- Televiziyaların silah keyfiyyətindən Azərbaycanda kim və nə üçün mənfi mənada istifadə edir?

- Mən kənar amillərdən danışdım, təsirləri vurğuladım. Xatırlayıram ki, ən müxtəlif layihələr beynəlxalq təşkilatlar tərəfindən dəstəklənirdi və onlara müxtəlif formalarda maliyyə yardımları edilirdi. İndi artıq təəssüflər olsun ki, ölkə daxilində belə qüvvələr yetişiblər ki, bu işi özləri dırnaqarası yüksək səviyyədə həyata keçirə bilirlər. Biz onu vurğulamalıyıq ki, efirdə olanlar bütövlükdə cəmiyyətə görünür. Biz bilirik ki, bu telekanallarda bir təsir balansı onların xeyrinə dəyişirsə, bu balans cəmiyyətdə də olur. Həmin şəxslərin sıra sayları sizə aydındır. Onlar millət üçün yaradıcı, gələcəyə xidmət edən və tarix üçün önəmli olan heç nə istehsal eləmirlər. Onların dünən yaratdığını biz bu gün unuduruq. Ona görə də konkret adla demək artıqdır, çünki onlar demək olar ki, hər gün ekranlarımızdadır. Düzdür, yeni-yeni müəyyən intellektual verilişlər başlandı verilməyə, ancaq hələ ki, onların səsi zəif eşidilir və az insanları öz tərəflərinə çəkə bilirlər.
Bir əsgərin adı, onunla bağlı məlumatlar cəmiyyət üçün önəmlidir, yoxsa hansısa bir toy müğənnisinin həyatı, evi, məişəti, istifadə etdiyi aksessuarlar? Biz indi vətəndaşa nəyi təlqin eləyiriksə, sabah da onu alacağıq.

- Bütün bunların yekunu olaraq demək olarmı ki, Azərbaycan şou-biznesi Sizi maraqlandırmır?

- Maraqlanmağım üçün o gücü və səviyyəni qazanmayıblar.

- Müğənni Röyanı tanıyırsız?

- (azca fikirləşir) Müsbət bir simvol kimi tanımıram.

- Bəs necə bir simvol kimi tanıyırsız?

- Deyə bilmərəm, o simvolu konkretləşdirmək istəmirəm. Ancaq bir onun üzərində dayansaq, bizim diskussiyamız kiminsə əleyhinə olan kimi görünəcək. Bir şeyi deyə bilərəm ki, onun (Röyanın – P.A.) bir funksiyası var, onu da daşıyır. O, böyük bir hərəkatın içərisindədir və onlar böyük bir dəstəyə çevriliblər. Hesab etmirəm ki, onlar quruculuq missiyasındadırlar. Ancaq onların auditoriyası bir çox siyasətçilərdən böyükdür.

- Məncə, Siz elə düşünürsünüz ki, Röya haqqında dediyiniz neqativ bir söz birdən onun xoşun gəlməz, bir cavab qaytarar, əleyhinizə danışar, ona görə də bu müğənnini xoşlamasanız da belə ürəyinizdəkiləri dilə gətirmirsiniz, çəkinirsiniz...

- Mən bu polemikanı, müsahibəni kiməsə qarşı yönəldib fikirlərimin bu dərəcədə önəminin aşağılanmasını istəmirəm.

- Heç müğənnilərin konsertinə gedirsiniz?

- Olub. Bir neçə dəfə müxtəlif rəsmi tədbirlərdə iştirak edərkən orada həm də konsert verilib. Həmçinin, yubileylərdə olarkən incəsənət tədbirinin iştirakçısına çevrilmişəm. Sonuncu dəfə hörmətli Zəlimxan Yaqub haqqında çəkilmiş filmin prezentasiyasında iştirak etmişəm. Sözün düzü, onların bir çoxundan mənəvi zövq almışam.

- Sualıma cavab vermədiniz, ona görə də onu təzədən səsləndirəcəyəm. Ancaq əvvəlcə başqa sual: bayaq haqqında neqativ danışdığınız “toy müğənniləri” dövlət tədbirlərinin hamısına qatılır. Bunu necə qarşılayırsınız?

- Bilirsiniz, dövlət tədbirləri də istənilən bir halda cəmiyyətin efir menyusunda olan insanlardan tərtib olunmalı olur. Bu, sadəcə böyük istəkdən, onlara qarşı böyük hörmətdən irəli gəlmir.

- İndi isə xahiş edirəm bayaq verdiyim sualı cavablandırın. Müğənnilərin konsertinə gedirsinizmi? Məsələn, kimsə öz konsertinə bilet göndərir, yaxud özünüz gedib bilet alırsınız...

- Elə imkanlarım çox az olub. Bilavasitə biletlə gedib şəxsən qatıldığım konsert bircə dəfə olub. Bu, Alimin konserti idi. Konsertlərə getməməyim açıq desəm, mənim zaman qrafikimlə bağlıdır, zövqümlə əlaqəli deyil. Onsuz da həyatımda yüksək, elitar musiqiyə, klassik və yaradıcı mahnılara yer var.

- Təkcə zaman probleminiz var? Belə çıxır ki, bilet almaq üçün maddi probleminiz yoxdur...

- Yox, əlbəttə yoxdur. Məncə bilet üçün maddi problem olmazdı.

- Maddi durumunuzla bağlı da danışacağıq, ancaq indi başqa sualım var. Tamaşalara gedirsinizmi?

- Xeyr, getmirəm. Təəssüflər olsun ki, buna da zamanım az olur. Keçmiş dövrlərdə tamaşalarda olmuşam. İndi hərdən evdə balacalar çox ciddi tələblərlə çıxış edirlər ki, onların hədəfində olan müəyyən tədbir, yaxud tamaşalara aparım. O halda belə, həmin tədbirlərdə özüm iştirak edə bilmirəm.

- Yəqin sirkə aparmağınızı da tələb edirlər?

- Əlbəttə.

- Siz də uşaqları göndərirsiniz, ancaq özünüz getmirsiniz?

- Bəli. Sözün açığı, özüm heç vaxt sirkdə olmamışam.

- Sirk maraqlı deyil?

- Əvvəla, həmişə televiziya ekranından izləmişəm. Təbii, siz deyəcəksiniz ki, ekranla canlı görmək bir deyil. Bəzən elə həyatda da insanların hansısa oyunlarını müşahidə edirsən də...

- Millət vəkili kimi nə qədər maaş alırsınız?

- 1700 manat.

- Bir aya bəs edirmi?

- Hər bir halda Azərbaycanın gerçək imkanları fonunda optimal sayıram. Həmişə belə bir düsturdan çıxış edirəm ki, millətin orta təbəqəsilə deputat arasındakı imkan fərqi böyük olmasın. Xalqın sosial şəraiti yüksək olanda millət vəkilinin təminatları da artacaq.

- Yəni bu maaş bəs edir?

- Belə demək olar... Pul, əlbəttə, elə bir varlıqdır ki, onun çoxluğundan heç kəs şikayət etmir. Mənim həmişə bir formulum olub: pulu qazanmaq üçün sərf etdiyin enerji və fiziki imkanlarını sonra qazandığın pulla geri qaytara biləcəksənmi? Bəzən adamlar pul qazanmaq üçün o qədər xəstələnirlər ki, sonra həmin qazanılmış pula o xəstəliyin müalicəsinə də çatmır. Mən həmişə elə yaşamışam ki, pulu qazanmaq üçün xəstələnməyim.

- Deputat maaşından başqa qazancınız var?

- Əlbəttə, müəyyən hallarda olub. Amma bu gəlirlər də xüsusi kriminal xarakterə malik deyil. Hər hansı bir halda müəyyən addımlarımdan yaşam imkanımızın təminatı üçün çox normal, qanuni vasitələrimiz də olub. Ancaq bunlar geniş deyil. Bəribaşdan onu söyləyim ki, hər hansı bir özəl ticarət mərkəzinin, hətta kiçik bir mağazanın, hətta kiçik bir alqı-satqı yerinin sahibi deyiləm. O cümlədən, ötən dövr ərzində təmsil etdiyim Bərdə bölgəsində nə özümün, nə hər hansı bir köçkünün, qaçqının, yaxud hansısa doğmalarımın adına şərti, pərdələnmiş yerin, ünvanın, gəlir gətirən xüsusi hər hansı bir əmlakın, məkanın sahibi deyiləm. Rəsmi olaraq bunu bəyan edirəm. Əgər kimsə bunu müəyyənləşdirəcəyi təqdirdə, onu həmin şəxsə təntənəli şəkildə təqdim etməyə və bu sözümün yanlış çıxdığı üçün ondan üzrxahlıq etməyə hazıram.
Lakin həyatda ayaqda qalmaq, olan etimadı doğrultmaq, ən müxtəlif xarakterli müraciətləri cavablandırmaq, millətimizin həyatında olan xeyir-şərdə iştirak etmək üçün gərəkən çox normal, optimal yollardan da bəzən istifadə etməyə çalışmışam.

- Konkretləşdirək, maaşdan başqa gəliriniz hardandır?

- (bir qədər fikirləşir) Bilirsiniz,... ola bilər ki, mənim doğmalarım...

- Zahid müəllim xahiş edirəm, “ola bilər” yox, konkret danışın.

- Hər hansısa doğmalarım bir yerin, bir nəyinsə sahibidirlər. Və onların işi reallaşdırmasında mən də hər hansı bir yardım göstərmişəm. O mənada, həmin addımlardan mənim də həyatıma müsbət təsirlər olub. Ancaq siz soruşacaqsız ki, “kimsə bir torpaq alıb-satıb və mənim qazancım da bunun üzərindəmi olub?”... Gəlin bunun üzərində çox dayanmayaq.

- Yaxşı... Mən bilən şəxsi avtomobiliniz var?

- Bəli, var.

- Hansı markadır?

- “Mercedes E-CLASS 280”-dir.

- Bu maşını nə vaxt almısız?

- İki ilə yaxındır.

- Ancaq təbii ki, buna qədər də avtomobiliniz olub...

- Bəli, o da “Mercedes” idi. Sadəcə ili köhnə idi.

- Sürücünüz də var...

- Şübhəsiz, var.

- Özünüz sürə bilirsiz?

- Xeyr. Ancaq bəzi hallarda idarə etmişəm. Ancaq açıq desəm, bizim beynimiz daim böyük siyasi yüklərlə dolu olur. Hərdən özümü kompüterlərə bənzədirəm. Düşünürəm ki, biz konkret olaraq öz funksiyamızı yerinə yetirsək daha yaxşı olar. Hər kəs peşəkar bildiyi işdən yapışmalıdır. Əgər bu funksiyanı peşəkar daşıya bilən insan varsa və onun xidmətindən yararlanmaq olursa, o sükanın arxasına əyləşmə nəyə gərəkdir? Açığı deyim ki, peşəkar şəkildə sükan arxasına keçmək fikrində də olmamışam. Sükan arxasına keçmək həm qarşı tərəfə, həm də özümə müəyyən risklər gətirərdi.

- Yol polislərilə aranız necədir? Yəqin avtomobildə Sizin əyləşdiyinizi bilməyib saxlayanlar da olur.

- Dəfələrlə olub belə hallar. Maşınımızı saxlayıblar. Bu, içəridə özüm olan halda da olub, yaxud sürücü özü idarə edən zaman olub. Hər bir halda onlardan özümüzə qarşı çox böyük hörmət görmüşük. Həmişə “nə qulluq?” deyə münasibətlərini izhar ediblər. Hətta elə olub ki, özüm maşından düşərək başqa maşının sürücüsünə həyan olmaq üçün müvafiq addımlar atmaq istəyərkən sözümüzü uca tutublar, bizi eşidiblər. Bu mənada, onlardan razıyam.

- Deməli, sürücünüz qaydanı pozanda da yol polisləri güzəştə gedib...

- Olub belə güzəştlər. Məsələn, sizin televiziya kanallarında işləyən həmkarlarınız 10 dəqiqə ərzində efirə çatmaq məcburiyyəti qarşısında qoyublar bizi. Bu mənada, yol hərəkəti qaydasından qırağa çıxmalı olmuşam. Həmin halda da yol polisinin işçiləri bizə sayğı göstəriblər. Amma elə hallarla da qarşılaşmışıq ki, bəzən onlar qaydanın pozulmadığı halda səlahiyyət hədlərini aşıblar. Həm bizim maşına qarşı, yaxud kimlərəsə qarşı. O halda da sərt reaksiyalarımızı göstərmişik, bunu da süngüylə qəbul etməyiblər. Yaxud, yaxın insanlar qarşılaşdıqları məsələ ilə əlaqədar bizdən kömək umublar, bu halda da müvafiq addımlar atmışıq.

- Konkret Sizə qarşı hüquqpozmalar, qanun pozuntuları olub?

- Haqsızlığa məruz qaldığım hallar olub, dəfələrlə olub. Şəxsi insani münasibətlərdə də, parlament fəaliyyətini apararkən də olub. Təmsil etdiyim bölgədə də keçmiş dövrlərdə bəzən hansısa haqsızlıqlarla qarşılaşmışam. Amma indiki zamanda təmsil etdiyim Bərdə rayonunda həm sadə insanlarla, həm də idarəetmə orqanlarının əməkdaşları ilə yüksək anlaşma şəraitində işlərimiz olub. Haqsızlıq olanda isə, bütün bunların hamısını çox böyük səbrlə, insani keyfiyyətdə tənzimləmək istəmişəm.

- Bayaqdan Sizin mobil telefonunuza iki-üç zəng gəlib, elə növbəti sualım da telefonlarla bağlıdır. Mobil telefonla aranız necədir?

- Normal.

- Mobil telefon dostunuz ola bilib?

- Mühüm bir kommunikasiya vasitəsidir, artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Düzdür, telefon bəzən problemlər də yaradır, ancaq millət vəkilini telefondan kənarda təsəvvür etmək çox çətindir.

- Telefon Sizə nə problemlər yaradır?

- Bəzən arzuolunmaz zəngi də almalı oluram.

- Sizin telefon nömrənizə səhv düşən olur?

- Olur.

- Səhv düşüb nə deyirlər?

- Tutaq ki, kimisə axtarırlar, səhv düşürlər. Millət vəkilinin telefonu toxunulmaz deyil ki. Qarşı tərəf də insandır, şəbəkə isə açıqdır. Belə olanda məsələni qarşılıqlı anlaşma yoluyla həll edirik.

- Elə adam var səhv düşür, ancaq əl çəkmir...

- Elə də olur... Çalışırıq ki, xilas olaq.

- Zəng vurub nə deyir axı belə adam? Deyir ki, tanış olmaq istəyirəm?

- Yox... Gəlin bu məsələni konkretləşdirməyək. Ancaq açığı belə hal da olur. Çünki millət vəkilinin həyatına maraq böyük olur – müxtəlif təbəqəyə aid olan insanlar tərəfindən.

- Aydındı. Telefonunuzun markası hansındandı və qiyməti nə qədərdi?

- Telefonumun markası “Nokia 6500”dır, qiyməti 300 manatdan çox deyil.

- Telefondan yalnız danışmaq üçün istifadə edirsiniz, yoxsa SMS yazmaq, oyun oynamaq və digər bu kimi xidmətlərdən də istifadə edirsiz?

- Müxtəlif bayramlarda SMS-lə təbriklər alıram, az hallarda bu təbriklərin SMS qarşılığını verməli oluram. Bəzən hətta xarici ölkələrdən də bu cür SMS-lər alıram. SMS-ləri bayram vaxtı yox, adi vaxtlarda da, məsələn, televiziyada hansısa bir çıxışıma görə də alıram, reaksiyalar olur. Ümumilikdə telefonun məhdud imkanlarından istifadə edirəm. Oyun mənim işim deyil.

- Deməli, yalnız danışır və SMS yazırsınız.

- Daha çox SMS alıram, nəinki yazıram. Daha çox isə zəng alıram. Siz indi özünüz də bunun şahidisiniz (həqiqətən də müsahibə vaxtı Zahid müəllimə təxminən beş dəfə zəng gəldi. O da bu zənglərdən ikisinə cavab verdi).

- Kontura ayda nə qədər pul xərcləyirsiniz?

- (bərkdən gülür) Çox maraqlı sual oldu... Açığı, həyatımı hədsiz ekonomik sistemdə yaşayan insan deyiləm. Yəni, gündəlik xərclərini hesablayanlardan deyiləm. O mənada yox ki, imkanlarım böyükdür və buna nəzarət eləmək çətindir. O mənada ki, sadəcə həyat tərzim, iç dünyagörüşüm və həyat formulum belədir. Buna görə də telefon xərclərimi də hesablamıram. Bəlkə siz bundan sonra mənə aylıq telefon xərclərini hesablatdırdınız.

- Hər halda təxmini xərcləri bilmək olar... 1000 manatdı, 100 manatdı?

- Yox, qətiyyən! Hər halda bu xərc 100 manatdan çox olmaz.

- Telefonunuzda yəqin ki, “bluetooth” var?

- Bəli.

- İstifadə edirsiniz?

- Heç zaman istifadə etməmişəm. Ancaq bir dəfə övladım bu xidmətdən istifadə edərək müəyyən addımlar atıb. Yaxın doğmaların şəkillərini mənim telefonuma köçürüb. Bu xidmətin nə olduğunu bilirəm, amma ehtiyacım olmayıb.

- Onda belə çıxır ki, telefonunuzun “bluetooth”u həmişə bağlı olur?

- Demək olar ki, hə.

- Telefonunuzda internet açıqdı?

- Xeyr.

- Hər halda evinizdə internetə qoşulmuş kompüteriniz var?

- Bəli, var. Mənim şəxsi noutbukum var. Xarici ölkələrə gedəndə də ondan istifadə etməyə çalışıram. Həmçinin, yerimdə xəbərləri izləyirəm. Həm xarici KİV-ləri, saytlardakı analitik materialları, müxtəlif sənədləri, kitabları və s. oxuyuram.

- Yəqin e-maliniz də var?

- Şübhəsiz.

- Bəs “facebook” və “odnaklassnik” kimi saytlarda necə, qeydiyyatdan keçmisinizmi?

- Xeyr, keçməmişəm. Mənə bu yaxınlarda sizin həmkarlarınızdan biri söylədi ki, “facebook”da varam. Yəqin kimsə mənim adımdan qeydiyyatdan keçib. Yəni əslində “facebook”dakı şəxs mən deyiləm.

- Bəs Sizin adınızdan başqasının danışmasından narahat olmursunuz?

- Açığı, bilmirəm nə xarakterdə danışırlar, bu məsələ nə cürdü. Heç açıb baxmamışam da. Buna qarşı mübarizə metodu yoxdu ki.

- Heç ömrünüzdə bir dəfə də olsun “çat”a girmisiniz?

- Xeyr. Mən bilirəm ki, “çatlaşmaq” nədir, ancaq bundan heç vaxt istifadə etməmişəm.

- İstifadə etməmisinizsə, hardan bilirsiniz?

- Ən azından mobil telefonumda da o xidmətin yeri var və internet resurslarında da var. Ümumiyyətlə, mən həmişə informasiya kommunikasiya texnologiyalarına maraq göstərmişəm, ona görə də bilirəm ki, “çat” nədir. Ancaq heç vaxt istifadə etməmişəm. “Çat”a girməyi etiraf etmək nə qədər böyük bir məsələdi ki, onu edim və sizə söyləməyim?!

- Hər halda maraq göstərərək “görüm “çat” nədi?” deyib bir dəfə də olsun istifadə etmək pis olmazdı...

- Yanımda baş verib, mən bilirəm bu nədir.

- Sizin yanınızda kimsə “çat”a girib?

- Bəli.

- Deputatlardan biriydi?

- (gülür) Sizin müsahibəniz hərdən kriminal axtarış xarakteri daşıyır...


Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293

Oxşar yazılar