Ukraynanın Odessa vilayətində 50 yaşlı qadın mirası bölüşməmək üçün qardaşını öldürmək istəyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, Avanqardska icmasının sakini “sifariş”i yerinə yetirmək üçün tapdığı qatillərə 20.000 UAH (təxminən 818 manat) təklif edərək, onları işə götürüb.
Qadın “killer”lərə qardaşı haqqında məlumat verib və qeyd edib ki, qətlin üsulu onun üçün fərqi yoxdur, amma nəticə önəmlidir. Daxil olan məlumat əsasında polis mülki geyimdə əməliyyata başlayıb. Əməliyyatçı “killer” rolunda çıxış edib və qadına “görülən işin sübutunu” göstərən kimi o, vəd etdiyi məbləği onlara verib. Bundan sonra o, polis tərəfindən saxlanılıb.
Qadının qəsdən adam öldürməyə hazırlaşmaqda şübhəli bilindiyi qeyd olunur və onu ömürlük həbs cəzası gözləyir.